“BP şirkəti məhkəməyə verilir. Məhkəmə qarşısında iddia şirklətin baş ofisindən işdən çıxarılan əməkdaşlar tərəfindən qaldırılır. Bu şəxslər BP şirkətinin rəsmiləri tərəfindən hüquqlarının pozulduğunu hesab edirlər və bu səbəbdən də problemin həllini məhkəmə araşdırılmaısnın aparılmasında görürlər. Hazırda sənədlər hazırlanır və yaxın günlərdə sənədlər məhkəməyə təqdim olunacaq”.
Bu barədə AZXEBER.COM-a Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Mirvari xanım bildirib ki, “BP Azərbaycan” şirkəti tərəfindən atılan bu addım çalışanlara əvvəlcədən xəbərdarlıq edilmədən icra edilir. Müsahibimiz qeyd edib ki, işçilərdən bir hissəsi artıq qəfildən ixtisar edilib: ““BP Azərbaycan” şirkətinin bir müddət bundan öncə rəsmi şəkildə yaydığı açıqlamasında bildirirdi ki, şirkət dünya bazarlarında neftin ucuzlaşmasına görə, işçilərinin sayını 15 % azaltmağa qərar verib. “BP Azərbaycan” şirkətinin Təchizat Bazasında – ASKO-dan işdən çıxanlara əvvəlcədən işdən kənarlaşdırılacaqları barədə bildirişlər, ümumiyyətlə, heç bir rəsmi sənəd təqdim olunmayıb. Halbuki Əmək Məcəlləsinin tələblərinə görə, işçi iki ay əvvəldən bu barədə rəsmi xəbərdarlıq almalıdır. Şirkət ixtisar adı ilə işçiləri qanunsuz işdən çıxarıb. Biz bu səbəblərə görə, məhkəməyə iddia hazırlayırıq. “BP Azərbaycan” şirkəti məhkəməyə veriləcək”.
Məlumat üçün bildirək ki, BP ”Azərbaycan” şirkətində işçilər 3 istiqamətdə çalışırlar. Bir qrup işçilər şirkətin aparatında ofislərdə çalışırlar. İkinci istiqamət – şirkətdə müqavilələr əsasında çalışırlar, əvvəlcədən müqavilədə müəyyən olunaraq göstərilmiş müddətlər bitdikdə onların fəaliyyətinə xitam verilir. Üçüncü istiqamət isə - şirkətdə layihələr əsasında çalışanlardır. Bu işçilər isə ixtisara salına bilməzlər. Həmin işçilərin fəaliyyətinə yalnız layihədə nəzərdə tutulan müddət bitdikdə xitam verilə bilər. Əldə etdiyimiz məlumatlara görə, BP “Azərbaycan” şirkətində fəaliyyətinə qeyri-qanuni şəkildə xitam verilərək ixtisara salınan əməkdaşlar ofisdə çalışan işçilərdir.
M.Qəhrəmanlı hazırda işdən çıxarılanların sayının dəqiqləşdirildiyini söylədi.
Bəzi məlumatlara görə, BP “Azərbaycan” şirkətindən işdən çıxarılanların sayının 40-a yaxın olduğu deyilir.
Ekspertlər bu addımları dünyada neftin qiymətlərinin yaxın vaxtlarda yüksəlməyəcəyi məqamları ilə bağlayırlar.
Orxan