'Bu görüşlər Rüstəm İbrahimbəyova xilaskar qiyafəsi geyindirə bilməz' - Millət vəkili

SİYASƏT
12:30 30.07.2013
1924

Xəbər verdiyimiz kimi, bu gün Milli Şuranın bir qrup üzvü o cümlədən Müsavat Başqanı İsa Qəmbər Milli Şuranın sədri və prezidentliyə namizədi Rüstəm İbrahimbəyovla görüşmək üçün Tiflisə gedəcək. 

Millət vəkili Zahid Oruc görüşlə bağlı fikirlərini bildirib. 

AZXEBER.COM-a açıqlamasında Tiflisdəki görüşün heç nəyi dəyişə bilməyəcəyini deyib: “Rüstəm İbrahimbəyov dəfələrlə verdiyi vədlər boş çıxdıqdan sonra belə illərdir siyasətlə məşğul olan insanları öz ardınca Tiflisə apara bilirsə, deməli, o həmin siyasətçilər üçün önəmli fiqurdur. Amma biz meydanlarda, hava limanında minlərlə insanın sözügedən şəxsi xilaskar qiyafəsində düşündüyünü görmürük. İndiki Milli Şuranı və siyasətçiləri Demokratik Cümhuriyyət dövründə olan Milli Şura və o dövrün əhəmiyyətli siyasət və publisistik adamları ilə qarışdırmaq olmaz. Düzdür, o vaxt da liderlər Tiflisdə görüşlər təşkil edirdilər, amma onlar daim nəsə yaratmaqla məşğul idilər. O dövrdə Azərbaycan müstəqil siyasət yürütməyə başlayanda həmin adamların hər biri işə yarayırdılar. İndiki vəziyyətdə isə görüşlərin Tiflisdə və ya başqa yerlərdə olması heç nəyi dəyişdirmir. Bir daha qeyd edirəm ki, bu görüşlər Rüstəm İbrahimbəyova xilaskar qiyafəsi geyindirə bilməz.”

Zahid Oruc Rüstəm İbrahimbəyovun təbiətən qorxaq olduğunu açıqlayıb: “Rüstəm İbrahimbəyov müəyyən bir şan-şöhrət qazansa da, təbiətən qorxaq insandır. Buna görə də heç kim onu qınamır. O, ciddi bəyanatlar versə də, onların arxasında necə duracağı barədə hesablamalar aparmır. Ona görə də Milli Şura yarandığı gündən müxalifət daxili birləşməni, inteqrasiyanı deyil, əksinə parçalanmağa doğru gedir. Bütün bu baş verənlər R. İbrahimbəyovun daxilən qorxaq insan olduğunu göstərməklə yanaşı, müxalifətin nə dərəcədə acınacaqlı olduğunu aydın göstərir.

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR