Bu gün səni dəfn etdim - KÖŞƏ

Bu gün səni dəfn etdim - KÖŞƏ
KÖŞƏ
01:46 31.12.2011
2801

Sənan ƏLLƏZBu gün səni dəfn etdim. Üzərinə tökdüyüm bir ovuc torpaqla danışdım.

Torpaqla bir abzaslıq söhbət: Əllərinin arasındayam. Mən bir canam və mənim də bir hissim var. Məni əllərinə aldığın zaman məhv etdin ömrümü. Öz əcdadını məhv etdin. Sənin əcdadların məndən yaranıb. Sevgin üçün əllərinə aldığın torpağı da onunla bir yerdə dəfn etdin.

Bu gün səni dəfn etdim. Üzərinə qalaqlanmış torpağı suladığım su ilə danışdım.

Su ilə bir abzaslıq söhbət: Tökülən torpağın rəngini aldım. Mən də nə vaxtsa canlı idim. Əvvəl atdığın bir ovuc torpaq çəkdi məni öz canına. Əvvəl bəkarətimi aldı əlimdən indi də canımı. Acgözlüklə içdi maye canımı. Sən məni öz sevginə və öz əcdadına qurban etdin, dəfn etdin.

Bu gün səni dəfn etdim. Məzarın başında 2 damla axıtdığım göz yaşı ilə danışdım.

Göz yaşı ilə bir abzaslıq söhbət: Təzə doğuldum gözlərində. Öz kişi bətnindən yaratdın məni. Əzablarla doğuldum, məni doğan gözlər qan kəsmişdi kədərindən. Yanaqlarında yaşadım amma ayağım sürüşkən oldu. Məni yanağında görən hər kəs sil onu yanağından dedi. Və dodaqlarında öldüm. Dəfn etdin məni sevgilinin dodaqlarına toxunan dodaqlarında.

Bu gün səni dəfn etdim. Qəhərimdən 1 ədəd siqareti çox tez çəkdim və onunla da danışdım.

Siqaret kötüyü ilə bir abzaslıq söhbət: Sənə süni nəfəs verirdim öz təbii tüstümlə. Xəyanətə səbəbkar hiss edirdim özümü. Çünki böyül eşqlə məni öz içinə çəkirdin. Amma saxta idi hisslərin, məni istifadə etdin və ayaqların altında öldürdün. Və sevgin üçün gəzdiyin ayağının altında dəfn etdin məni.

Bu gün səni dəfn etdim. İçimdə bir sevgi tək doğulmuşdun. Səni gecələr mənə gətirdilər. Mən səni dəfn etməmiş torpağını, suyunu hazır etmişdim. Göz yaşım da ovcumun içində hazır idi. Siqaretim damağımda qoyurdum səni tabuta. Körpə bədənin üzərində kobud əllərim hərəkət etdikcə səni bir başqa cür təsəvvür edirdim. Əllərim sənin üzərində gəzişdikcə sən sanki yaranırdın. Bədənini torpaq və sudan yaratdım. Yox adını Adəm qoymadım. Mənim özümü də tanrı yaradıb. Mən sənin adını həmrəylik qoydum. Palçıqdan, bir-birinə keçmiş əl düzəltdim. Yaratdığım işə göz yaşı axıtdım. Çünki, həmrəy olmaq elə çılğın sevginin özüdür. Palçıqlı əllərimlə siqareti elə çəkirdim ki, sanki səni son görüşüm idi. Yaratdığım heykəllə hisslərimi öldürdüm amma bir fikir doğdu beynimdə.

Qiblədən çevirdinsə nəzərini günah sahibisən. Kişilər qadınlarla həmrəy olun, qadınlar sizdə kişilərlə. Qadınlar kişi çiynində gedərlər son mənzilə. Kişilərsə qadının toxuduğu xalıya bükülərək. Sevgi namaz qılmağa bənzər niyyət etdikdən sonra üzünü çevirə bilməzsən. Sevdiyinin üzü isə qiblədi.

OXŞAR XƏBƏRLƏR