Bizi daha da yoran gizli səbəb üzə çıxdı - Açıqlama
SOSİAL
21:27 29.07.2026
229
Günün yorğunluğunu atmaq, bir qədər dincəlmək üçün ayrılan vaxt belə artıq bir çox insan üçün telefondan uzaq qalmaq anlamına gəlmir. İstirahət anlarında sosial şəbəkələrə baxmaq, mesajları yoxlamaq və davamlı olaraq yeni məlumat axtarmaq ehtiyacı müasir həyat tərzinin ayrılmaz hissəsinə çevrilib. Bəs insan niyə sakitlik və fasilə anlarında diqqətini telefondan ayıra bilmir? Bu vərdişin arxasında hansı psixoloji səbəblər dayanır və davamlı telefon istifadəsi insanın emosional vəziyyətinə, diqqət qabiliyyətinə və ümumi psixi sağlamlığına necə təsir göstərir?
AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı "demokrat.az”a açıqlamasında psixoloq Ləman Kazımova bildirib ki, istirahət zamanı telefona baxmaq istəyi çox vaxt "darıxmaqdan” yox, beynimizin öyrəşdiyi mükafat sistemindən qaynaqlanır.
Onun sözlərinə görə, telefon vasitəsilə hər dəfə yeni bildiriş, video və ya paylaşımla qarşılaşdıqca beyində dopamin ifrazı artır:
"Zamanla beyin bunu tez və asan həzz mənbəyi kimi qəbul edir. Nəticədə hətta istirahət zamanı da "bir dəfə də baxım” istəyi yaranır. Bəzən isə telefon sadəcə əyləncə vasitəsi deyil. O, stresdən, narahatlıqdan, tək qalmaq hissindən və ya xoşagəlməz düşüncələrdən qaçmaq üçün istifadə olunan bir vasitəyə çevrilir. İnsan fərqinə varmadan hər boş anını ekran qarşısında keçirməyə başlayır.
Uzunmüddətli perspektivdə bu vərdiş beynin həqiqi mənada dincəlməsinə mane ola bilər. Diqqətin tez-tez yayınması, konsentrasiyanın azalması, yuxu keyfiyyətinin pisləşməsi, narahatlıq hissinin artması və emosional yorğunluq kimi nəticələr ortaya çıxa bilər. Paradoksal məqam ondadır ki, istirahət etmək üçün telefondan istifadə edirik, amma bəzən bu, bizi daha da yorğun hiss etdirir.
Əsl istirahət isə beynə də fasilə verməkdir. Gün ərzində qısa müddətlərdə telefondan uzaq qalmaq, təbiətdə gəzmək, kitab oxumaq, nəfəs məşqləri etmək və ya sadəcə bir neçə dəqiqə heç nə etmədən oturmaq belə psixi sağlamlıq üçün olduqca faydalıdır. Unutmayaq ki, istirahət yalnız bədənin deyil, beynin də ehtiyacıdır”, – deyə psixoloq fikrini tamamlayıb.