“Bizim Market”in sahibi maşın bazarını payçılarının əlindən aldı

“Bizim Market”in sahibi maşın bazarını payçılarının əlindən aldı
Bütün Xəbərlər
18:30 08.05.2015
2088
Rasim Salmanov: “Oturmusuz qızılın üstündə, deyirsiz ki, bura mənimdir”
Pulla “oynayan” bazar il ərzində bir işlənmiş maşının dəyərini çıxara bilib
Dünən maşın bazarı kimi tanınan "Bakı Avtonəqliyyat-2" ASC-nin səhmdarları Babək prospekti, 2315-ci məhəllədə illik ümumi yığıncağını keçirdi. 98.7 faiz səhmlə paket sahibi ölkədə "Bizim Market" mağazalar şəbəkəsi ilə məşhur olan Rasim Salmanovdur. "Bizim Yol" qəzetinin əməkdaşı da iclası müşahidə edib.
Yığıncaq saat 15.00-a təyin olunsa da, vaxtında içəri girən səhmdarları dərhal mühafizənin köməyi ilə bayıra qovdular, dedilər R.Salmanov minoritar səhmdarları saat 4-ə 10 dəqiqə işləmiş içəri buraxmağa göstəriş verib, özü isə çörək yeyir. Təbii ki, oliqarxın yavan çörək yediyini nəzərdə tutmurdular, dilimizə çevirəndə nahar edirmiş. "Çörək yeməyi" daha 20 dəqiqə sürdü. Həmin müddətdə Salmanovun "S Class" "Mercedes"ini görmək şərəfinə də nail oldum. Səhmdarlar dedilər ki, Prezidentin kortecində də belə maşınlardır. Yığıncaq 8 stul qoyulmuş kiçik bir otaqda keçirilirdi. İçəridə 17 səhmdar var idi. Kasıbçılığın üzü qara olsun, səhmdarların yarısı axıra qədər ayaq üstə qaldı. R.Salmanov, onun mühasibi və idarə heyəti sədri rahat oturmuşdular. Mühasib Qasım dayı (soyadını mənə söyləməkdən imtina elədi, ağ saçlarını nəzərə alıb Qasım yaza bilmirəm-H.H.) səhmdar sayının bir qədər də azaldığını bəyan elədi. Səhmdar Xaqani Məmmədovun "onsuz da hamısı sizindir də, yazın ki, "bizim market"lər, "bizim səhmlər", "bizim şadlıq sarayları", qurtarsın getsin", dedi. Yəni ki, artıq bizi heç nə təəccübləndirmir. Amma səhmdarları təəccübləndirəcək sürprizləri varmış. Mühasib "indi təzə xəbəri eşidəndə nə edəcəyinizi bilməyəcəksiz", dedi. Eyhamla davam elədi: "15 ildir ağılsız olmuşam, bu nədir, hər il iclas, hər il yığıncaq, mənə deyən gərək, bunu bağla çıxsın getsin də. Bizdən ağılsızlar bu hərəkəti çoxdan ediblər, mən öyrənəndə şoka düşdüm".
Sonra mühasib ASC-nin 2014-cü il maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatını onlara göndərdiklərini, bu barədə bir sualları olub-olmadığını soruşdu. Minoritarlara göndərilən məktubda ötən il maşın bazarının gəlirinin 21920 manat, xərcinin isə 38992 manat və balans zərərinin 17072 manat təşkil etdiyi yazılır. Müəssisənin adını ona görə belə yazdım ki, hər kəs maşın bazarını yaxşı tanıyır və gəlirini də təxmini proqnoz edə bilir. Hesabatdan isə belə çıxır ki, bazar il ərzində 1 ədəd işlənmiş maşının pulunu "çıxara" bilib. Bunun müqabilində əsas vəsaitin köhnəlməsi 21820 manat (gəliri qədər), əmək haqqı və sosial ayırmalar 13298 manat, əmlak vergisi 3073 manat, səhmdarlara xidmət xərci 569 manat, sair xərclər də 231 manat göstərilib. İl ərzində cəmiyyətin kassasına daşınmaz əmlakın icarəsindən daxil olan vəsait əmək haqqı və sosial ödəmələrə sərf edilib.
