“Boşanmış qadın nə qədər təmiz olsa da, ona kənardan pis gözlə baxırlar” - Leyla Rəhimova ilə MÜSAHİBƏ

MÜSAHİBƏ
14:08 29.02.2024
8649

AZXEBER.COM-un "Gəl danış” rubrikasının bu həftəki qonağı istedadlı müğənni Leyla Rəhimovadır.

 

 


"Mənim səhvim onda olub ki, mən heç vaxt özümü sevməmişəm”

 - Salam Leyla xanım, necəsiniz?

Salam, yaxşıyam, xoş gəlmisiniz.

- Amerikadan qayıdandan sonra, Azərbaycanı necə gördünüz? 

Azərbaycanda çox şey dəyişib. Xüsusən də sənət sahəsində. Mən də sənətim üçün müəyyən şeylər etmək istəyirəm.

- Hər insanın kariyerasının əvvəli olduğu kimi sonu da var. Amma siz kariyeranızın zirvəsində sənəti tərk edib Amerikaya köçdünüz. Bu seçim sizə nələri qazandırdı, nələri aldı?

Mən üç övlad qazandım. İtirdiyim isə uşaqlıqdan bəri min bir əziyyətlə qazandığım sənətim oldu. Qalxdığım pillələri gedişimlə yerə vurdum. Məni tanıyan hər kəs bunu deyir. Sənətdən elə bir anda getdim ki, heç kəs bunu etməzdi.

- Kariyeranızda yeni bir cığır açmısınız, bu da aparıcılıqdır.

Bəli, MTV Azərbaycan kanalında həftədə bir dəfə musiqili verilişim yayımlanır. Bu təklif Tarix Əliyevdən gəldi. Mən tərəddüd edirdim ki, alınmaz. Amma deyəsən alınır. Özüm də bu işə həvəsliyəm.

- Vətənə dönəndən sonra sənət camiəsindəki dostlarınızdan özünüzə qarşı səimimiyyət hiss etdiniz?

Ümumiyyətlə mənim dostum olmayıb, indi də yoxdur. Dost yoxdur, heç vaxt da ola bilməz. İnsanları yaxınına buraxanda başqa şeylər ortaya çıxır. Mən bir insana dostum deyirəmsə, sənəti kənara qoyuram. Sənət adamları içərisində Kamilə Nəbiyeva, Bəyimxanım Vəliyeva ilə illərdir dostluq edirəm. Rahatlıqla deyə bilərəm ki, onlar mənim ailəm kimidirlər. Hər zaman mənə "heyif səndən” deyirlər. 

"Ehtyacım olduğu heç bir anda, atam mənim yanımda yox idi, onu bağışlamaram”

- Ailədə tək övlad olaraq böyümüsünüz. Ananız çətinliklərlə böyüdüb sizi. Taleyiniz də oxşar oldu. Sizi ananızdan fərqləndirən tək səbəb üç övladınızın olmasıdır. Üç övlad sahibi olmaq arzusu uşaqlıq travmalarınızdan irəli gəlir? 

Övlad Allahın verdiyi bir paydır. Mən planlı şəkildə ailə qursaydım, bir övladla kifayətlənərdim və ya heç övlad istəməzdim. Bu qismətdir, həyat belə gətirdi. Sevərək ailə qurmuşam. Elə buna görə də burada qazandığım hər şeyi atıb onunla Amerikaya gözübağlı getmişəm. Getməyimə səbəb Amerika deyildi, onu sevdiyim üçün getmişdim. Amerikaya görə ailə qursaydım, ayrılıb elə orada da qalardım.

- Bu gün ananızın taleyini qismən də olsa siz yaşayırsınız. Övladlarınızı tək böyüdürsünüz. Dəstəyiniz kimdir? 

Tək dəstəkçim anamdır. Allah ona can sağlığı versin . Mən bilirəm atasızlıq nədir. Ona görə istəmirəm övladlarım bu hissi yaşasın.

