Rəsmi Bakının təzyiqlər (“qulaq kəsənlər ölkəsi” imici, “offşor leaks” və “wikileaks” kimi yazılar)qarşısında tab gətirmə müddətinə dair proqnozlar vermək çətin olsa da, bu təzyiqlərin davam etmə müddətinin hazırda müzakirə olunan qaz boru kəmərlərindən birinin çəkilişinin tam reallaşacağı günə qədər olacağını pronozlaşdırmaq o qədər də çətin deyil.
Son dövrlər Azərbaycana qarşı bəzi xarici təzyiqlərin yeni forma alması bir sıra təhlilçilərin xüsusi diqqətini çəkməkdədir. Bunlar arasında Rusiya və Türkiyə tərəfdən gələn təzyiqlər qabarıq şəkildə seçilməkdədir. Bəs tarixən maraqları kəsişən bu ölkələri Azərbaycana qarşı birləşdirən məqamlar hansılardır? Niyə Rusiya və Türkiyə Azərbaycandan “narazıdır” və oxşar mexanizmlərlə Azərbaycana təsir etmək siyasəti yürüdürlər?
Təhlilçi Jason Strakesin də qeyd etdiyi kimi, Azərbaycan çətin qonşuları və regionda marağı olan nəhəng dövlətlərlə balanslı xarici siyasət aparmağa nail olmuşdur. Balanslı xarici siyasətin və eləcə də ölkənin suverenliyinin əsas sütunu hesab edilən enerji resurslarının daşınması üçün ixrac boru kəmərlərinın diversifikasiya olunmuş şəkildə həyata keçirilməsi Azərbaycanın əldə etdiyi ən böyük uğurdur. Məsələn, Azərbaycan nəhəng qonşusu Rusiyadan asılılığının azaldılmasında BTC neft boru kəməri əhəmiyyətli rol oynamışdır. BTC ixrac boru kəmərinin reallaşması eyni zamanda Qərbin enerji sahəsində Rusiyadan asılılığının azalmasına və Azərbaycanın Türkiyə ilə əməkdaşlığını gücləndirməklə qərb yönümlü siyasətinin davamlılığına öz töhfəsini vermişdir.
Hazırda gündəmdə olan məsələ Azərbaycan qazının dünya bazarına çıxarılması üçün hansı boru kəmərinin seçilməsidir. Bunun Azərbaycan üçün əhəmiyyəti suverenliyini daha da gücləndirmək üçün daha bir alternativ ixrac boru kəmərinin çəkilməsidir. Bunun Rusiya üçün təhlükəsi Azərbaycana təsirinin minumuma endirməsi və Avropanı alternativ eneji ilə təmin etməklə Rusiyadan enerji asılılığını azaltmasıdır. Bunun Türkiyə üçün vacibliyi çəkiləcək boru kəmərində daha çox yer almaqla Azərbaycanın Qərbə çıxışında yeganə və başlıca transit ölkə olmaq istəyi və eləcə də Avropanın enerji təminatında əhəmiyyətli ölkə statusu qazanmaq arzusudur.
“Şahdəniz Faza 2” yatağındakı qazın dünya bazarına çıxarılması üçün müzakirə olunan ixrac boru kəmərləri – Nabucco Qərb və TAP – üzrə seçim edilməsi Azərbaycan üçün olduqca önəmlidir və böyük maraqların kəsişmə nöqtəsidir. Gündəmdə olan kəmərlərdən hansının seçilməsindən asılı olmayaraq Azərbaycan qazı Rusiya xarici siyasətinin əsas alətinə – Avropanı enerjidən asılı saxlama – alternativdir. Hər iki layihənin 2020-ci ilədək Avropanın qaza olan tələbatının 10 faizini ödəmə qabiliyyətinə malik olması bəllidir və bu isə o dəməkdir ki, onsuz da enerjiyə tələbatın azaldığı Avropada Rusiya qazına ehtiyac xeyli azalacaqdır. Təhlilçi Andrew MacDowall-un da vurğuladığı kimi bu kəmərlər “Qazprom”un planlaşdırdığı iddialı Cənub Axın Kəmərinə alternativdir. Yəni, Rusiyanın əndişəsinin arxasında Azərbaycan qazının Avropaya çıxmaq ərəfəsində olmasıdır. Təsadüfi deyil ki, Rusiya mətubatı “Şahdəniz” qazının iqtisadi səmərəsizliyi haqda vaxtaşırı “analitik” yazılar dərc edir (Məsələn, 24 mart 2013-cü ildə The Moscow Times-da dərc olunan ““Şahdəniz” qazına azalan maraq” adlı məqalənin dərci).