"Putinlə Medvedev kimi yerinizi dəyişin - sən sədr ol, o da katib"
Mühasib iclasa sədr R.Salmanovu, katib də özünü "seçdi". Nə əl qaldıran vardı, nə də səs verən. Eləcə istədiklərini ordan deyib, burdan da qərara bağlayırdılar. Səhmdarlar dedilər ki, maraq üçün bir az da fərq yaradın, Putinlə Medvedev kimi yerinizi dəyişin - sən sədr ol, o da katib. Uzun illərdir elə beləsiz. Əlbəttə, lağa qoyulduqlarını anladılar, təklifi səsə qoymağa da imkan vermədilər, Qasım dayı "o keçmədi", dedi. Səhmdar Vidadi Məmmədov Vəzir Rəcəbovun sədr, özünün katib vəzifəsinə namizədliyini irəli sürdü. Səsə qoydular, 14 nəfər lehinə səs verdi. Paket sahibi "yox", dedi. Dedilər, "bunu mütləq protokola salın", mühasib "arxayın olun", deyə onları inandırdı. Nə eləsə cəzasız qalacağından əmindi. İdarə heyətinin sədri Vahid Rüstəmov ağzına su alıb yuxarı başda oturmuşdu, varlığı ilə yoxluğu sadəcə şəklindən bəlli idi. Ayaq üstə olan səhmdarlarla mühasib arasında sədr-katib davası gedirdi. Səhmdarlar qanunvericiliklə seçkidə səhmdar sayının, qarşı tərəf isə səhm sayının əsas olduğunu bir-birinə sübut etməyə çalışırdılar. Yerdə əyləşən səhmdarlar isə sanki qorxulu film, ya da bir triller izləməyə gəlmişdilər. Səhmdarlar deyəndə ki, "qanunları pozursuz", mühasib də arxayınlıqla "gedin şikayət edin", ya da "qanun belədir", deyirdi. Səhmdarların sakitləşmədiyini görən o, hədələdi: "Onda iclası ləğv edirəm, 45 gün sonra çağıracam". Həm də israrlı görünürdü, üzünü səhmdarlara tutub, "razısız, iclası ləğv edirəm", söylədi. Bu dəfə səhmdarlar onu dilə tutmağa başladılar ki, "yaxşı, sən deyən olsun, amma Allah xatirinə iclası təxirə salma".
Mühasib gündəliyin ikinci məsələsinin müəssisənin bölüşdürülməsi olduğunu elan elədi. Gündəlikdə belə bir məsələ yoxdu. Birinci məsələ hesabatdı, ikincisi isə digər məsələlər. Qanunvericiliklə əvvəlcədən gündəliyə salınmayan ASC üçün taleyüklü məsələ müzakirəyə çıxarıla bilməz. Elə bil qurbağa gölünə daş atdılar, səhmdarlar gözləmədikləri bu "sürpriz"dən şoka düşdülər. Mühasib çox qəddarmış, şokda olanlara dedi ki, "hesabatı təsdiqləyin, ikinci məsələnin müzakirəsinə keçək". Burda gördüyüm anarxiyanı heç bir iclasda görməmişdim. Səhmdar sayan kim idi? Ata malı kimi hər şeyin sərəncamını özləri verirdilər. Səhmdarların dediklərinə görə 2001-ci ildən özəlləşən müəssisədə 14 il ərzində 1 qəpik də dividend verməyiblər. V.Məmmədov yanıb-yaxıldı, dedi ki, "bizə artıq avropalılar gəlir e, ayıbdır, vallah mən xəcalət çəkirəm". Mühasib də bağıra-bağıra məsləhət verdi ki, "xəcalət çəkirsənsə, iştirak etmə, mən 98 faizlə sənin təklifini qoymuram". Yaşlı adam iclasın axırına qədər səsini başına atdı, mən onu ən son görəndə qışqırırdı, səsi hələ də qulaqlarımdadır. Təcrübəmdə elələrinin vəzifəcə özündən üstünlərin qarşısında necə müti olduqlarının həmişə şahidiyəm.
