Son günlərdə Azərbaycanla İran arasında gərginliyin yaradılması, qarşılıqlı ittihamların səsləndiriliməsi, Bakıda və Təbrizdə aksiyaların keçirilməsi ciddi narahatçılıq hissi doğurur. Bu qarşıdurma nə İranın, nə də Azərbaycanın maraqlarına cavab verir. İran hökumətinin bu və ya digər məsələlərlə bağlı siyasətinə hər hansı münasibət mümkündür, tənqid də etmək olar, razılaşmamaq da olar. Amma indi baş verən hadisələr, xüsusilə də qarşılıqlı aksiyaların keçirilməsi, sanki bir aksiya yarışının başlanması artıq cəmiyyətlərarası qarşıdurmaya, Təbrizlə Bakı arasında qarşıdurmaya çevrilməkdədir. Bakıda və Təbrizdə aksiya keçirən, bir-birinə qarşı ittihamlar, şüarlar səsləndirənlər eyni adamlar, eyni soyun, kökün təmsilçiləridir, soydaşlarımızdır. Bu düşmənçiliyi salanlar kənardandırlar, bizim bir-birimizi bu cür qırmağımızdan baxıb həzz alırlar. O taylı, bu taylı adamlarımız isə təssüf ki, düşmənlərimizin qurduqları tələyə düşüblər, özləri də bilmədən düşmənin dəyirmanına su tökürlər. Biz burada erməni barmağının olduğuna əminik. Ermənilər hər iki tərəfdə öz niyyətlərini yerinə yetirmək üçün təsir imkanlarına malikdirlər. Onlar bunun üçün beynəlxalq təşkilatların, ayrı-ayrı mərkəzlərin imkanlarından istifadə edirlər. Düşmən öz işini görür, istəklərinə nail olur, uduzan isə həm İran, həm də Azərbaycandır. Bizi qarşıda Qarabağ savaşı gözləyir, bu savaşda Bakılı, Təbrizli, Qarabağlı çiyin-çiyinə dayanıb vuruşacaqlar. Bu gün o savaşa gedən yolda əngəl törətmək istəyənlər var, düşmənlərimiz hərəkətdədirlər. Biz bunu bilməli, düşmənin fitnələrinə getməməliyik. Biz hər kəsi öz hərəkətlərini düşünməyə, düşmənin fitnələrinə uymamağavə dərhal bu aksiyalardan, mənasız qarşılıqlı ittihamlardan əl çəkməyə çağırırq. Biz bunu birliyimiz və Qarabağımız naminə etməliyik.