Biz niyə öz dilimizi sevmirik?

Biz niyə öz dilimizi sevmirik?
Bütün Xəbərlər
19:20 17.11.2014
4112
AZXEBER.COM blogger Mələk Əlquliyevanın bloq yazısını təqdim edir:
Bu yazını yazmağı çoxdan qərara alsam da, qələmi əlimə almağa təhrik eliyən ciddi bir səbəb yaranmırdı. Sonuncu ilham pərim yeni tanıdığım birinin şair olduğun öyrəndiyim vaxt gəldi. Xoş gəldi. Şeir sevən olmasam da, oxumağa başladım, xoşuma da gəldi. Şeirlərini türkcə yazması diqqətimi çəkdi. Niyə türkcə? Bu sualı birinci özümə, sonra da ona ünvanladım. Cavabı məni təəccüblədirməsə də, gəldiyim nəticənin səhv olmadığın sübut elədi.
Gələk indi əsas məsələyə: Niyə axı Azərbaycan dili fikirlərimizi, hisslərimizi ifadə etməkdə bizə çətinlik yaradır. Dilimiz bu qədərmi kasaddır? 
Əslində kasadlıq və çətinliyi dilimizdə yox, onun istifadəçilərində, dilin nitqə çevrildiyi aralıqda axtarmalıyıq.
Başladıq.
Demək olar ki, bütün uşaqlara deyilmiş bir ifadə var: "Uşaqsan, otur uşaq yerində!" "Böyüyərsən, başa düşərsən." Elə bu ifadələri deyib dilimizin bütün ifadə formaların uşağın qursağında qoymuşuq. Təzəcə dünyanı qavrayan beyni müvəqqəti olaraq yeniyetmə dövrünə qədər dondurmuşuq. Uşağın hormonları onu danışdırmıyana qədər susub yerində oturub. Beləliklə, dilimiz uşaqlığın yaşamadan birbaşa yeniyetməliyinə qədəm qoyub. Uşağı susdurduq, söz qaldı böyüklərə. Onların da ünsiyyəti "az arvad, çay ver", "yemək hazırdı" çərçivəsindən kənara çıxmadı. Bir az zamanı geri çəksək bu ifadələrin qaş-göznən deyildiyin görəcəyik. Gəlin bu günümüzə də şükr edək. Bütün bunların fonunda dilimiz beynimizdən süzülüb nitqimizə yansıya bilmədi. 
Təbii ki, bütün bu proseslərin baş verməsində mental dəyərlərimiz xüsusi məsuliyyət daşıyır. Gəlin sizə yaxşı bir misal çəkim. Deməli, "Tükəzban ərə gedəndə anası onun cibinə bir daş qoyur və deyir ki, a qızım bu daş nə vaxt dil açıb danışsa, sən də o vaxt danışarsan." Misaldan çox aydın görünür ki, dəyərlərimiz yaşam tərzimizə nə dərəcədə təsir edibsə, dilimizə də eyni dərəcədə təsir göstərib (Sağ olsun, yaddan çıxarmıyıb) 
Dəyərlərimiz dilimizlə beynimiz arasında uçurum, stereotiplər yaradıb. Hərdən dilimizin incəliklərinə enib o stereotipləri aşamağa çalışmışıq, bu vaxt da köməyimizə "türkün məsəli" ifadəsi gəlib. Hər çatışmıyan cəhətimiz kimi bunu da başqalarının üstünə atmışıq. Siz də hiss etdinizsə dilimizə xəfif utancaqlıq əlavə etmişik. Ən incə, zərif hisslərimizi yad dildə dilə gətiririk. Utanırıq dilimizdən, doğmaca dilimizdən belə rahatlıqla istifadə edə bilmirik, amma arada əlli-ayaqlı gedən türklər olur. 
Əsrlərdən bəri Dilçi alimləri belə bir sual düşündürür: Dilmi mədəniyyəti formalaşdırır, yoxsa mədəniyyətmi dili?
Yuxarıda qeyd etdiyim misallardan görmək olur ki, mental dəyərlərimiz, mədəniyyətimiz dilimizi formalaşdırıb. Burada formalaşdırıb sözünün əvəzinə çərçivələndirib daha çox uyğun gəlir. Dilimiz hansı çərçivədədirsə, təfəkkürümüz və təsəvvürümüz də elə o çərçivədə inkişaf edir. Təsəvvür etdiklərimizi ifadə edə bilmədikcə, təfəkkürümüz də standart və kasad olur. 
Şair dostumun türk dilini seçməsi də, dilimizin ona ağır gəlməsidi. O dilə ki, özümüzün  də daşıya bilmədiyimiz mentalitetimizi yükləmişik, o təbii ki ağır olacaq. 
Amma bu məsələdə çox ümidliyəm, son illərdə müşahidə etdiyim dəyişikliklər məni pozitiv qalmağa çağırır. Siz də bol-bol istifadə edin dilimizdən, ən çox zarafatlarınızda. 
P.S. Dilimizi böyüklərə həvalə etdik, onlar da dilimizin qəsdinə duraraq danışmadılar, uşaqlıq görmədən böyüdü dilimiz. 
OXŞAR XƏBƏRLƏR