Məlum olduğu kimi, bu gün, sentyabrın 19-da Qarabağda separatizmə son qoyulması ilə nəticələnən lokal xarakterli antiterror tədbirlərinin başlanmasından üç il ötür.
2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu tərəfindən Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. 23 saat 43 dəqiqə davam edən tədbirlər nəticəsində qanunsuz silahlı birləşmələrin mövqeləri sıradan çıxarılıb, separatçı rejim fəaliyyətini dayandırıb və Azərbaycanın ərazi üzərində dövlət suverenliyinin tam bərpası üçün şərait yaranıb. Antiterror tədbirlərindən sonra Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə Azərbaycan Bayrağı ucaldılıb. Bununla da Qarabağda uzun illər davam edən separatçı idarəçilik faktiki olaraq sona çatıb.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası baxımından mühüm tarixi hadisə olub:
"2020-ci ildə 44 günlük müharibədən və əldə etdiyimiz Zəfərdən sonra proseslər artan xətlə cərəyan etməyə başlamışdı. Azərbaycan Ordusu tarixi ərazilərimizi mərhələli şəkildə azad edirdi. Bu prosesin kulminasiyası isə 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri ilə başa çatdı. Azərbaycan öz ərazisində tam olaraq dövlət suverenliyini və Konstitusiya quruluşunu bərpa etdi. Hesab edirəm ki, bu, tariximizdə ən böyük zəfərlərdən biridir. Tariximizin qızıl hərflərlə yazılan şanlı səhifələrindən biridir. Təbii ki, bu proses şəhidlərimizin qanı bahasına başa gəldi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların tökülən qanı hesabına biz Vətən torpaqlarımızda bu gün azad yaşayırıq.
2023-cü ilin lokal antiterror tədbirləri nəticəsində 8 polis əməkdaşımız və 12 hərbi qulluqçumuz şəhid oldu. Bundan başqa, mina partlayışı nəticəsində, o cümlədən polis əməkdaşlarının da olduğu hadisədə 6 nəfər həyatını itirdi. Bütövlükdə bu prosesdə şəhidlər verdik. Onların hər birinə Allahdan rəhmət diləyirəm. Burada ən böyük rolu, təbii ki, ölkəmizin Ali Baş Komandanı İlham Əliyev və şanlı Azərbaycan Ordusu oynadı. Antiterror tədbirləri nəticəsində Xankəndi azad edildi, Azərbaycanın dövlət suverenliyi bütün ərazilərimiz üzrə tam bərpa olundu”.

C. Abbaslı qeyd edib ki, 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyır:
"Bu hadisə Azərbaycanın öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin etməsi baxımından tarixi əhəmiyyət daşıyır. 2020-ci ildə əldə olunan Zəfərdən sonra qarşıda duran əsas məsələlərdən biri Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin təmin edilməsi idi. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri ilə bu proses tamamlandı. İnşallah, bundan sonra da zəfərlərimiz davam edər. Azad Azərbaycanda azad şəkildə yaşamağı davam etdirərik. Allah müstəqilliyimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, ordumuzu daim uca etsin”.
Fəridə Əsədzadə











