Rasim Salmanovun "tarixi" vida çıxışı
Çox çək-çevir, mübahisədən sonra hesabatı səsə qoydular, "kim razıdır, əl qaldırsın sualına", sadəcə R.Salmanov əlini qaldırdı. O da heç əlini qaldırdı-qaldırmadı, bəlli deyildi, ona baxmadan da mühasib elan elədi ki, "1 nəfər razı, yerdə qalan narazıdır, hara istəyirsiz gedin şikayət edin, gəlib yoxlasınlar".
Gündəlikdə olmayan, bir az əvvəl elan elədiyi "bölünmə" məsələsinə keçdi: "14 ildir gəlib-gedirsiz, narazısız? Qardaş, 98.7 faiz əmlakı götürüb çıxırıq, ayrıca MMC yaradırıq, yerdə qalan 1.3 faizi sizə veririk. Allah xeyir versin. Kim razıdır, əlini qaldırsın". Yenə paket sahibindən başqa heç kim əlini qaldırmadı. O da "vəssalam, indi sualınızı verin", deyə rahat nəfəs aldı.
R.Salmanov ayağa qalxıb səsində bir hüzün səhmdarlara ürəkləri parçalayan "tarixi" vida çıxışı elədi: "14 ildir iclaslarda görüşürük. Bu, sizinlə axırıncı görüşümüzdür…" İştirak edənlər özlərini saxlaya bilməyib ürəkdən qəhqəhə çəkdilər. Onları sakitləşdirib davam elədi: "Qardaş, ona görə ki, alınmır. O vaxt burada 254 səhmdar vardı, indi 64 nəfərə düşüb. Sizin əmlakınızı biz böləcəyik, necə ki, başqa səhmdar cəmiyyətlərdə bunu edib canlarını qurtarıblar…" Səhmdarlar onun sözünü kəsib "hamısı məhkəmələrdədir", dedilər. O isə cavabında "siz də məhkəməyə gedin" tövsiyəsini verdi. Səhmdar V.Məmmədov "mülkiyyətin sahibi Allahdır və buyurur ki, "ya Məhəmməd, o dinsiz və imansızlara de ki, mülkün sahibi mənəm, kasıb-kusubun, imkansızların haqqını yeməyin". V.Rəcəbov "onların qəlbi möhürlənib, 100 dəfə desən də xeyri yoxdur", deyə şərh verdi. Bu yerdə İH sədrinin dili açıldı, "əgər bu mülk Allahındırsa, onda niyə bura gəlmisiz", deyə istehza ilə soruşdu. "Siz niyə bizə məktub göndərmisiz", sualını eşitdi. Mühasib "sadəcə borcumu yerinə yetirmişəm" dedi. Səhmdar "mən mülkiyyət sahibiyəm" dediyində az əvvəl onun gətirdiyi sitatı üzünə vurdular: "Bəs deyirdin mülk Allahındır".
