Bunu SalamNews-a Cəlilabad rayonunun axundu Hacı Mahmud Əsgərov Qədr gecəsinin əməlləri və fəziləti barədə danışarkən bildirib.
O deyib ki, bu gecə Allah-Təala mələkləri yerə nazil edər və onlar bütün möminlərə sübhün çağına qədər salam edərlər: “Mələklərin salamlarının mənası bizim təsəvvür etdiyimiz salamlardan deyil. Mələklərin salamına misal gətirib dərk etmək istəsək, deyə bilərik ki, necə mələklər İbrahim peyğəmbərə (ə) salam verdilər, Allah İbrahimi (ə) Nəmrudun odunda nicat verdi. Mələklərin bu gecə insanlara salam verməsinin mənası insanın birillik müqəddəratının həll olunması deməkdir”.
Hacı Mahmud bildirib ki, bu gecə iki rəkət əhya namazı qılmaq müstəhəb əməllərdən sayılır. Hər rəkətdə 1 dəfə Fatihə və 7 dəfə İxlas surəsi oxunur. Namazın sonunda isə yerindən durmadan 70 dəfə "Əstəğfurullahə və ətubu iləyh", 70 dəfə İmam Əli (ə) qatilinə lənət oxumaq və 100 dəfə "Əstəğfurullahə Rəbbi ətubu iləyh" demək də müstəhəb əməllərdən sayılır.