“Şahdəniz Faza 2” yatağındakı qazın Nabucco Qərb boru kəməri vasitəsi ilə Avropa bazarına çıxarılması Tükiyənin yuxarıda qeyd olunan istək və arzusunun həyata keçirməsi üçün olduqca mühüm rol oynayır. Belə ki, əvvəl dövriyyədə olan Nabucco layihəsinin qısaldılmış versiyası olan Nabucco Qərb boru kəməri Azərbaycan qazının Türkiyə - Bolqarıstan sərhəddindən Avstriya bazarına daşınmasını nəzərdə tutur. Botas şirkəti timsalında bu kəmərdə hətta paya sahib olan Türkiyə bu kəmərin çəkilməsinə böyük əhəmiyyət verir. TAP (Trans Adriatik Boru Kəməri) layihəsində isə Türkiyə ümumiyyətlə paya sahib deyil (burada payların 42,5 faizi İsveçrənin AXPO şirkətinə, 42,5 faizi Norveçin Statoil şirkətinə və 15 faizi Almaniyanın E.ON Ruhrgas şirkətinə məxsusdur). Yəni, Tükiyənin TAP-da rolu Nabucco Qərblə müqayisədə zəifdir. Təsadüfi deyil ki, Türkiyənin enerji naziri Taner Yildiz 8 aprel tarixli müsahibəsində ölkəsinin Nabucco Qərb layihəsinə üstünlük verməsi haqqında bəyanat səsləndirmişdir. Türkiyə tərəfi hətta daha irəli gedərək TANAP (burada Türkiyə müstəsna rola malikdir) layihəsinin əhəmiyyətini vurğulamaqda və Azərbaycanla bu istiqamətdə xeyli işlərin görüldüyünə eyham vurmaqda davam edir. Azərbaycan tərəfi isə TANAP layihəsində hələ razılaşdırılmamış bir neçə prinsipial məsələlərin qaldığını qabardır (belə bəyanatlar SOCAR rəhbərliyi səviyyəsində səslənmişdir). Yəni, açıq göründüyü kimi Türkiyə Azərbayan tərəfinin ona sərf edən variantı seçməsində israrlıdır.
Qeyd olunmalıdır ki, hər iki kəmərin iqtisadi səmərəliliyi bir o qədər də fərqli deyil. TAP layihəsində borunun diametri 42 düyüm, Nabucco Qərbdə isə borunun diametri 48 düyüm. Nabucco Qərb 500 milyon daha baha başa gəlsə də, gələcəkdə daha çox qazın daşınması üçün əlavə imkana malikdir. İqtisadi səmərəliliyi bir-birinə çox yaxın olan bu kəmərlərdən hansının seçilməsində Azərbaycan tərəfinin uzun illər yürütdüyü şaxələnmiş boru kəmər diplomatiyasının prinsipləri durur. Başqa sözlə, Azərbaycan Türkiyədən də asılılığını nəzarətdə saxlamaq istəyir. Təhlilçi Andrew MacDowall-un da qeyd etdiyi kimi Azərbaycanın Türkiyə ilə enerji sektorunda əməkdaşlığı yüksək səviyyədə olsa da Türkiyə bu ölkəyə münasibətdə əvvəlki dominant rolunu oyanaya bilmir. Azərbaycan tərəfinin qərbə yönəlik siyasəti əsas sütun olaraq dəyişməz qalsa da, bir ölkədən (Türkiyədən) tam asılılığa yol verilməməsi siyasətinin yürüdülməsi Türkiyəni “narazı salır”.
