Bu il kritik ildir: “Azərbaycanı sərt tədbirlər görməyə məcbur etməsinlər”

SOSİAL
10:52 28.02.2023
800
"Azərbaycan Prezidenti Rusiyanın xarici işlər nazirini qəbul edərkən mövcud vəziyyət və 2023-cü illə bağlı öz fikirlərini səsləndirdi. Prezident qeyd etdi ki, ümid edirəm ki, 2023-cü il Ermənistan-Azərbaycan münasibətlərində irəliləyiş ili ola bilər. Bu, ehtiyatlı optimizmdir və ona işarədir ki, bu il mümkündür ki, sülh istiqamətində müəyyən addımlar atılsın. Eləcə də, Azərbaycanın irəli sürdüyü və Ermənistanın qəbul etdiyi 5 baza prinsipi əsasında müəyyən anlaşmaya doğru real addımlar atılsın”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Rusiyanın xarici işlər nazirinin Azərbaycana səfərini şərh edərkən deyib.
 

 

Deputat qeyd edib ki, bu mülayim diplomatiyanın altında çox sərt gerçəkliklər var:

"Əlbəttə, biz bilirik ki, bu mülayim diplomatiyanın altında çox sərt gerçəkliklər var. Regiona kənar müdaxilə cəhtləri çoxdur. Onlardan bir istiqaməti əgər Qərbdirsə, bir istiqaməti də Cənubdur. Sülhü istəməyən qüvvələr regionda çoxdur. Mən düşünürəm ki, 2023-cü ildə mümkün irəliləyişlə bağlı Azərbaycan və Rusiya arasında mövqelərin yaxınlaşması hadisəsi baş verib. Çünki Rusiyanın baş diplomatı bildirdi ki, regiona kənardan, regiondan uzaq olan ölkələrin də həvəslə qarışmaq cəhtləri var. Əgər bu, region xalqlarının rifahına və sülhə xidmət edəcəksə, biz buna etiraz etmirik”. 

Deputat vurğulayıb ki, 2023-cü il ya sülhün əldə olunmasının kontrları çox aydın görünməlidir, ya da sülhü əldə etmək üçün Azərbaycan yeni və daha sərt vasitələrə əl atmalıdır:

"Bu, əslində Praqada qəbul edilmiş baza prinsiplərinin Rusiya tərəfindən də qəbul edildiyi mənasına gəlir. Bu iş yenidən beynəlxalq hüququn tələblərini, yəni dövlətlərin ərazi bütövlüyü və suverenliyi məsələsini özündə əks etdirdiyi üçün yaxşı bir hüquqi platforma yaradır. Ümid edirik ki, 2023-cü ildə hadisələr daha da kəskinləşmədən sülhə nail olmaq mümkün olacaq. Çünki bu il kritik bir ildir. Ya sülhün əldə olunmasının kontrları çox aydın görünməlidir, ya da sülhü əldə etmək üçün Azərbaycan yeni və daha sərt vasitələrə əl atmalıdır. Buna görə də, ümid edək ki, Azərbaycan belə bir tədbir həyata keçirməyə məcbur qalmayacaq. Azərbaycan Prezidentinin 2023-cü illə bağlı ehtiyatlı optimizmi də kifayət qədər əsaslıdır. Nəhayət, regionda sülhə doğru addımlar atıla bilər”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR