Arteriovenoz malformasiyaların (AVM) cərrahi müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır.
AZXEBER.COM xəbər verir ki, ötən il ərzində icbari tibbi sığorta hesabına 52 AVM əməliyyatıicra olunub.
AVM beyin və ya onurğa beynində qeyri-normal damar birləşmələri nəticəsində yaranan damar dolaşıqlığıdır. AVM-lər anadangəlmə qüsur sayılır və dünyada nadir xəstəlik hesab olunur. Bir çox insanlar həyatı boyunca heç bir simptom olmadan yaşayır.
Bu vəziyyət qan axınının düzgün tənzimlənməsini pozur və zamanla beyin qanaxmalarına, epileptik tutmalara, əzələ zəifliyinə (iflic), insult və digər nevroloji problemlərə səbəb ola bilər. Yerləşməsindən asılı olaraq ətraf funksiyaların pozulması (hərəkətləri koordinasiya etmə qabiliyyətinin) halı da baş verə bilər.
Xəstəlik şiddətli baş ağrıları, bədənin müxtəlif hissələrində uyuşma, görmənin zəifləməsi və ya itməsi, eləcə də danışıqda çətinliklər kimi ciddi simptomlarla özünü göstərə bilər.
Belə ki, AVM-nin cərrahi müalicəsi onun yerləşdiyi bölgə, ölçüsü, xəstənin yaşı və digər amillər əsasında aparılır. Tibbi göstəriş olduğu təqdirdə əməliyyat açıq üsulla icbari tibbi sığorta çərçivəsində icra olunur.
Məlumat üçün bildirək ki, xəstəliyin dəqiq diaqnozu üçün müasir diaqnostik üsullar tətbiq edilir. Müayinələr sırasında MRT, KT, beynin bioelektrik fəaliyyətini ölçmək üçün elektroensefalogram (EEG), doppler və serebral angiografiya yer alır. Əlavə olaraq, əməliyyata əks göstərişin olmadığını müəyyən etmək üçün qan analizi və digər laborator müayinələr də tələb oluna bilər. Qeyd edilən instrumental, funksional-diaqnostik və laborator tibbi xidmətlər icbari tibbi sığorta hesabına göstərilir. Bununla yanaşı, stasionar yatış zamanı istifadə olunan dərman, tibbi sərfiyyat və gündəlik qidalanma da icbari tibbi sığortaya daxildir.
Bu əməliyyatlar TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) göndəriş vərəqəsi əsasında həyata keçirilir.
Onu da əlavə edək ki, cərrahi əməliyyat nəticəsində beynin funksiyaları qorunur, həyat keyfiyyəti yaxşılaşır və gələcəkdə yarana biləcək ciddi nevroloji risklər aradan qaldırılır. Xəstələr əməliyyat sonrası tibbi nəzarətdə qalmalı, həyat tərzlərinə diqqət etməli və yeni simptomlar müşahidə etdikdə dərhal həkimə müraciət etməlidirlər.