Biz böyüklər hər zaman aldadırıq - Eldəniz Elgün yazır
KÖŞƏ
12:18 18.09.2012
2489
Eldəniz Elgün, pat.azBir uşaq şəkili görmüşəm. Yanaqları alma kimi,təbəssümü pərdəli ,gizli,uşaq səmimiyyəti ilə bir ağrını gizlədəcək gücdə. Çox baxa bilmirəm o şəkilə. Amma hər gündə baxıram. Əllərində bir gül dəsti tutub. Amma o gül çox tikanlı və onun üçün dəyərsizdi. Baxışları adamın baxışlarına zillənir. Qara gözlər, qıyıq çərçivələr və o gözlərin dərinliyində bir təklik görürəm. O dərinlikdə nə ana , nə ata, nə də doğma heç nə yoxdu. O dərinlikdə bir böyüklük, bir tənhalıq, sadəcə qardaşına, “bu gündə ağlama”-deyən təskinlik var.O gözlər hər gün məni dəli edir. Bilmirəm kimə nifrət edim və nədən edim. Amma yenə o baxışlar mənə sadəcə baxmağı və susmağı öyrədir. İllər öncə 6 ay anamı görmədim,dəli kimi hər axşam yorğanı başıma çəkib ağlayar, səhərlər isə o şəkildə ki oğlan kimi hamının üzünə təbəssümlə baxardım. Görən axşamlar o da ağlayır? Bu sualı belə verəndə özümdən qorxub,şəkilə daha baxmayacağımı deyirəm. Amma o şəkilə baxanda saflaşıram, bütövləşirəm, onu kimi oluram,bəlkə də buna çalışıram. Və hər axşam qızım Leluşu qucaqlayıb yatıram. Amma tər içində yuxudan oyanıb,Leluşdan kənarda durub, sonra səhərə qədər mətbəxdə vaxt keçirirəm. Bəlkədə Leluş qucağımda şirin-şirin yatıb,arada əlini üzümdə gəzdirib, “ata”-deyib gülümsəməsindən qorxuram. O,da yuxuda gülümsəyir, əlini bir üzə toxundurmaq istəyir və yuxudan oyanıb...qardaşını qucaqlayıb,onun əlini öz üzündə gəzdirir. Özünün istədiyini ona yaşadır. Səhərin açılmasını gözləyirəm ki, o şəkilə salam verim. Nədən,bunu bilmirəm.Arada tanımadığım bu cür dostların nə qədər olduğunu fikirləşəndə fikirləşəməyə də nifrət edirəm. Həmin gün onun ilk dərs günü idi. Hamı kimi o da hamı olmaq istəyirdi. Amma bilirdi,onda biri var,biri yox. Bəlkə də heç nə yox idi. Bəlkə də onda hamısı varıydı. Amma yenə axtarırdı. Gülürdü, sevinirdi, zəngin səslənməsini istəyirdi...hə ən çox zəngin səslənməsini istəyirdi. Onda hərə bir tərəfə qaçacaq, hamı ona oxşayacaqdı. Hərə də biri olacaq,bəlkə də olana da fikir vermədən hamı yeni həyatın zövqünü yaşamağa yüyürəcəkdi.Bu gün dostum sənin şəkilinə daha baxmamaq qərarına gəldim. Səni görməmək üçün yox.Sənin böyük olduğunu görmək üçün. Sənin son zəngdə ki, şəkilinə baxacağam bir də...Bir də sənin bir uşaq şəkilinə baxıb ,o şəkilə daha baxmayacağını deyib, öz övladını qucaqlayıb əlini üzünə toxundurduğun günü gözləyəcəyəm. Bax onda səndə əlini övladının üzünə sürtərsən. Çünki biz hər zaman uşağıq. Mənim ruh qardaşım...