Yeni tədris ili ilə birlikdə minlərlə azyaşlı məktəbə qədəm qoyur. Bu, həm uşaqlar, həm də valideynlər üçün həyəcanverici və bir o qədər də məsuliyyətli bir dövrdür. Mütəxəssislər bildirirlər ki, uşaqların məktəb həyatına uğurlu başlaması, onların gələcək təhsili və psixoloji inkişafı baxımından olduqca önəmlidir. Bu mərhələdə valideynlərin rolu isə əvəzsizdir.
AZXEBER.COM övladını birinci sinifə yola salacaq valideynlərin əsasən nələrə diqqət etməli olduğunu araşdırıb.
Burada ilk növbədə uşağınızın məktəbə psixoloji olaraq hazırlanması dayanır.
Uşağın məktəbə adaptasiyası üçün onu qorxutmaqdan və ya həddən artıq gözləntilər qoymaqdan çəkinin. Məktəbi maraqlı və öyrədici bir yer kimi təqdim etmək, onun marağını artıracaq.
Digər məqam isə düzgün gündəlik rejiminin yaradılmasıdır. Yuxu və qidalanma rejimi uşağın məktəbdə özünü rahat hiss etməsinə kömək edir. Gec saatlara qədər oyaq qalmasına icazə verməyin və sağlam səhər yeməyi vərdişini formalaşdırın.
Məktəb ləvazimatlarını birlikdə hazırlamaq onlara rahatlıq bəxş edəcək. Uşağın çantasını onunla birgə hazırlamaq və məktəb əşyalarını seçməsinə imkan vermək övladlarınızda məsuliyyət hissini inkişaf etdirəcək.
Müəllimlərlə sıx əlaqədə olmaq da bu ərəfədə köməyinizə çata biləcək amillərdəndir. Uşağınızın məktəbdəki inkişafını izləmək üçün müəllimlərlə daimi ünsiyyət saxlayın. Qarşılıqlı əməkdaşlıq uşağın adaptasiya prosesini asanlaşdırır.
Uşağınız bu mərhələdə narahat, yorğun və ya hətta istəksiz ola bilər. Bu zaman ona anlayışla yanaşın, hisslərini bölüşməsi üçün şərait yaradın. Səbirli və anlayışlı olun.
Ev tapşırıqlarını uşağınızla birlikdə yoxlamağınız faydalıdır, amma onun əvəzinə yerinə yetirmək gələcəkdə asılılıq yarada bilər. Dərslərinə yardım edin, amma öyrənməsini əngəlləməyin.
Mütəxəssislər qeyd edirlər ki, uşaqlar üçün məktəb yalnız təhsil yeri deyil, həm də sosial bacarıqların, məsuliyyətin və müstəqil qərarvermə qabiliyyətinin formalaşdığı bir mühitdir. Bu səbəbdən valideynlərin rolu motivasiyaedici və dəstəkləyici olmalıdır.
Aysel Hacızadə