Azərbaycan müxtəlif dinlərin və etnosların nümayəndələrinin mehriban şəraitdə yaşadığı tarixi məkan olaraq, bu gün dünyanın ən tolerant ölkəsi kimi tanınır. Dini və etnik çoxluğu Azərbaycan dövləti və xalqı üçün problem deyil, əksinə, bir zəngin xəzinədir ki, onu da insanlarımız bu günədək qoruyub saxlayıblar. Tarix boyu baş vermiş müharibələrdə, mürəkkəb siyasi situasiyalarda ölkəmizdə yaşayan müxtəlif dinin daşıyıcıları və etnosların nümayəndələri bir-birinə dəstək verib, ümumi düşmənə qarşı bir səngərdə vuruşublar. Məhz bu özəlliyilə Azərbaycan sözün həqiqi mənasında dünyanın digər çoxkonfessiyalı və polietnik ölkələri üçün nümunə təşkil edir. Bu gün artıq Azərbaycan dünyada hüquqi, dünyəvi, demokratik, insan hüquq və azadlıqlarının tam təmin edildiyi bir dövlət kimi qəbul edilir. Ölkəmizdə Konstitusiya səviyyəsində dini etiqad və vicdan azadlığına təminat verilib, eyni zamanda, beynəlxalq standartlara uyğun mövcud qanunvericilik çərçivəsində dini fəaliyyətə heç bir məhdudiyyət tətbiq olunmur. Son illər Azərbaycanda onlarla məscidin, ibadətgahın dövlət vəsaiti hesabına təmir edilməsi və ya yenidən qurulması dövlətin dindar vətəndaşlarına olan münasibətini bir daha sübut edir. Bununla yanaşı, çoxsaylı dini icmaların fəaliyyətinə şərait yaradılır, insanların öz dini ehtiyaclarını yerinə yetirməsi üçün zəruri tədbirlər görülür.
Lakin son zamanlar müxtəlif xarici dairələr Azərbaycanda sabitliyi pozmağa çalışır və ölkəmizdə guya dini azadlıqların sıxışdırıldığı haqqında rəy formalaşdırmağa, dindarlarla dövlət arasında ziddiyyət yaratmağa, radikal dindarları fəallaşdırmaq məqsədilə tədbirlər həyata keçirməyə cəhd göstərirlər. Hətta İranın müəyyən dairələri, din xadimləri Azərbaycanda baş vermiş bu və ya digər hadisəni qərəzli şərh edir, təhdid və şantaj xarakterli bəyanatlar verir, ölkəmizin daxili işlərinə kobud şəkildə qarışırlar. Bu, əlbəttə ki, Azərbaycan ictimaiyyətində narahatlıqlar doğurur. Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır, ayrı-ayrı ölkələrdə baş verən hadisələrin qərəzli şəkildə şərhinə yol vermir. Bu baxımdan da, İranın dini xadimlərinin, ayrı-ayrı şəxslərinin Azərbaycana qarşı çıxışları, ölkəmizin daxili işlərinə kobud müdaxilələri yolverilməzdir və bu kimi hərəkətlər Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı şəkildə etirazla qarşılanır.
Məsələyə münasibət bildirən ekspertlər və politoloqlar da qeyd edirlər ki, belə kobud və qərəzli münasibət iki qonşu ölkə arasında əməkdaşlığa heç də yaxşı təsir göstərmir, qarşılıqlı etimadı zəiflədir, səmərəli əməkdaşlıq mühitinə zərbə vurur. İran din xadimlərinin, ayrı-ayrı dairələrin belə çıxışlarının qarşısı alınmalı, Azərbaycana qarşı təhdid və şantaj ritorikasına son qoyulmalıdır.
Millət vəkili Musa Quliyev bildirib ki, ölkəmizdə dini azadlıqlar qanunla tənzimlənir: “Azərbaycan hüquqi, demokratik, dünyəvi bir dövlətdir və ölkə vətəndaşlarının hüquq və azadlıqları Konstitusiyaya uyğun olaraq tənzimlənir. Eyni zamanda, Azərbaycanda “Dini etiqad azadlığı haqqında” Qanun var. Həmin qanuna görə, hər bir Azərbaycan vətəndaşı öz dini inancını, etiqadını azad şəkildə ifadə edə bilər”.
