Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında bildirib ki, iclasda partiyanın namizədlər siyahısı barədə qərar verilib.Onun sözlərinə görə, YAP hazırda Milli Məclisdə təmsil olunan deputatlarının əksəriyyətinin siyahı üzrə yenidən namizədliyini irəli sürüb: “Namizədlikləri irəli sürülməyənlər əsasən rektor deputatlardır. Hazırkı deputatlarımızdan 80 faizinin – 53 nəfərinin namizədliyi yenidən irəli sürülüb. Namizədlikləri irəli sürülməyənlərdən bir hissəsi rektorlardır. Seçim qoyuldu: ya rektorluq, ya parlament. Ona görə də qərar verildi ki, rektorların bir hissəsi parlamentdə qalsın, digərləri isə rektor kimi fəaliyyətlərini davam etdirsin”.
AZXEBER.COM-a rektorluqda qalacaq deputatların adı bəlli olub. Bu Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və Memarlıq və İnşaat universitetinin rektoru Gülçöhrə Məmmədovadır. Hər iki şəxs növbəti parlament seçkilərində iştirak etməyəcək. Xarici Dillər Universitetinin rektoru Səməd Seyidovun adı isə hakim partiyanın namizədləri siyahısında saxlanılıb.
İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyev də seçkilərdə iştirak edəcək.
YAP-ın tam siyahısı isə yaxın saatlarda bəlli olacaq.