Bu il tələbə olanlar üçün 7 tələb

GƏNCLİK
06:55 11.08.2011
3341
Son tarix avqustun 18-dir. Əgər tələbə adını qazanmış şəxslər sənədlərini göstərilən tarixə qədər təqdim etməsə, bu, onların ali məktəbdən imtinası sayılacaq və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək. 

Hazırda bu proses davam edir. Tələbə adını qazanan gənclər sənədlərini daxil olduqları ali məktəblərə aparıb qeydiyyatdan keçirlər ki, rahatca tətilə, dincəlməyə getsinlər. Bəs qeydiyyat üçün hansı sənədlər lazımdır? Proses necə gedir? Bu və digər suallara cavab almaq üçün Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Dillər Universitetinə (ADU) baş çəkdik.

Qəbul prosesinin ilk günü BDU-da qələbəlik idi. Burada prosesin nümunəvi təşkil olunduğunu deyə bilərik. İçəridə qarışıqlıq olmasın deyə mühafizəçilər ciddi intizam yaratmışdı. Qeydiyyat aparılan binaya (BDU-nun əsas korpusuna) yalnız tələbələri, onu da növbə ilə buraxırdılar. Həyətdəki lövhədə BDU-nun sənəd qəbulu komissiyasının hazırladığı cədvələ əsasən qeydiyyat üçün tələb olunan sənədlərin siyahısı verilib ki, anlaşılmazlıq olmasın. Təzə tələbələrdən 7 sənəd tələb olunur: TQDK-nın müsabiqəsinin nəticələri haqda sənəd; attestat və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi haqda sənədin əsli; abituriyentlə müqavilə; şəxsiyyət vəsiqəsinin əsli və surəti (2 ədəd); çağırış məntəqəsinə təhkim edilmə haqda şəhadətnamənin əsli və surəti (oğlanlar üçün); tibbi arayış (forma 086); fotoşəkil (rəngli, 3x4 ölçüdə, 6 ədəd).

ATU-da da demək olar eyni sənədlər tələb olunur. ADU-ya gəlincə isə qeydiyyat üçün tələb olunan sənədlər bunlardır: attestat və ya diplomun əsli; sağlamlıq haqda arayış; şəxsiyyət vəsiqəsinin surəti; fotoşəkil 4 ədəd; qovluq (ipli); TQDK-nın ödəmə kartı.

Tələbələr qəbul prosesi zamanı problemlərlə də qarşılaşır. Bunu özləri söylədi. ADU-ya qəbul olan Fazil deyir ki, kənar yerdə çəkdirdiyi şəkli universitetdə qəbul etmirlər: “3x4 ölçüdə 10 ədəd şəkil çəkdirib gətirmişəm. Ancaq qəbul etmədilər. Dedilər, universitetin öz fotoqrafına çəkdirməliyəm. Burada özlərinə bazar açıblar. Bu özbaşınalığı başa düşə bilmirəm. Fərqi nədir ki, şəklin hamısı eynidir də”.

Bu problemdən digərləri də şikayətləndi. Qəbul komissiyasından isə məsələyə aydınlıq gətirmədilər.
Tələbə və valideynlərin digər narazılığı tibbi arayışla bağlı oldu. Nüşabə xanımın sözlərinə görə, qeydiyyat üçün tələb olunan sənədlərin çoxluğu pul qoparmaq üçün vasitədir: “Qəbul haqda TQDK-nın müsabiqə nəticələri haqda sənəd istəyirlər. Sözüm yoxdur. Məcburam ki, bu sənədi əldə etmək üçün ”Abituriyent" jurnalını alam. Belə çıxır ki, jurnalı bizə zorla aldırırlar. Ya da saytdan surətini çıxarmaq lazımdır. Olmazmı ki, komissiya kompyuterlə işləsin? Kağız dünyası geridə qalıb. Amma hər şeyi tələbəyə yazdırırlar. Bu da vaxt aparır".
Valideyn deyir ki, qeydiyyat üçün tələb olunan sənədlərə 40 manatadək pul verib: “Kseroks 5 qəpikdir. Hər sənəddən də 2-3 nüsxə istəyirlər. Tibbi arayışı da pulla almağa məcburuq. Poliklinikalar tibbi arayışı 10-15 manata satır. Tələbənin xəstə olub-olmadığı bilinmir”.

Tələbələr deyir ki, poliklinikalarda “sağlamlıq kağızı” deyilən tibbi arayış rüşvətlə verilir: “Bəzi poliklinikalar arayışı 10-15, bəziləri isə sui-istifadə edib 20 manata satır”.
Ödənişli ixtisaslara qəbul olunmuş tələbələrin qarşısında daha bir şərt qoyulub. I kursa qəbul olunmuş tələbələrə deyirlər ki, onlar təhsil haqqının hamısını bəri başdan ödəməlidir. Əks halda, abituriyentin nəticələri ləğv olunacaq. BDU-nun qəbul komissiyasından dedilər ki, təhsil haqqı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş məbləğdə Beynəlxalq Bankın filiallarında ödənilir və qaimə BDU-nun mühasibatlığına təqdim edilir. Eyni məbləğ hər tədris ilində noyabra kimi ödənilir. Bu da həm tələbələrin, həm də valideynlərin narazılığına səbəb olub. Əsmər adlı valideyn belə deyir: “Övladımın təhsil haqqı 1500 manatdır. 10 gün müddətinə bu pulu universitetə köçürməliyik. Ancaq imkanımız çatmır. Qəbul komissiyasına ərizə yazıb xahiş etdim ki, heç olmasa pulun yarısını ödəyək, yarısını isə ilin ortasında verərik. Amma razı olmadılar. Təhsil haqqının hamısını bəri başdan almaq düz deyil”.

Müsavat

OXŞAR XƏBƏRLƏR