“Biz erməniləri niyə həmişə vəhşi cildində göstəririk?”

GƏNCLİK
23:38 16.09.2011
2174

Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir. Artıq ssenari qəbulu yekunlaşıb. Ssenaristlərlə rejissorların görüşləri davam edir.

Festivalda Bəhruz Vaqifoğlu da "O an bizim gözümüzlə" adlı ssenarisi ilə çıxış edir. Bu ssenariyə quruluş verən ADMİU-nun məzunu, Bakı Slavyan Universitetinin tələbələrinin yaratdıqları teatr truppasına rəhbərlik edən Gülnarə Məmmədovadır. Tamaşada da məhz BSU-nun tələbələrindən ibarət truppa çıxış edəcək. 

Festivalla bağlı Gülnarə Məmmədova fikirlərini bizimlə bölüşdü:

“Festivalın uğuruna inanıram. Nəticələrə gəldikdə isə 2-ci, 3-cü yeri deyil məhz 1-ci yeri gözləyirəm. Ssenari də, quruluş da pantamima janrındadır. Bu janrı tamaşaçılara çatdırmaq bir az çətindir. Mənə görə əsas olan odur ki, ya ssenari, ya quruluş ya aktyor oyunu-bunlardan biri mütləq tamaşaçıya nə demək istədiyimizi çatdırmalıdır. Mən inanıram ki, bu quruluş tamaşaçıya çatdıracaq ki, söhbət nədən gedir. Biz pantamimo janrını seçmişik və bununla şablonlardan çıxmışıq. Adətən vətənpərvər mövzularda olan tamaşalarda biz fəryadların, qışqırıqların, güllə səslərinin şahidi oluruq, amma bu tamaşada bunlara yer yoxdur. Biz səssiz də öz faciəmizi çatdıra bilirik. Ssenariyə və rejissor quruluşuna güvənirəm. Tamaşanın konkret mövzusu isə 1992-ci il Xocalı faciəsini əhatə edir. Lakin, bu tamaşada digər faciələrə - 1905, 1918- ci il faciələrinə, həmçinin Xocalıyla yanaşı Zəngilan, Füzuli və digər işğal olunmuş ərazilərimizdə yaşanan dəhşətlərə yer ayırmışıq. Biz erməniləri niyə həmişə vəhşi cildində veririk? Çünki, vəhşi hərəkətlərlə insan özlüyünü itirir və vəhşiləşir. Biz də erməniləri vəhşi cildində görürük.”

Festival cəmiyyətə nə dərəcədə təsir edə biləcək ? Sualını isə həmsöhbətimiz belə cavablandırdı.

“Mən o fikirlə razı deyiləm ki, “cəmiyyətimizin teatra marağı yoxdur.” Məncə bizim cəmiyyətin düzgün təbliğata ehtiyacı var. Bu festivalın təbliğatı düzgün aparılsa və tamaşaçıya festivalın məqsəd və məramı aşılansa maraq mütləq olacaq. Belə olan təqdirdə biz cəmiyyətə təsir edə bilərik. Həmçinin, ona vətənpərvərlik ruhunu aşılamış olarıq.”

Qeyd edək ki, Azərbaycan teatr tarixində ilk dəfə gənclər arasında Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalına start verilib. Layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyevadır. Layihə Gənclər və İdman Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə icra olunur. Festivalı “Sağlam Düşüncə” Gənclər Təşkilatı həyata keçirir.

  Nuranə Rəhimova

OXŞAR XƏBƏRLƏR