Bu il müharibə olacaq?

Bütün Xəbərlər
06:57 15.01.2011
2207

İsrailin müdafiə naziri Ehud Barak baş nazir Binyamin Netanyahuya növbəti dəfə təkidlə müraciət edərək İranın nüvə mərkəzlərinin bombalanmasını istəyib.

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Qabi Aşkenazi belə əməliyyata etiraz edir.
Fəqət, Aşkenazinin bu il vəzifəsini tərk edəcəyi, onun yerinə isə İranla bağlı sərt mövqeləri ilə seçilən Yoav Qalantın təyinatı Təl-Əvivdəki "şahin"lərin işlərini asanlaşdırır.

Bundan başqa, İrana qarşı müharibəyə etiraz edən MOSSAD rəhbəri Meir Dakanın istefa verməsi və üstəlik, İsrail təhlükəsizlik xidməti "Şin Bet"in rəhbərinin də vəzifə səlahiyyətləri müddətinin başa çatmasına az qalması "şahin"ləri sevindirir.

Savaş olacaqmı?

İsrailin İrana hücum etməsi və ya iranlıların nüvə mərkəzlərini bombalayıb-bombalamayacağı ilə bağlı təxminləri "saqqallı" saymaq olar, çünki illərdir "olacaq, ya olmayacaq" tipli proqnozlar səslənir.
Belə təxminlərin istisnasız olarq hamısında İsrailin İranı "cəza"landıracağı, Tehranın həyata keçirdiyi nüvə proqramı və uranın zənginləşdirilməsi ilə bağlı işləri dayandırmaq üçün zorakı müdaxiləyə əl ata biləcəyi istisna olunmur.

Həmin mövqe tutanların bir arqumenti var: İran nüvə silahına yiyələnmək istəyir, bu isə regionla yanaşı, Qərbin maraqlarına kökündən ziddir və sadalanan əsas məqamlara görə də İranın nüvə mərkəzlərinin fəaliyyəti hərbi müdaxilə yolu ilə olsa belə, dayandırmalıdır.

Əks düşərgədə duranlar, yəni İsrailin İrana qarşı müharibəyə başlamayacağı və ya aviahücum təşkil edərək nüvə mərkəzlərinə raket-bomba zərbələri endirməyəcəyini deyənlər isə real geosiyasi situasiyanı nəzərə almağı məsləhət görür, "İran Əfqanıstan və ya İraq deyil" söləyirlər.
ABŞ-ın tanınmış jurnalisti Ceffri Qoldberq də "Atlantic" jurnalında dərc edilmiş məqaləsində bildirir ki, ABŞ və Qərbin digər ölkələri İranı nüvə proqramını dayandırmağa vadar edə bilməsələr, İsrail İrana hücum edəcək.
Qoldberq bildirir ki, İsrailin hakimiyyət dairələri, siyasətçiləri və ictimai xadimləri ilə çoxsaylı müsaşibələrindən sonra əmin olub ki, başda İsrail hökumətinin başçısı Binyamin Netanyaqu olmaq şərtilə, tam əksəriyyət İrana zərbələr endirilməsinin tərəfdarıdır.

"Məhz bu səbəbdən də 2011-ci ilin sonunadək Qərbin İrana qarşı fəaliyyətinin yeni mərhələsinin başlayacağını düşünmək olar. İsrailin baş naziri Binyamin Netanyaqunun İranın nüvə probleminin həlli üçün ölkə hökumətinə ayırdığı vaxt artıq çoxdan başa çatıb. Məndə olan məlumatlara görə, əgər ABŞ prezidenti Barak Obamanın administrasiyası İrana qarşqı güc tətbiqindən imtina edərsə, İsrailin Tehrana birtərəfli hücumuna hazırlıqlar başlanacaq", - Qoldberq bildirib.
"The New Yorker" isə ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinad edərək bildirir ki, əgər İsrail birtərəflli qaydada İrana hücum etmək qərarına gələrsə, İraqdakı amerikalı hərbçilər İrana doğru uçan İsrail hərbi təyyarələrini vurmayacaqlar.

Hərbi ekspertlərin fikrincə, İsrailin HHQ-i İranı vurmaq qərarına gələrsə, Suriya ilə Türkiyə arasındakı hava dəhlizindən, yaxud da Səudiyyə Ərəbistanı üzərindən uçuşlardan istifadə ediləcək.
İraqın hava məkanı da istisna edilmir. Lakin burada ABŞ Hərbi-Hava Qüvvələrinin təyyarələri daim səmada olduğundan, bəhs etdiyimiz variantın reallaşma ehtimalı çox azdır.

"Al Jazeera" isə hesab edir ki, Fars Körfəzi ölkələrinin liderlərinin də səbri tükənib. Onlar Qərbin İrana qarşı tətbiq etdiyi scəza sanksiyalarının gözlənilən effekti verməyəəcəyi təqdirdə, rəsmi Vaşinqtonun hansı addımları atacağını bilmək istəyirlər.

Tərəflər bir-birini gözləyir

Fransız və ispan analitiklərin  fikrincə, bütün bunları nəzərə alsaq, ilin sonunadək İsrailin İrara hücumunun gerçəkləşmə ehtimalı 50 faizdən çoxdur.
Təxminlər təbii ki, kökündən fərqli mövqelərdən səsləndiyi üçün bu ilin sonunadək müharibənin başlanması ehtimalını soyuqqanlı, emosiyalara varmayaraq təhlil etmək lazımdır. 
Əvvəla, "hücum edəcək" ifadəsi çağdaş diplomatiyada və beynəlxalq münasibətlərdə işlədilmir. Müxtəlif ölkələrin hakimiyyət dairələri bu ifadənin əvəzində "sülhməramlı missiya", "antiterror əməliyyatı" və s. kəlmələrdən istifadə edirlər.
Fəqət elə bu "stealth" ifadələr, Qərbin İrana qarşı cəza sanksiyaları və embarqoları İranın nüə proqramı ilə bağlı yaranmış problemi həll etmək iqtidarında deyil. ABŞ prezidenti Barak Obamanın çox sürətlə Nobel Sülh mükafatını alması da yaranmış situasiyadan hansısa çıxış yolunun tapılacağına dəlalət etmir.

Analitiklər hesab edirlər ki, ABŞ İrana qarşı birbaşa hərbi əməliyyatlar əvəzinə maliyyə və iqtisadi sanksiyaların daha da kəskinləşdirilməsini, Tehran ətrafında "iqtisadi çəmbər"in mümkün qədər daraldılmasını daha məqsədəuyğun variant hesab edir.
İsrailə gəldikdə - bu dövlət İrana qarşı hərbi əməliyyatlara ilk zərbəni almadan başlamayacaq.
Rəsmi Təl-Əviv bölgədəki vəziyyəti dəqiq təhlil etməyi bacardığından, düşünülməmiş addım atan deyil.

İran isə İsrailə ilk zərbə vuran deyil. //milli.az

 

OXŞAR XƏBƏRLƏR