Azərbaycan Könüllülər İctimai Birliyi Fransada döyülən tələbələrimizlə bağlı bəyanat yayıb.Birliyin sədri İmaməddin Quliyevin AZXEBER.COM-a göndərdiyi bəyanatı təqdim edirik: "Fransa parlamentinin bir neçə deputatının göstərişi və 40 nəfərə qədər erməni və fransız tələbələrinin iştirakı ilə Fransada təhsil alan iki azərbaycanlı tələbələr - Mirvari Fətəliyeva və Vüsal Hüseynovaya xəsarət yetirmələri bizi və ətrafımızda olan gəncləri narahat edir. Onların çox ağır bədən xəsarətləri alması və ələlxüsusda, daxili orqanlarının zədələnməsi baş verən bu hadisədə bir daha erməni vəhşiliyini sübut edir.
Danılmaz faktdır ki, Qarabağ probleminin həlli prosesində iştirak edən ATƏT-in Minsk qrupunun üzvü olan Fransa öz səlahiyyətlərini və vəzifələrini obyektiv yerinə yetirmir. Bu məsələlərin həllində ədalətli həll variantına deyil, problemin hansı yolla olursa olsun işğalçı Ermənistanın xeyrinə qərar çıxarmağa cəhd göstərirlər.
Maraqlıdır ki, dünya ölkələri Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunu təsdiqləyir, ancaq iş gəlib problemin həllinə çıxdıqda həmin ölkələr münaqişənin yalnız sülh yolu ilə həll olunmasını bildirirlər.
Biz Azərbaycan Könüllülər İctimai Birliyi (AKİB) olaraq heç bir zaman bununla barışa bilmərik. Xalqımız ermənilərin azərbaycanlılara qarşı əsrlər boyu davam etdirdiyi soyqırımı unutmur.
Bu dünyada və cəmiyyətdə istənilən zorakılıq metodu yolverilməzdir. Biz tezliklə iki azərbaycanlı gəncin ağır bədən xəsarətlərinin yetirilməsində iştirak edən şəxslərin beynəlxalq hüquq müstəvisində cəzalandırılmasını və hüquqi aspektlərinin ictimaiyyətə çatdırılmasını tələb edirik.
Ümid edirik ki, bu hadisə lazımi beynəlxalq hüquqşünaslar tərəfindən dəstəklənəcək və davam etdiriləcəkdir. Çünki bu hadisə hər birimizi düşündürən ümummilli məsələdir. Cinayətə qarşı mübarizə aparmaq isə hər bir bəşər övladının borcudur.
Bizim üzərimizə böyük vəzifələr düşür. Həqiqətləri dünya ictimaiyyətinə çatdırmalı, haqlı səsimiz ilə dünya ictimaiyyətini baş vermiş real hadisələr haqqında agah etməliyik".