- Ata qayğısı görməyən qızlar, hər hansı kişidən bir az nəvaziş görəndə bunu sevgi sanır. Sizcə qadın sevgiyə "ac” olduğu üçün kişilərə inanır?

Bəli, sevgiyə möhtac olan qadınlar bu sevgini kişilərdə axtarır. Düşünürəm ki, ailələr uşaqlara sevgini yetərincə göstərib, hiss etdirməlidir ki, böyüyəndə hansısa kişinin sevgisinə möhtac olmasınlar. Əks halda səhv addım atmış olacaqlar. 

- Atasızlıq böyüməyin mənfi cəhətləri nələr olub?

Atasız böyüdüyüm üçün müəyyən travmalarım var. Həmin dönəmlər anam üzərimdə çox hökmranlıq edib. Mənə sərt davranıb. Hazırda 3 uşaq anası olmağıma və ayrılmağıma baxmayaraq yenə də anam hər işimə nəzarət edir. Harada və kiminlə olduğumu bilməlidir.

- Atanız yadınıza düşür? 

Mən onsuzda qəlbiqırıq insan idim, anamla çox ağır həyat yaşamışdıq. Buna görə də atamı qəbul etmirəm. Atama ehtiyyac duyduğum heç bir vaxt mənim yanımda olmayıb. O lazım olan anlarda mənim yanımda olmayıbsa, bundan sonra da o insan mənə lazım deyil. O insanı heç vaxt sevməmişəm, indi də sevmirəm. Amma mənim uşaqlarm atalarını çox istəyirlər. Mən istəmərəm ki, övladlarım o istəyi itirsinlər. Qarşı tərəf elə düşünür ki, mən buna mane oluram. Amma inanın ki, elə deyil. Məni tanıyan hər kəs bilir ki, çalışdığım qədər hər zaman uşaqlara atanızla danışın deyirəm. İstəmirəm ataları yadlarından çıxsın. Çünki bu hisslərin nə olduğunu bilirəm. 

- Sizcə niyə ailələr dağılanda hər zaman qadınlar qınanır? 

Mən zamanında boşanan qadınları çox qınamışam, sonunda da başıma gəldi. Boşanan qadınlara baxıb, axı yoldaşı yaxşıdır, niyə boşanırlar deyə düşünürdüm? Bunları gördüyüm üçün ailə quran zaman özümə söz verdim ki, boşanmayacam. Düşünürdüm ki, məni onun kimi sevən bir də olmayacaq.

- Onu seçməkdə ya sevməkdə səhv etdiniz?

Mənim səhvim özümü sevməməkdə olub. Elə bilirdim ki, məni heç kəs sevməz. Onunla tanış olanda qarşı tərəf mənə o qədər sevgi göstərdi ki, düşündüm ki, qismətim elə bu insandır.

"Boşanmış qadın nə qədər təmiz olsa da , ona kənardan pis gözlə baxırlar”

- Heç onu sevməklə səhv seçim etdiyinizi düşünmüsünüz?

Məni tanıyan hər kəs bilir ki, hər zaman boşanmaqdan qorxmuşam. Ona görə də gec ailə qurmuşam. Çox istəyirdim ki, ailəm ömürlük olsun, üzərimdə "boşanmış qadın” adı olmasın. Çünki boşanmış qadın nə qədər də təmiz olsa, ona kənardan pis gözlə baxırlar. Mən hər şeyə dözməyə hazır idim. Ona görə hətta sənətimi belə atmışdım. Bu addımımı hər kəs birmənalı qarşılmayıb, məni qınayanlar da çox olub. Amma mənim nə yaşadığımı heç kim bilmir. Mən ona görə, ailəmə görə arzularımı heçə saymışdım. Bəzən düşünürəm ki, bəlkə də o insan mənim qismətim deyildi. Bəlkə də mən yalnış seçim eləmişəm. Yaşadıqlarımdan sonra qızlarımın ailə qurmasını istəmirəm.

- Amma söhbətimizdən belə hiss edirəm ki, ailə qurmağınıza peşman deyilsiniz.

