"Bu il gəlirlərimiz azalacaq"- İlham Əliyev

"Bu il gəlirlərimiz azalacaq"- İlham Əliyev
Bütün Xəbərlər
11:43 11.01.2015
1341
İlham Əliyev məmurları dövlətin puluna qənaət etməyə çağırdı.
2015-ci ildə ölkə qarşısında duran vəzifələr bəllidir. Biz çalışmalıyıq ki, iqtisadi inkişafımızı təmin edək. Əminəm ki, belə olacaq. Ancaq heç kəsə sirr deyil ki, 2015-ci il dünya iqtisadiyyatı üçün çox ağır il olacaqdır. 2014-cü ilin sonlarında müşahidə olunan proseslər təbii ki, 2015-ci ildə də davam edəcək. Dünyada mövcud olan qeyri-sabit iqtisadi vəziyyət hələ bir müddət davam edəcəkdir. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi əlbəttə ki, təbii resurslarla zəngin ölkələr üçün bir sınaq olacaqdır.
AZXEBER.COM  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş iclasında bildirib.
“Ancaq əvvəlki illərdə apardığımız siyasət, şaxələndirmə, düşünülmüş iqtisadi islahatlar, ictimai-siyasi sabitlik, xalqla iqtidar arasındakı birlik və eyni zamanda, böhranlı vəziyyətlərə hazır olmağımız əminəm ki, 2015-ci ili də uğurla başa vurmaq üçün bizə imkan yaradacaqdır, deyə”, - İlham Əliyev vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir.
“Bu gün manat dünya miqyasında ən sabit valyutalardan biridir. Hesab edirəm ki, xarici vətəndaşlar və xarici şirkətlər öz vəsaitini manat hesablarında saxlasalar uduzmazlar. Həm pullar yerində qalacaq, eyni zamanda, o pullar onlara əlavə gəlirlər gətirəcəkdir”.
Dövlət başçısı ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsindən də danışıb:
“Bu gün qeyri-neft sektorumuz iqtisadiyyatda hərəkətverici amildir və 7 faiz səviyyəsində artan qeyri-neft sektorumuz görülən işlərin nəticəsidir. Bu il də sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi təmin ediləcəkdir.
Bu il qeyri-neft sektorunun inkişafı ilə bağlı bank sektorunun rolu xüsusi əhəmiyyətə malikdir. Son vaxtlar bizim banklarımız real iqtisadiyyata daha da böyük həcmdə kreditlər ayırır. Mən bunu dəstəkləyirəm və keçən müşavirələrin birində qeyd etmişdim ki, daha çox bu sahəyə kreditlər verilməlidir. Biz artıq bunu görürük. Bu, çox müsbət yanaşmadır, bank sektorunun məsuliyyətini göstərir”.
İlham Əliyev bir daha bəyan edib ki, 2015-ci il dünya üçün asan il olmayacaq.
“2015-ci ildə bank resurslarının iqtisadiyyatın real sektoruna yönəldilməsi, əlbəttə ki, bizim üçün prioritet olacaq. Əminəm ki, banklar da bu istiqamətdə öz sözünü bundan sonra da deyəcək.
Bununla bərabər, təbii ki, bu il bizim gəlirlərimiz azalacaq. Ona görə dövlət strukturları da özlərini məsuliyyətli aparmalıdırlar. İsrafçılığa yol verilməməlidir. Əlbəttə ki, biz prioritet olmayan layihələrə razılığımızı verməyəcəyik. Eyni zamanda, hər bir dövlət strukturunda, qurumlarda, dövlət şirkətlərində idarəetmə prinsipləri təkmilləşdirilməlidir. İsrafçılığa yol verilməməlidir. Bizim dövlət nümayəndələrimiz vəsaitin qədrini bilməlidirlər. Əminəm ki, onlar da bu vəziyyəti düzgün dərk edirlər və nəticə çıxaracaqlar”.
OXŞAR XƏBƏRLƏR