Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə ilə yanaşı bu il həm də Lənkəran şəhərində keçiriləcək. İmtahanlar saat 14.00-da başlayır. Magistr adı uğrunda keçiriləcək imtahanda iştirak etmək üçün 16510 bakalavr ərizəsini təsdiq etdirib.
Xatırladaq ki, magistraturaya ərizələrin qəbulu yanvarın 25-dən fevralın 7-dək davam edib. İmtahanların birinci mərhələsində bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunur. Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən ümumi intellekt səviyyəsini (məntiqi təfəkkür) yoxlayan testdən topladığı bal 20-dən, informatika üzrə testdən topladığı bal 10-dan, xarici dil üzrə testdən topladığı bal 10-dan az olmayan bakalavrlar qəbul imtahanının ikinci mərhələsinə buraxılırlar.