Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 11 ünvanında fəaliyyət göstərən fiziki şəxs Mehdi Məmmədquliyevə məxsus "Bizim ailə" nişanlı süd məhsulları istehsalı sexində dövlət nəzarəti aparıb.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisədə məhsulların müvafiq keyfiyyətdə sabit istehsalı üçün sanitariya norma və qaydaların tələblərinə cavab verən şərait yoxdur. Müəssisədə istehsal olunan məhsulların müəyyən edilmiş qaydada təsdiq olunmuş resepturaları və texnoloji təlimatları mövcud deyil ki, bu da normativ sənədlərin - AZS 092-2003, AZS 220-2006, AZS 121-2004, AZS 089-2003 və AZS 091-2003 standartının tələblərinə və "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə ziddir.
Bundan başqa istehsalda texnoloji proseslər pozulur, nəzarət olunmalı göstəricilər gözəyarı müəyyən edilir. Markalanmada normativ sənədlərin tələbi pozularaq nəticədə istehlakçılar aldadılır. Belə ki, istehsalda sırf quru süddən istifadə olunduğu halda, etiketlərdə "camış qatığı" kimi yalnış məlumatlar göstərilir. Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 228.0.4 və 228.0.12-ci maddələrinə əsasən protokol tərtib edilib. Fiziki şəxs Mehdi Məmmədquliyevə məxsus sexdə "Bizim ailə" nişanlı 3,2% yağlılıqda qatığın, 15% yağlılıqda xamanın, dovğanın, pəhriz kəsmiyinin, qazlaşdırılmış ayranın və digər süd məhsullarının istehsalı və satışı qadağan edilib.