Yuxarıda proseslərin analizi göstərdiyi kimi Rusiya və Türkiyə Azərbaycanın yürütdüyü boru kəmər siyasətindən narahatdırlar. Məsələnin maraqlı tərəfi ondadır ki, hər iki ölkə Azərbyacana oxşar mexanizmlərlə təsir etməyə çalışırlar. Bu mexanizmlər əsasən nüfuzlu mediya qurumları vasitəsi ilə Azərbaycan hakimiyyətini beynəlxalq arenada və daxildə nüfuzdan salmaqdan ibarətdir.
Təsadüfi deyil ki, bu ilin əvvəlində Azərbaycanlı yazıçı Əkrəm Əylislinin kitabı ətrafında yaranmış hadisələrlə bağlı bəzi beynəlxaq media orqanlarının reallığı əks etdirməyən yazıları Rusiya tərəfdən xüsusi formada həyata keçirilmişdi. Məsələn, ciddi olmayan yerli partiya liderlərindən birinin yazıçının qulağının kəsilməsi ilə bağlı qeyri–ciddi bəyanatı ilk dəfə “The Washington Post” qəzetinin Moskva təmsilçiliyi vasitəsi ilə 12 fevral 2013-cü ildə xüsusi manşetlə dövriyyəyə buraxıldı. Ardınca xeyli nüfuzlu qəzetlər Azərbaycanda “qulaq kəsilir” başlıqlı xəbərləri ilə ölkə haqqında orta əsrlərə məxsus imic yaratmağa çalışdılar. O da vurğulanmalıdır ki, yazıçının kitabı Rusiyada çap olunmuşdur.
O da təsadüfi deyil ki, bu yaxınlarda “Offşor Leaks”-də Azərbaycan rəhbərliyi haqqında yer alan “məlumat” Türkiyə mətbuatı vasitəsi ilə misli görünməmiş formada qabardıldı. Bir çox digər dövlətlər haqqında da yazıların getdiyi “Offşor Leaks”-də Azərbaycana aid hissə doqquzdan çox Türkiyə mətbuat orqanının manşet yazısına çevrildi. Son dövrlər ilk dəfə idi ki, o qədər də azad olmayan Türkiyə mətbuatında Azərbaycana dair bu formada yazılar getdi və bunun arxasında Türkiyənin yuxarıda təhlil edilən arzu və istəklərinin durmasını görmək o qədər də çətin deyil.
Məsələnin digər maraqlı tərəfi “Offşor Leaks”-in yayımlandığı təşkilatın yerləşdiyi ölkənin (ABŞ-ın) Azərbaycanın şaxələnmiş ixrac boru kəmər siyasətini nəzarətdə saxlamaq istəyinin durmasıdır. Xüsusi ilə Çinin son illər bu regionun enerji resurlarına marağının yüksəlməsi ABŞ-ın bu nəzarətinin artmasınıın arxasında dayanan əsas hədəfdir. Siyasi təhlilçi və Oakland universitetinin professoru Paul Kubicekin də vurğuladığı kimi Çinin bu regionun enerji resurslarına artan marağı region ölkələrinin təbii ehtyatları üçün alternativ bazar yaradır.