Bəli, onunla yaşadıqlarıma peşman deyiləm. Peşmanlığım sadəcə sənətimə görədir, itirdiyim illərim üçündür. İndi sənət baxımından çox öndə ola bilərdim.

- Ayrılıq xəbərini yoldaşınızın sosial şəbəkə hesabında yazdığı "status” vasitəsilə öyrənmisiniz. Öz qərarınızla boşanma həyata keçsə idi, bu qədər incidərdi sizi?

- Bilən bilir ki, bu ayrılıq paylaşımını qarşı tərəf edib, mən yox. Çünki problemlərimiz olsa da, düşünürdüm ki düzələcək... Aramızda problemlər bir il öncədən başlamışdı. Hisslərimə güvəndiyim üçün onu əbəs yerə qısqandığımı düşünmürəm. Bunun üçün əsaslı səbəblərim var idi. Bütün bunlara baxmayaraq anam hər zaman "Leyla, dünya dağaılsa da sən boşanmayacaqsan” deyirdi. Bakıya gəldik, münasibətlərimiz normallaşmağa doğru gedirdi. Hətta Azərbaycana qayıtmağı da düşünürdük, burada yaşayacaqdıq. Ancaq olmadı. Keçmiş həyat yoldaşımın paylaşımını görəndən sonra barışmayacağıma dair söz verdim. Çox qırılmışdım. Artıq heç nə əvvəlki kimi ola bilməzdi.

- Ayrılığınıza səbəb xəyanət olub?

Bilmirəm, xəyanəti heç vaxt boynuna almayıb. Bəzi şeylər var ki, onları açıqlamaq istəmirəm. Çünki o övladlarımın atasıdır. Bizim münasibətimiz pozulsa da, uşaqlarım gələcəkdə dediklərimə baxıb nələrisə bilmələrini istəmirəm. 

- Qeyd etdiniz ki, iki qız övladınız var. Onları necə böyüdürsünüz? Qızını döyməyən, dizini döyər?

Mən heç vaxt övladlarıma əl qaldırmamışam. Baxmayaraq ki, sakit uşaq olsam da anam məni çox pis döyürdü. İndi övladlarımın əziyyətini anam çəkir. Amma bu zəmanə mənim kimi aciz insanlar üçün deyil. Böyük qızım mənim xasiyyətdə olduğu üçün onun da sonunun mənim kimi ola biləcəyindən çox narahatam. Ortancıl qızım isə aktivdir, ondan arxayınam.

"Fikrimcə qadın bir dəfə ailə qurar” 

- Psixologiyada unutmaq üçün bağışlamalısınız anlayışı var. Buna münasibətiniz necədir?

Mənə olunan haqsızlıqları, pislikləri heç vaxt bağışlaya bilmərəm. Unuda bilmədiyim şeylər bağışlamağıma mane olur. Ola bilər dildə deyim ki, bağışladım, amma daxildə əsla. Allaha tapşırıram sadəcə. Bu günkü günü mən heç atamı belə bağışlamağı düşünmürəm, mən ona halallıq vermərəm. Qaldı ki, keçmiş yoldaşıma. Bilmirəm, bəlkə də haçansa onu bağışlayaram. Amma ona haqqımı halal edirəm. Ən azından uşaqlarımın atasıdır, sevdiyim insan olub. Amma o mənə elə şeylər yaşadıb ki, onları ölsəm də bağışlamaram. İnamım itib, güvənim, sevgim ölüb. Heç kimə inana bilmirəm, sevə bilmirəm.

- İkinci dəfə ailə qurmağı düşünürsünüz?

Xeyr, əsla. Mənim üç övladım var, bu mənə yaraşmaz. Kimsə yalnış anlamasın, ikinci dəfə ailə quran qadınlara heç də pis baxmıram. Amma mənə görə qadın bir dəfə ailə qurar. Alınsa nə gözəl. Ailə sadəcə ərdən ibarət deyil ki?

Aysel Hacızadə

Həsən Quliyev

 

 

OXŞAR XƏBƏRLƏR