Bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunda 2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair qərar elan ediləcək. Seçkilərin nəticələri ilə bağlı ilk iclas noyabrın 26-da keçirilb. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçən iclasda hakimlər Fikrət Babayev və Rafael Qvaladzenin Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi yekun protokolunun, habelə dairə seçki komissiyalarının protokollarının (onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlanılmasının nəticələrinə dair məruzələri dinlənilib. Sonra Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, sədr müavini Şaitdin Əliyev və MSK katibi Natiq Məmmədov çıxış ediblər. Bakı Dövlət Universiteti hüquq fakültəsinin konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov ekspert rəyini, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşlarından ibarət mütəxəssislər qrupunun tərtib etdiyi arayışı isə Ulduzə Həmidova təqdim edib.
Bildirilib ki, parlament seçkilərinə hazırlıq və səsvermə prosesi Azərbaycan Respublikasının Seçki Məcəlləsi əsasında keçirilib. Seçkilərin demokratik, şəffaf və ədalətli keçirilməsi üçün bütün lazımi addımlar atılıb. Qeyd olunub ki, 50 minə yaxın yerli, 1000-dən çox xarici müşahidəçi seçki prosesini izləyib. Vurğulanıb ki, 4-cü çağırış Milli Məclisə seçkilərlə bağlı qanun pozuntusuna yol verilməsi barədə Respublika Prokurorluğuna 89 müraciət daxil olub. Həmin müraciətlərin araşdırılması nəticəsində 89 saylı Göyçay-Ağdaş seçki dairəsində namizədliyi qeydiyyata alınmış şəxs tərəfindən məntəqə seçki komissiyalarının işinə müdaxilə edilməsi, səsvermənin gedişinə maneə törədilməsi, seçki bülletenlərinin zor tətbiq edilməklə götürülməsi ilə bağlı 1 cinayət işi başlanıb, qalan müraciətlər üzrə müvafiq qərarlar qəbul edilib.
MSK-nın sədri Məzahir Pənahov bildirib ki, seçkilər ölkənin bütün seçki dairələrində təşkil edilib. Ölkə üzrə fəaliyyət göstərən 5314 seçki məntəqəsi lazımi avadanlıqla tam təmin olunub, 500 məntəqədə veb-kamera quraşdırılıb. Seçki marafonunda iştirak etmək üçün dairə seçki komissiyalarına 1043 vətəndaş müraciət edib, onlardan 743-ü qeydiyyata alınıb, 690 namizədin adı seçki bülletenlərinə daxil edilib. MSK sədri qeyd edib ki, bununla belə, səsvermənin gedişində bəzi qanun pozuntularına da yol verilib. Mərkəzi Seçki Komissiyası 46 seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab edib. Bunun seçkilərin ümumi nəticələrinə heç bir təsiri olmayıb. M.Pənahov bildirib ki, seçkilərin nəticələrinə dair Konstitusiya Məhkəməsinə təqdim olunmuş protokolu MSK-nın 17 üzvü imzalayıb.
Qeyd edək ki, 125 nəfərlik parlamentdə Yeni Azərbaycan Partiyası 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Demokratik İslahatlar Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Böyük Quruluş Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1, Ədalət Partiyası 1, Azərbaycan Sosial Rifah Partiyası 1, Ümid Partiyası 1 yer qazanıb. Mandat qazanan digər şəxslər bitərəflərdir.