ABŞ Demokratlar Partiyası noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərində qalib gələcəyi təqdirdə maliyyəçi Ceffri Epşteynin işi üzrə sənədlərin açıqlanması ilə bağlı araşdırma başlatmağı planlaşdırır.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, demokratlar Donald Tramp administrasiyasının Epşteyn işi üzrə sənədlərin ictimaiyyətə açıqlanması ilə bağlı verdiyi vədləri tam yerinə yetirmədiyini düşünürlər.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin üzvü Robert Qarsiya bildirib ki, məsələ partiyanın əsas prioritetlərindən biri olacaq.
"Epşteyn işi üzrə araşdırma əsas prioritetlərimizdən biri olacaq. Ölkə məlumatların açıqlanmasını, sənədlərin dərc edilməsini və zərərçəkənlər üçün ədalətin təmin olunmasını istəyir”, – deyə konqresmen vurğulayıb.
Qarsiya Epşteynin maliyyə əməliyyatları ilə əlaqəsi olan iri bankların nümayəndələrinin də ifadə vermək üçün Konqresə çağırıla biləcəyini istisna etməyib.
"Bloomberg" qeyd edir ki, mümkün araşdırma Vaşinqtondan kənarda, xüsusilə ABŞ-ın işgüzar dairələrində də ciddi əks-səda doğura bilər.
Xatırladaq ki, Ceffri Epşteyn 2019-cu il iyulun 6-da Nyu-Yorkda həbs edilib. O, azyaşlı qızların cinsi istismarı və insan alveri ilə bağlı ittihamlarla üzləşib. Epşteyn həmin ilin avqustunda həbsxana kamerasında ölü tapılıb. Onun ölümü rəsmi olaraq intihar kimi qiymətləndirilib.
2026-cı il yanvarın 30-da ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi üzrə üç milyondan çox səhifə sənədin, iki mindən artıq videonun və 180 min fotoşəklin dərcini başa çatdırdığını açıqlayıb.
Sənədlərdə müxtəlif ölkələrdən siyasətçilərin, biznesmenlərin, diplomatların və digər tanınmış şəxslərin adları keçir. Adın sənədlərdə qeyd olunması həmin şəxsin qanunsuz fəaliyyətdə iştirak etdiyini göstərmir.
///apa.az///











































