Milli Məclisin payız sessiyasının ilk iclasında deputata “məhkəmə” qurulacaq
İqtidar deputatlarına, hətta xanım deputatın rəfiqələrinə onun haqqında kəskin çıxışlar etmək tapşırılıb; mandat bazarlığının ifşası daxili qruplaşmaları ümumi maraqlar ətrafında birləşdirib.
Bu gün Milli Məclisin payız sessiyası işə başlayır. Sessiyanın ilk iclasında məlum videoçarx qalmaqalı ilə gündəmi zəbt edən deputat Gülər Əhmədovaya “linç məhkəməsi” qurulacaq. Bununla bağlı hakim partiyanın deputat fraksiyası xüsusi təlimatlandırılıb, YAP rəhbərliyinə xanım deputat haqqında çox kəskin, hətta müxalifət liderlərindən belə aqressiv çıxışlar etmək tapşırılıb. Bu barədə “Yeni Müsavat”a YAP rəhbərliyinə yaxın mənbələrdən məlumat daxil olub.
Mənbənin iddiasına görə, G.Əhmədova məsələsi qruplar arası mübarizə müstəvisindən çıxıb: “G.Əhmədova ilə Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev arasındakı mandat bazarlığının ictimailəşməsi hakimiyyətdaxili qrupların ümumi maraqları baxımından təhlükəlidir. Çünki parlament seçkisi ərəfəsində belə bazarlıqlar çox olub və onlar da üzə çıxarsa, Milli Məclis legitimliyini de-yure itirmiş olur. Məlum videoda nüfuzlu Avropa strukturları olan ATƏT və Avropa Şurasının da mandat bazarlığına qatılmasından danışılır. Bu, o deməkdir ki, G.Əhmədovanın işi təkcə daxili məsələ deyil və Qərbin Azərbaycan hakimiyyətinə təzyiqləri üçün yeni bir əsas yaradır. Ona görə də ümumi maraqlar bu məsələdə hakimiyyət daxili qrupların bir mövqedən çıxış etməsini zəruri edir. Ona görə də oktyabrın 1-də parlamentdə G.Əhmədovaya ”linç məhkəməsi" qurulacaq ki, hakimiyyət buna sərt münasibətini beynəlxalq aləmə nümayiş etdirə bilsin".
Qaynağın bilgisinə görə, bununla bağlı YAP-ın aparıcı simalarına konkret tezislər verilib, təlimatlandırılıb. Təlimatların bir özəlliyi də ondan ibarətdir ki, daha kəskin çıxışları G.Əhmədovaya yaxın olan xanım deputatlar səsləndirəcək. Mənbə həmin deputatların kimliyinə aydınlıq gətirməsə də, “Yeni Müsavat” kiçik araşdırma yolu ilə həmin qrupa daxil olan xanım deputatların təxmini siyahısını müəyyənləşdirib: Məlahət İbrahimqızı, Rəbiyyət Aslanova, Aytən Mustafayeva, Sevinc Fətəliyeva, Elmira Axundova, Bahar Muradova, Gövhər Baxşəliyeva, Gülçöhrə Məmmədova, Sevinc Hüseynova, Kamilə Əliyeva, Aqiyə Naxçıvanlı. Bu, G.Əhmədovaya həm də psixoloji zərbədir ki, müqavimət göstərmək düşüncəsini yaxın buraxmağa belə cəhd göstərməsin. Çıxışlarda hamı xanım deputatı lənətləyəcək və onu hakimiyyətin etimadından öz çirkin məqsədləri üçün istifadə etməkdə, dələduzluqda ittiham edəcək, ölkə rəhbərliyinə daxil olan şəxslərin adlarını “öz çirkin əməllərini həyata keçirmək üçün hallandırmasına” görə onu qınayacaqlar.
“Yeni Müsavat”ın ötən saylarında mötəbər mənbəyə istinadən məlumat yaymışdıq ki, hakimiyyətin üst qatını ən çox qıcıqlandıran “mən gedib camaatın prezidentdən keçən siyahısını pozdurmuşam” ifadəsidir: “Bu, siyasi hakimiyyətin fəlsəfəsinə və yazılmamış qanunlarına ziddir. Eyni zamanda, beynəlxalq təşkilatların bu çarxı siyasi hakimiyyətin əleyhinə yönəldəcəyi də siyasi hakimiyyəti narahat edir. Çünki hakimiyyət iddia edir ki, ölkədə korrupsiyaya qarşı mübarizə gedir. Ancaq parlamentin özünün belə korrupsiya yolu ilə formalaşdırılması barədə çarx gündəmi zəbt edib. Ona görə də G.Əhmədovanın bağışlanması sadəcə mümkün deyil”.
Qəzetimizi bilgiləndirən mənbə bu məlumatı da təsdiqləyir və bildirir ki, G.Əhmədovaya “linç məhkəməsi”nin qurulması həm də hakimiyyətin fəlsəfəsinə zidd getməsi və yazılmamış qanunları pozduğuna görə verilən bir cəzadır: “Hakimiyyətin yazılmamış qanunları saat mexanizmi kimi işləyir və o pozulanda heç kimə güzəşt edilmir. G.Əhmədova da həmin videoda etiraf edir ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə sabiq səhiyyə naziri Əli İnsanov bu qaydaları pozduğuna görə cəzalandırılıb (”Alverdə nala-mıxa vurarsan, amma siyasətdə nala-mıxa vurmağın cəzası çox böyükdür. Əli İnsanov kimi adam cəzasını gördü. Fərhad Əliyev kimi adam cəzasını gördü. Ondan artıq nə sən deyilsən, nə mən. Nə sənin pulun onlardan artıqdır, nə mənim" - məlum videoda G.Əhmədovadan sitat). İndi eyni aqibəti özü yaşayır.
Belə görünür ki, hakimiyyət istintaqa qədər G.Əhmədova ilə bağlı bütün məsələləri həll edəcək. Hadisələrin xronologiyası da bunu göstərir.
- Sentyabrın 26-da məlum videoçarx yayıldı;
- Sentyabrın 27-də Prezident Administrasiyası ictimai-siyasi şöbənin müdiri Əli Həsənov mandat bazarlığını pisləyən bəyanat verdi, ardınca da Baş Prokurorluq faktla bağlı araşdırmalara başladığını rəsmən açıqladı;
- Sentyabrın 28-də G.Əhmədova istintaqa “mane olmamaq” adı ilə Milli Məclisdən istefa ərizəsi yazdı;
- Sentyabrın 29-da YAP-ın Siyasi Şurasının növbədənkənar iclasında G.Əhmədova YAP-dan xaric edildi. Hakimiyyətin üst qatında isə onu həbs etməklə bağlı siyasi qərar verildi.
Oktyabrın 1-də Milli Məclisdə G.Əhmədovaya "linç məhkəməsi" qurulacaq, bunun ardınca Mərkəzi Seçki Komissiyası onun mandatını ləğv etmək haqda qərar qəbul edəcək. Beləliklə, G.Əhmədova kimi önəmli bir YAP-çını siyasi baxımdan “dəfn etmək” üçün cəmi bir həftə vaxt lazım gəldi. Onun həbsi də gündəmdədir və tamamilə mümkündür ki, bu həftə baş versin.
Hazırda xanım deputatın öz evində olması barədə səhih xəbərlər var. Üstəlik, onun və yaxınlarının qurduqları “iflic olma” oyunu tamamilə iflasa uğrayıb. Həkimlər onu yoxlayıblar və sağlam olması barədə rəsmi rəy veriblər. Musavat.com