"Bu gün gənclərimizin dövlət qulluğuna həvəsləndirilməsinə ehtiyac var”
GƏNCLİK
22:47 25.10.2011
1779
Azərbaycan Gənclərinin VI Forumunun keçirilməsi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının uğurlu davamı kimi qiymətləndirilməlidir. Bu barədə AZXEBER.COM-a açıqlamasında Milli QHT Forumunun icraçı direktoru, “Gənclər Şəbəkəsi Təşəbbüsü” İctimai Birliyinin sədri Ülvi Kazım bildirib. Ü.Kazım qeyd edib ki, bu gün keçirilən forumu çox müsbət qiymətləndirib. O qeyd edib ki, forumda ölkə gənclərinin bütün təbəqələrini təmsil edən – gənclərin qeyri-hökumət təşkilatları nümayəndələri, tələbələr, gənc alimlər, istedadlı və yaradıcı gənclər, gənc sahibkarlar iştirak edib: “Və bu çevrədə ötən 3 il ərzində qazanılmış uğurlar və görülmüş işlər təhlil olunacaq, eləcə də bundan sonra görülməli olan işlər barədə təkliflərin müzakirəsi olacaq. Fikrimcə, bunun əhəmiyyəti böyükdür. Çünki gənclər sektorunda islahatlar davamlı olmalıdır”. Onun sözlərinə görə, son zamanlar dövlətin gənclər siyasətində mütərəqqi dönüş nəzərə çarpır: “İstər gənclərin xaricdə təhsili, istərsə də ölkə daxilində təhsil və iş şəraitinin yaxşılaşdırılması istiqamətində müsbət addımlar atılıb. Lakin bəzi problemlər barədə təkliflərimiz də var ki, hələ də bu problemlərhəllini tapmayıb. Xüsusən də, gənclərin dövlət qulluğunda çalışması ilə bağlı məsələyə toxunmaq istərdim. Dövlət qulluğuna yeni düzələn gənclər uzun müddət cüzi maaşla kifayətlənməli olurlar. Halbuki, gənclərimizin qarşısında ailə qurmaq, mənzil sahibi olmaq zəruri məsələlər durur. Məvacibin az olması, həvəsləndirici tədbirlərin azlığı və maddi tələbat savadlı gənclərin özəl sektora üz tutmasına səbəb olur. Bu gün gənclərimizin dövlət qulluğuna həvəsləndirilməsinə ehtiyac var”.