Rusiya və Türkiyənin Azərbaycana qarşı oxşar mexanizmlərlə təsir göstəmək istəyi isə 21-ci əsrin tələbi və bəlkə də yeganə vasitəsidir. Yəni, 1993-1995-ci illərdə Rusiya və Türkiyə tərəfindən Azərbaycana Əsrin Kontraktının imzalanması ərəfəsində təsir mexanizmi kimi daxili qüvvələri dəstəkləməklə dövlət çevrilişinə belə cəhdlər edilirdisə, indi bu mümkün deyil. Çünki nə Azərbaycan o illərin Azərbaycanıdır, nə də 2013-cü il o ildir. O dövrdə Azərbaycan öhdəsində olan az resurslarla birbaşa və dolayı hərbi təhdidlər qarşısında tab gətirərək Əsrin Kontraktının imzalanmasına nail olsa da, hazırki dövrün formaca yeni xarici təsir mexnizmlərlərinə qarşı mübarizədə tab gətirərək qaz ixrac boru kəmərinin – suverenliyin növbəti qarantı – reallaşmasına hansı formada nail olunacağı zamanla müəyyənləşəcək.
Təsəvvürdə canlandırılması belə çətindir ki, bir sıra mətbu orqanların əsaslandırmağa çalışdığı kimi Türkiyə və Rusiyanın narazılıqlarının arxasında Azərbaycanda demokratiyanın inkişafı durur.
Məsələ ondadır ki, bu dövlətlər Azərbaycanın enerji sektorunun inkişafında növbəti mərhələyə qədəm qoymaq ərəfəsində daha çox pay almağa və ya daha sərfəli varianta nail olmağa çalışırlar. Bəzi analitiklərin vurğuladığı kimi təzyiq mexanizmlərinin seçki və ya demokratiya ilə əlaqəsi yoxdur, burada sadəcə seçki öncəsi həssas dövrdən istifadə olunmaq planı müşahidə olunur. Bu təzyiqlərin qarşısında rəsmi Bakının tab gətirmə müddətinə dair proqnozlar vermək çətin olsa da, bu təzyiqlərin (“qulaq kəsənlər ölkəsi” imici, “offşor leaks” və “wiki leaks” kimi yazılar) davam etmə müddətinin hazırda müzakirə olunan qaz boru kəmərlərindən birinin çəkilişinin tam reallaşacağı günə qədər olacağını proqnozlaşdırmaq o qədər də çətin deyil.
Turan Məmmədli İstifadə olunmuş ədəbiyyat siyahısı:
Situating the ‘Balanced Foreign Policy’: The Role of System Structure in Azerbaijan's Multi-Vector Diplomacy, Jason E. Strakes, Published in: Journal of Balkan and Near Eastern Studies, vol. 15, no. 1, 2013, pp. 37-67,https://dx.doi.org/10.1080/19448953.2013.766085
Why Europe should change its approach to Azerbaijan, Rem Korteweg, 25 March 2013,https://hasen.org.tr/content/userfiles/files/Azerbaijan_as_a_regional_hub_in_central_eurasia_-_aral_k_2012_3.pdf
Less Interest in Shah Deniz, The Moscow Times, 24 March 2013 | Issue 5094,https://www.themoscowtimes.com/business/article/less-interest-in-shah-deniz/477368.html#ixzz2OdQSSH17
Integration in energy and transport amongst Azerbaijan, Georgia and Turkey, Alexandros Petersen - PhD thesis, LSE , 2012, URL:https://etheses.lse.ac.uk/532/
Azerbaijan treads a cautious diplomatic path, Andrew MacDowall, BNE, March 22, 2013,https://www.bne.eu/storyf4701/Azerbaijan_treads_a_cautious_diplomatic_path
Tükiyə enerji nazirinin bəyanatı,https://www.azernews.az/oil_and_gas/51863.html
Russia’s Energy Weapon, Ágnes Gereben, Hungarian Review (Hungarian Review), issue: 01 / 2013, pages: 33-40,https://www.ceeol.com/aspx/getdocument.aspx?logid=5&id=90ac7b432fa54bf3bf8d2e1040999db4
Energy politics and geopolitical competition in the Caspian Basin, Paul Kubicek, Journal of Eurasian Studies,https://www.sciencedirect.com/science/article/pii/S1879366513000171