Biz niyə kitab oxumuruq? (KÖŞƏ)

Biz niyə kitab oxumuruq? (KÖŞƏ)
KÖŞƏ
02:01 28.08.2011
2381

Qənirə Paşayeva 

Dünyada nə qədər kitab var belə Çalışıb əlləşib gətirdim ələ Oxudum, oxudum, sonra da vardım Hər gizli xəznədən bir dürr çıxardım. (Nizami) Babamız Nizamı bizim kitaba olan meylimizi və münasibətimizi görsə, nə deyərdi... Biz axı niyə oxumaq istəmirik? Bu məsələ ilə bağlı sadəcə bəzi statistikalara baxanda adamı dəhşət bürüyür. Mənim aldığım məlumata görə, 9 milyonluq ölkədə vur-tut cəmi 10 kitab dükanı var və bu dükanların hamısı Bakıda yerləşir. Regionlarda kitab dükanları demək olar ki, yoxdur. İnsanlar tanıyıram ki, həyatında bəlkə 10 kitab oxumayıb, amma Avropanı bəyənmir. Həmin o Avropada, Avropa ölkələrində hər 20 min insana 1 kitab evi düşür, bizdə isə 900 min nəfərə bir kitab evi.... Bizimlə birlikdə Sovet İmperiyasının işğalından eyni zamanda xilas olan Ukrayna və Gürcüstana baxaq... Ukraynada 45 milyon əhaliyə 1479 kitab dükanı düşür, yəni 30 min insana 1 kitab dükanı. Əhalisinin sayı təxminən 4,5 milyon nəfər olan qonşu Gürcüstanda isə 75 kitab dükanı var. 25 dükan Tiflisdə, 50-i bölgələrdə... Bizdə isə cəmi 10 kitab evi... Niyə? Nə üçün? Biz bu suallara cavab tapmalıyıq, amma təkcə cavab deyil, həm də vəziyyəti dəyişmək üçün çıxış yolları... Çünki bu məsələ millətin gələcəyi üçün ən vacib olanlardan biridir... Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır. Bunu Abdulla Şaiq deyirdi. Bəli, hər millətin uzunmüddətli tərəqqisi və inkişafı ancaq oxumaqdan, bilikdən, kitablardan keçir... Bir necə gün əvvəl düz şəhərin mərkəzində - Qız Qalasının yanında yerləşən “Əli və Nino” kitab mağazasına getmişdım. Bəzi kitablar almaq istəyirdim. İçəri tam səssizlik idi. Yəqin təsadüfdən belədir - dedim... Kitablar seçmək təxminən 40 dəqiqəyə yaxın vaxt apardı, amma orda olduğum müddətdə bir nəfər də dükana gəlmədi. Mən yenə də bunun sırf təsadüf olduğuna inanmaq istəyirəm. Amma kitab dükanında olanlar yəqin orda uzun növbənin yarandığını xatırlaya bilməyəcəklər. Kitab dükanlarının əhalinin sayı ilə tərs mütənasibliyini nəzərə alsaq, gərək ordakı satıcılar heç dincəlməyə... Böyük Zərdabi “Yaxşı kitab çox qiymətli xəzinədir” deyərdi... Bəs biz nəvələr niyə bu xəzinəyə sahib olmaq istəmirik? Yazacağım bu fakta isə ancaq dərin təəssüf etmək lazımdır. Bakıda satılan kitabların əksəriyyəti rus dilindədir. Gürcüstanda isə gürcü dilində... Düşünməyə dəyər, elə deyilmi? Əbül Fərəc deyirdi ki, daş-qaş əvəzinə özünə bilik yığsan, daha çox tanınarsan: ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz. O, zaman niyə qızıl, pal-paltar dükanlarında, avtomobil salonlarında yaranan növbələr kitab dükanlarında olmur? Biz niyə qızımızı gəlin köçürəndə ona hər cür bahalı əşya veririk, sadəcə kitablar və kitab rəfindən başqa... Biz niyə evlərimizdə şəxsi kitabxana qurmuruq... Hər şey aldığımız zaman kitab almaq yadımıza düşmür. Bəlkə bir az sərt oldu, deyilmi, əziz oxucu... Amma son qonaq getdiyin evləri xatırla. Neçə evdə kitabxana gördün? Neçə evdə sənə fəxrlə “gedək, mənim kitabxanama bax” deyiblər? Sonuncu dəfə nə vaxt kitab almısan? “İmkanım yoxdu” deyib ötüşdürmə, çünki hər şeyə imkan tapdığımız kimi ona da imkan tapa bilərik... Bir də pulsuz kitab götürüb oxuya biləcəyimiz kitabxanaların yanından keç, orada nə qədər insanın olduğuna bax. Düşünməyimiz gərəkdi, çünki sabah gec olacaq... *** Bilik öyrənməyi ar bilən hər kəs Dünyada mərifət qazana bilməz. (Nizami) Bölgələrimizin yetkililərinə, zəngin iş adamlarına səslənirəm, qazanc verməsə belə kitab dükanlarını açmaq və bu addımı atanlara dəstək olmaq lazımdır. O, kitab dükanının yanından keçən hər 10 nəfərdən biri maraq üçün olsa belə, dükanına girəcəksə, bunun özü də bir addım olacaq. Kitabı təbliğ etmək lazımdır. Biz hamımız bunu etməliyik! Gələcəyimiz üçün.... “Əsl gözəllik surətdə deyil, ağıl və kamaldadır” deyib Firudin Bəy Köçərli. Bəli, millətin də gözəlliyi surətdə deyil, ağıl və kamaldadır. Ağıl və kamallı olmağın yolu isə kitablardan və oxumaqdan keçir..

OXŞAR XƏBƏRLƏR