Bəzi kənar qüvvələrin Azərbaycanın daxili işlərinə müdaxiləsinə gəlincə, millət vəkili deyib ki, bu, yolverilməz haldır: “Biz heç vaxt nə İranın, nə də digər qonşu dövlətlərin daxili işlərinə qarışmamışıq, yaxud ultimativ şəkildə deməmişik ki, İranda yaşayan 30 milyondan artıq azərbaycanlının hüquqları pozulur. Halbuki buna tam haqqımız var. Eyni zamanda, biz demirik ki, niyə İranda hicab taxmayanlar şallaqlanır. Hər bir dövlətin öz qanunları var və həmin dövlətin vətəndaşları bu qanunlar çərçivəsində yaşayır, onlara əməl edir və inkişaf edir. Bu mənada İranın din xadimlərinin Azərbaycana hansısa məsləhətlər, tövsiyələr verməsi və ya etiraz etməsi nə qonşuluq münasibətlərinə, nə də beynəlxalq hüquq normalarına uyğun deyil”.
Politoloq Elman Nəsirli isə bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və bununla yanaşı, ölkəmizdə bütün dinlərin, təriqətlərin təmsilçiləri qanunlar çərçivəsində azad fəaliyyət göstərmək hüququna malikdirlər. Azərbaycanın sözün əsl mənasında tolerant dövlət olduğunu bildirən politoloq qeyd edib ki, yaradılan bu şəraitdən sui-istifadə etməyə çalışanlar da tapılır: “Təəssüf ki, bir sıra hallarda dinlə əlaqəsi daha az olan qüvvələr tapılır ki, onlar daha çox öz siyasi məqsədlərinin əsirinə çevrilirlər. Belələri yaradılmış bu gözəl və əlverişli imkandan pis niyyətlərini həyata keçirmək üçün bir vasitə kimi istifadə etməyə çalışırlar. Bu cür tendensiyalara hər zaman təsadüf olunub. Maraqlıdır ki, ölkəmiz iqtisadi-siyasi nailiyyətlər əldə etdikcə, Qərb standartlarına, demokratik ənənələrə daha çox bağlandıqca ölkəmizin uğurlarını qəbul etməyən qüvvələr din pərdəsi altında daha çox fəallaşmağa çalışırlar və dövlətçilik əleyhinə öz siyasi niyyətlərini həyata keçirməyə cəhdlər göstərirlər. Çox maraqlıdır ki, bu cür psevdo din xadimlərinin evlərindən “Qurani-Kərim”, başqa dini kitabların çıxmasının yerinə silah-sursat çıxır, sanki onların evləri silah anbarıdır”.
Politoloqun sözlərinə görə, Azərbaycan cəmiyyəti belə məsələlərə kifayət qədər rasional yanaşır.
Milli Məclisinin deputatı, tarixçi-alim Musa Qasımlı bildirib ki, Azərbaycanda İslam dininin inkişafı üçün yaradılan şəraitdən sui-istifadə edilməməlidir: “Azərbaycanda din dövlətdən ayrı olsa da, dini qurumların hər biri Azərbaycan qanunları əsasında fəaliyyət göstərir”.
M.Qasımlı hesab edir ki, Azərbaycanda İslam dinini təriqətlərə parçalamağa çalışan, azərbaycanlıların dini birliyini pozmağa cəhd edən qüvvələr var.
“Azərbaycanda müəyyən vaxtlarda İslam dini sıxışdırılıb, ötən əsrin 20-30-cu illərində Azərbaycanda məscidlər, ziyarətgahlar dağıdılıb, dini ayinlərin icrasına qadağalar qoyulub. Bu gün isə Azərbaycan müstəqil dövlətdir, Azərbaycanda dini tolerantlıq digər ölkələr üçün nümunə ola bilər” deyə - M.Qasımlı bildirib.
Millət vəkili hesab edir ki, dinlərə münasibət baxımından Azərbaycan digər ölkələr üçün model ola bilər: “Azərbaycan Konstitusiyasına görə, din dövlətdən ayrıdır, amma İslam dini bizim mənəviyyatımızın bir hissəsidir. Son illərdə Azərbaycanda tikilən məscidlər, təmir olunan ziyarətgahlar ölkədə dinə göstərilən diqqətin nümunəsidir”.
M.Qasımlı qeyd edib ki, ölkəmizdə İslamın siyasiləşdirilməsinə qətiyyən yol vermək olmaz, çünki dindən siyasi məqsədlərinə çatmaqdan ötrü bir vasitə kimi istifadə edən qüvvələr var.
Millət vəkili, həmçinin vurğulayıb ki, Azərbaycan üçün din xadimləri ölkəmizdə hazırlanmalıdır. Onun sözlərinə görə, Bakı İslam Universitetinin fəaliyyəti gücləndirilməli və həmin universitetdə təhsilini başa vuran gənclər məscidlərdə işləməlidir. “Bizim məscidlərimiz başqa ölkələrin dini mərkəzlərində təhsillərini başa vurub Azərbaycana gələn şəxslərin təbliğat yerinə çevrilməməlidir”, - o bildirib.
Hülya MƏMMƏDLİ, "YENİ AZƏRBAYCAN" qəzeti