Dünən bir sıra rayon icra hakimiyyətlərində kadr yerdəyişmələri həyata keçirilib. Prezidentin sərəncamına əsasən, bəzi icra başçıları vəzifəsindən azad edilərək digər rayonlara təyin olunublar, onların yerinə isə yeni rəhbərlər gətirilib. Bu dəyişikliklər yerli idarəetmədə struktur və səmərəliliyin artırılmasına yönəlib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, İlham Əliyevin tapşırıqları bütün icra başçılarına aiddir:
"Cənab Prezident yeni təyin olunan Naxçıvan Muxtar Respublikasındakı xüsusi nümayəndəni və Azərbaycanın bir sıra rayonlarına təyin edilmiş icra başçılarını qəbul edərkən onlara verdiyi tövsiyə və tapşırıqlar yalnız həmin şəxslər üçün deyil, bütün icra başçıları üçün bir fəaliyyət proqramı, bir yol xəritəsi kimi qiymətləndirilməlidir. Cənab Prezident həmin şəxsləri qəbul edərkən qeyd etdi ki, artıq regionlarda demək olar ki, bütün böyük infrastruktur layihələri icra olunub. İndi əsas məqsəd rayonlarda müəyyən təmir, tikinti və yenidənqurma işlərinin görülməsi və sosial ədalətin təmin edilməsidir”.
Deputat deyib ki, hər bir icra başçısı nümunəvi şəxs olmalıdır:
"Hər bir icra başçısı fəaliyyət göstərdiyi rayonda Cənab Prezidentin səlahiyyətli nümayəndəsidir və bu baxımdan nümunəvi şəxs olmalıdır. Prezident də bu istiqamətdə xüsusi tövsiyələr verdi. Şəffaflığın təmin olunması burada ən vacib məsələlərdən biridir. Korrupsiya və rüşvətxorluğun aradan qaldırılması, bu sahədə mübarizənin gücləndirilməsi icra başçılarına verilən mühüm tapşırıqlar sırasındadır”.
Parlamentari vurğulayıb ki, icra başçılarının korrupsiya və rüşvətxorluq hallarına yol verdikləri görünür:
"Bir çox hallarda rayon icra hakimiyyəti başçılarının korrupsiya və rüşvətxorluq hallarına yol verdikləri, qanunsuz sərəncamlar imzaladıqları, bəzi ərazilərdə torpaqların qanunsuz zəbt edilməsinə şərait yaratdıqları müşahidə olunub. Torpaqların təyinatının dəyişdirilməsi, qanunsuz tikintilərə icazə verilməsi kimi faktlarla bağlı hazırda hüquq-mühafizə orqanları ciddi araşdırmalar aparırlar. Yəqin ki, yaxın gələcəkdə bu istiqamətdə tədbirlər daha da güclənəcək.
Çünki bölgələrdə səlahiyyət daşıyan şəxslərin bu kimi qanunsuz əməlləri sadə vətəndaşların dövlətə inamını azaldır. Həmçinin cəmiyyətdə ümumi etimad mühitinə mənfi təsir göstərir. Belə halların nəticəsində vətəndaşlar da bəzən öz problemlərini qanunsuz yollarla həll etməyə meyillənə bilirlər. Rayon icra hakimiyyəti başçıları, hüquq-mühafizə orqanlarının yerli rəhbərləri və digər mərkəzi icra qurumlarının bölgələrdəki nümayəndələri nümunəvi davranış sərgiləməlidirlər. Onların fəaliyyətində qanunsuzluğa yer olmamalıdır”.
Şahanə Ziyad











