R.Salmanov mübahisəyə müdaxilə elədi: "Siz bura səhmdar qismində gəlmisiz, bu torpağın sahibi deyilsiz. Torpaq dövlət tərəfindən hərracda satılıb, başqa bir şəxsindir, nə mən sahibiyəm, nə də siz. "Bakı Avtonəqliyyat-2"nin 4.5 ha torpağı başqa bir şəxsə məxsusdur (o şəxsin kimliyini soruşdular, demədi-H.H.). Amma siz də, mən də burdakı əmlakın sahibiyik. Mən 98.7 faizin sahibiyəm, siz də 1.3 faizin. Bu söz-söhbətləri qurtarmaq üçün belə qərara gəldik ki, sizə ayrıca bir yolu olan, Babək prospektindən gəlib çıxa biləcəyiniz bir əmlak verək. Burada o əmlak var. Biz Əmlak Komitəsinə müraciət edəcəyik. Onlar gəlib ayırıb sizə verəcəklər. Sonra "Bakı Avtonəqliyyat-2" fəaliyyətini dayandıracaq, iclaslarımız da olmayacaq. Bu ay yarım çəkəcək. Sizə təxminən 65-70 kv.m. əmlak düşəcək. Amma onun torpağı yenə sizin olmayacaq, sadəcə üzərindəki əmlak sizindir. Ola bilər ki, sizə qaçqınların məskunlaşdıqları yer düşsün. Ondan sonra oturub öz aranızda bir qərara gələrsiz. Artıq mən orada heç kiməm, mən də orada sizin kimi səhmdarlardan biri olacam. Onda siz biləcəksiniz ki, əmlakınız nədir və nəyin yiyəsisiz. İndi oturmusuz qızılın üstündə, deyirsiz ki, buranın hamısı mənimdir. Elə deyil. Biz neçə illərdir bunu etmək istəyirik, amma fikirləşirik ki, iclaslardır da, camaat ildə bir dəfə gəlir, görüşürük. İndi bunu yüzdə yüz edəcəyik. Qanunda yazılır ki, əgər əmlak bölünürsə ayrıca giriş-çıxışı olmalıdır. Biz sizə ayrıca əmlak verəcəyik, istədiyiniz vaxt ora gələcəksiz, o əmlak üzərində sərəncam vermək hüququnuz olacaq. Bu əmlakda hüququnuz yoxdur, o birində olacaq. Amma onu sökə bilməyəcəksiz, sökən kimi torpaq yiyəsi deyəcək ki, "qardaş, xoş gəldin, çıx get burdan". Əmlak isə 100 illərlə qala bilər. Torpaq sahibi icarəyə görə sizdən pul istəyəcək. icarəhaqqı nə qədər olacaq, o, bilər, siz bilərsiz. Və bu cür də artıq biz sizinlə görüşməyəcəyik, nə Qasımın sifətini görəcəksiz, nə də mənim".
Səhmdarlar bunu növbəti fırıldaq adlandırdılar. V.Məmmədov söylədi ki, bir dəfə bazarda maşının təkərini dəyişiblər. Dükan sahibi 30-40 kv.m. yer üçün ayda 3 min manat icarə haqqı ödədiyini deyib: "Burada il ərzində milyonlarla pul qazanılır və mənimsənilir. Dövlətə, səhmdarlara ziyan vurulur, Allaha xoş getməyən işlər görülür. 15 ildir Qasım başımıza oyun açır, həm baş mühasibdir, həm iclası aparır, həm də…" Səhmdar Xaqani Məmmədov onun sözünü tamamladı: "Həm də baş korrupsionerin baş köməkçisidir (R.Salmanovu nəzərdə tuturdu-H.H.). Hər kəs güldü. R.Salmanov mövzunu dəyişməyə çalışdı, "tutaq ki, icarə haqqı 3 min deyil, 5 min manatdır, onun sənə nə aidiyyatı var", deyə soruşdu. Bu da səhmdarların qəhqəhələrinə səbəb oldu. Mühasib istehza ilə onlara mesaj yolladı: "Gedin, 64 nəfər 65 kv.m. yerdə görüm necə dolanırsız".
Sonda mühasibə yaxınlaşıb torpağı özəlləşdirmədiklərinin səbəbini soruşdum. Dedi ki, pulları olmayıb. Suallarımdan xoşu gəlməyən Qasım dayı qəfildən ayağa durub, bayıra cumdu, balacaboy, gombul "oxrana"nın yoğun boynundan yapışıb içəri sürüdü ki, "bunu bayıra at". Özünün jurnalistə əl qaldırmağa cəsarəti çatmadı. "Oxrana" da qəfil həmlədən qorxduğundan Qasım dayının acığını məndən çıxıb, qolumdan tutaraq bayıra tolazladı. Onun yerində bir kişi olsaydı 42 kiloluq balaca bir xanıma "gücü"nü göstərməkdənsə, onu hər kəsin gözünün önündə alçaldan, yerin dibinə soxan adamın özünü yaxşıca əzişdirərdi.
OXŞAR XƏBƏRLƏR