Birinci kurs tələbələrinin yaşadığı əsas problem -“Universitetlər bunu etməlidir”

Birinci kurs tələbələrinin yaşadığı əsas problem -“Universitetlər bunu etməlidir”
SOSİAL
11:53 10.08.2026
222
Məktəblilərin ali təhsil müəssisələrinə qədəm qoyması onların həyatında yeni və mühüm bir mərhələnin başlanğıcı hesab olunur. 

Lakin sinif otaqlarından auditoriyalara keçid birinci kurs tələbələri üçün hər zaman gərginliksiz ötüşmür. Bir çox gənc tələbəlik həyatının ilk aylarında gözlənilməz adaptasiya çətinlikləri və psixoloji gərginliklə üz-üzə qalır.

Maraqlıdır, universitetlərimiz birinci kursa qəbul olan gənclərin mühitə uyğunlaşması və məlumatlandırılması üçün yetərli addımlar atırmı?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bəzi ali təhsil ocaqlarında bu istiqamətdə artıq müsbət təcrübələr mövcuddur:

"Biz bilirik ki, artıq qəbul olunmazdan əvvəl abituriyentlər, yüksək nəticə göstərən gənclər və tələbə olmaq arzusunda olanlarla tanışlıq görüşləri keçirilir. Bu addım universitetin gələcək fəaliyyəti üçün də önəmli rola malikdir. Eyni zamanda, birinci kursa gələnlər üçün böyük motivasiyadır. Onlar artıq universitetin yolunu bilir, mühitlə tanış olur, professor-müəllim heyəti və tanınmış məzunlar haqqında ilkin məlumatlar əldə edirlər. Düşünürəm ki, bu ənənənin Azərbaycanda daha geniş şəkildə tətbiq olunması yaxşı olardı. Düzdür, ölkəmizdə bir-iki universitet var ki, bu mərhələləri həyata keçirir, yüksək bal toplamış abituriyentləri cəlb etmək üçün tanışlıq görüşləri təşkil edir. Amma hər bir universitet öz məzunları və müəllim heyəti haqqında ətraflı məlumatlar paylaşsa, bu, tələbələrdə çox yaxşı təəssürat yaradar".

Məzahir Məmmədli qeyd edib ki, xüsusilə bölgələrdən gələn tələbələr üçün keçid dövrü daha gərgin keçir:

"Xüsusilə kənd və rayonlardan gələn abituriyentlər birinci kursa daxil olanda keçid dövründə mueyyən gərginliklər yaşayırlar. Çünki onlar universitet mühitinə yenidirlər və bu şəraitə tam bələd deyillər. Yaxşı olardı ki, hər bir universitetin geniş məlumat bazası və yenilənən saytı olsun. Tələbə universiteti seçəndə ora məlumatlı gəlsin; bilsin ki, bu ali məktəbdə hansı tanınmış alimlər dərs deyir, məzunları kimlərdir və beynəlxalq əlaqələri nə dərəcədədir. Yəni, təəssüf ki, bizdə bu proses hələ o səviyyədə inkişaf etməyib ki, tələbə universitete qədəm qoymadan tam məlumatlı olsun. Bir neçə universitet var ki, onların rektorlarının fəallığı və güclü PR komandaları sayəsində bu iş qurulub. Amma təəssüf ki, bunu bütün universitetlərə şamil edə bilmirik".

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR