Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı
SOSİAL
23:12 04.08.2026
114
Nikah dövründə əldə edilən və ya həmin müddətdə dəyəri artırılan əmlak boşanma zamanı tərəflər arasında mübahisə yaradan əsas məsələlərdən biridir. Xüsusilə mənzilin təmirinə çəkilən xərclərin hansı hallarda ümumi əmlak payına daxil edilməsi və tərəflərin hüquqlarına necə təsir göstərməsi məhkəmə proseslərində tez-tez gündəmə gəlir.
Bəs nikah dövründə mənzilin təmirinə sərf olunan vəsait hansı hallarda ortaq əmlak kimi qiymətləndirilə bilər və bu iddianı sübut etmək üçün hansı sənədlər tələb olunur?
Vəkil Tural Həsənli Demokrat.az-a açıqlamasında bildirib ki, nikah dövründə mənzilin təmirinə çəkilən xərclərin tərəflər arasında bölünməsi üçün əsas şərtlərdən biri həmin təmir işlərinin nikah dövründə, yəni tərəflərin ailə təsərrüfatını birlikdə apardıqları müddətdə həyata keçirildiyinin sübuta yetirilməsidir.
Onun sözlərinə görə, bu hal təsdiqləndiyi təqdirdə, təmir nəticəsində mənzilin dəyərində yaranan artım məhkəmə tərəfindən əmlak bölgüsü zamanı nəzərə alına bilər:
"Belə mübahisələrdə tərəflər iddialarını müxtəlif sübut vasitələri ilə əsaslandıra bilərlər. Sübut kimi təmir işlərinin aparıldığını və xərclərin çəkildiyini təsdiqləyən yazılı sənədlər, qəbzlər, müqavilələr, ödəniş sənədləri, həmçinin təmir materiallarının alınmasına dair sənədlər təqdim oluna bilər. Bundan əlavə, təmir nəticəsində mənzilin dəyərində artım olub-olmadığını müəyyən etmək üçün ekspert rəyi də mühüm sübut vasitələrindən biri hesab olunur.
Məhkəmə prosesində şahid ifadələri də nəzərə alına bilər. Məsələn, təmir işlərinin nə vaxt aparılması, hansı şəxslərin iştirakı və xərclərin hansı mənbədən qarşılanması ilə bağlı məlumat verən şahidlərin ifadələri tərəflərin mövqeyinin qiymətləndirilməsində rol oynaya bilər. Lakin hər bir sübut ayrıca deyil, digər təqdim olunan materiallarla birlikdə qiymətləndirilir və yekun qərar məhkəmənin araşdırması əsasında qəbul olunur”, - deyə Tural Həsənli fikrini tamamlayıb.