‘Bir neçə zabitin dələduzluğuna görə ordunu nüfuzdan salmaq olmaz’

‘Bir neçə zabitin dələduzluğuna görə ordunu nüfuzdan salmaq olmaz’
Bütün Xəbərlər
12:01 23.01.2013
1662

“Orduda son baş verən hadisələrlə bağlı hüquqi qiymət lazımi səviyyədə verilib”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Aqil Abbas söyləyib. Onun sözlərinə görə Azərbaycan ordusunda baş verən hansısa bir hadisənin ictimai müzakirəyə çıxarılması düzgün hal deyil:

“Dünyanın ən güclü ordularından biri Türkiyə ordusu sayılır. Orda da bu cür hadisələr baş verir. Təkcə Türkiyədə deyil ABŞ-da və Avropa ölkələrində bu cür hallarla qarşılaşmaq olar. Ümumilikdə ordu böyük bir ailədir. Mən ordu əlehinə danışmağı sevmirəm. Bir neçə zabitin dələduzluğuna görə ordunu nüfuzdan salmaq olmaz. Orduda son baş verən hadisələrlə bağlı hüquqi qiymət lazımi səviyyədə verilib. Bizim ən böyük problemimiz bilirsiz nədir? Mətbuat hansısa bir neqativ halı işıqlandırır və hərbi prokurorluq bu neqativ halla bağlı hüquqi addım atanda bu xəbəri lazımi səviyyədə dərc eləmir. Orduda çatışmazlıq var. Bunu hamı bilir. Amma 20 ilin ordusundan 100 illik ordunun gücündə olmasını gözləmək olmaz”.

Millət vəkili Azərbaycanı qarşıda prezident seçkilərinin gözlədiyini və bu hadisələrin seçki ərəfəsində baş verməsinin təsadüfi olmadığını bildirib:

“Təbii ki, bu il seçki ilidi. Rusiyanın, İranın bizə qarşı olan münasibəti ortadadı. Avropada da müəyyən dairələrin marağı var ki, Azərbaycanda ara qarışsın. Burada təsadüfi bir şey yoxdur”.

Aqil Abbas ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı videomateriallarla bağlı öz fikirlərini bildirib. O, cinayət işinin davam etdiyi bir vaxtda məsələyə münasibət bildirməyin əlehinə olduğunu qeyd edib:

“Cinayət işi yekunlaşmamış bu məsələyə münasibət bildirmək düzgün deyil. Məsələylə bağlı komissiya yaradılıb və bu komissiya işini görür. Hansısa bir məsələyə münasibət bildirmək üçün ilk növbədə o işin yekununu gözləmək lazımdır”.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR