"Bu, dövlətçiliyə qarşı düşünülmüş kampaniyadır" - Deputat FHN-də yayılan videolar haqda danışdı

SİYASƏT
12:50 19.08.2022
3794
"Fövqəladə Hallar Nazirliyinə qarşı bu cür yanaşmalar xoşagələn bir yanaşma deyil. Bu, Azərbaycan dövlətçiliyinə qarşı, dövlət qurumlarına qarşı sanki düşünülmüş bir kampaniyadır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının yayılan görüntülərindən sonra FHN-ə qarşı deyilən fikirlərə münasibət bildirərkən deyib. 

Deputat qeyd edib ki, bunlar FHN-i hörmətdən salmağa xidmət edən yanaşmalardır:

"İlk növbədə araşdırmaq lazımdır ki, bu yaramaz hərəkətlərə yol verən şəxs nəyə görə bunu düşünülmüş şəkildə videoya çəkib və nəyə görə üstündən xeyli müddət keçdikdən sonra onu yayıb. Əslində, bunlar Fövqəladə Hallar Nazirliyini hörmətdən salmağa xidmət edən, qəbuledilməz, anormal yanaşmalardır. Mən deyərdim ki, bu, Fövqəladə Hallar Nazirliyində özünə, ailəsinə çörək qazanan, polkovnik rütbəsi səviyyəsinə qalxan bir insanın xəyanətidir”. 

F.Ağamalının sözlərinə görə, bu hərəkəti ümumiləşdirərək Fövqəladə Hallar Nazirliyinin üzərinə getmək doğru deyil:

"Digər qurumlara da bu tip xoşagəlməz yanaşmalar var. Onların içərisində müəyyən həqiqətlər olsa da, çoxu şişirtmə və böhtandır. Əlbəttə, nöqsanları, səhvləri göstərmək lazımdır. Lakin bu cür halların özü şübhəsiz ki, heç cür qəbuledilən deyil. Yəni bu hərəkət, bunun nəticəsi və müzakirəyə çıxarıb ümumiləşdirərək, bütövlükdə Fövqəladə Hallar Nazirliyinin üzərinə getmək doğru deyil. Bu, çox ədalətsiz yanaşmadır. Bu nazirliyin yarandığı gündən Azərbaycan dövlətçiliyi qarşısında xidmətləri var. Cənab Prezident tərəfindən bu nazirliyin qarşısına qoyulan vəzifələr yerinə yetirilib və peşəkar bir nazirlik kimi fəaliyyətini hər zaman konkret real həyatda görmüşük”. 

"Təəssüf edirəm ki, bir nəfərin hərəkətini bütövlükdə Fövqəladə Hallar Nazirliyinə - həyatını riskə atıb od-alovla mübarizə aparan qəhrəman övladlarımıza, onların fəaliyyətinə kölgə salmaq heç cür qəbuledilən deyil. Ona görə də, bu cür hallara qarşı sosial şəbəkələrdə elə bir yol tapılmalıdır ki, dövlətçiliyimizə ziyan gəlməsin”, - deyə deputat əlavə edib.
 
 Aydın Nuri

OXŞAR XƏBƏRLƏR