Bu il tələbə olanlardan rüşvət yığılır - 'ŞİRİNLİK VER'

Bu il tələbə olanlardan rüşvət yığılır -
Bütün Xəbərlər
13:50 27.08.2012
1628

Ali məktəblərə qəbul imtahanları və ixtisas seçimi artıq yekunlaşıb. İndi qalıb abituriyentlərin daxil olduqları universitetlərə sənədlərini aparıb verməsi, uçota düşməsi. Ali məktəblərə sənəd qəbulu avqustun 23-də başlayıb ayın 31-də yekunlaşacaq. Buna görə də universitetlərin sənəd qəbulu şöbələrində basabas və təlaş yaranıb. Bu təlaş da səbəbsiz deyil.

Əli Rəsulov adlı valideyn dünən redaksiyamıza müraciət edərək sənəd qəbulu zamanı onlardan 5-10 manat arası “şirinlik” adı ilə rüşvət alındığını dedi: “Oğlum Dövlət İqtisad Universitetinə daxil olub. Bu universitetə qəbul olan tələbələrin sənədləri "Gənclik" metrosu yaxınlığında, Sərhəd Qoşunlarının poliklinikası ilə üzbəüz sənəd qəbulu şöbəsində aparılır. Qəbul həftənin 5 günü saat 9:00-dan 18:00-dək aparılır. Rayondan gələn, qalmağa yeri olmayan adamlar var. Səhər saat 7-dən hamı növbə tutur. Ancaq saat 7-dən növbə tutulsa da gəlib bizə növbə çatmır ki, çatmır. Burada uşaqlara, valideynlərə hörmət qoyulmur, kobud rəftar edirlər. Hər kəsin rahatlığı üçün bu universitetlərin bir yox, bir neçə qəbul şöbəsi olsa, daha yaxşı olardı. Həm də bu qədər basabas yaranmaz. Uşaqlar və valideynləri içəri tez keçə bilmək üçün mühafizəçiyə pul verir. İçəriyə keçəndən sonra isə sənəd qəbul edənlərə “şirinlik” verməyə məcbur olurlar. Yenicə tələbə adı qazanmış bu uşaqlardan heç universitetin qapısından girmədən rüşvət tələb edirlər. Hələ oxuyanda gör necə olacaq. İstidə hər gün o basabasda dayanmaq çox çətindir".

Səslənən bu iddia ilə bağlı universitet rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq. Mövzuya qayıdacağıq. /// musavat.com

OXŞAR XƏBƏRLƏR