'Bu insanlar insanlıqlarını itiriblər ...' - İcra başçısı

Bütün Xəbərlər
12:34 15.04.2013
2934
Sumqayıt şəhərində Cəfər Cabbarlı adına mədəniyyət klubunun qarşısında onlarla zeytun və şam ağacları kəsilib. AZXEBER.COM-un Sumqayıtın "Xeberle.com" saytına istinadən xəbər verir ki, məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov və Sumqayıt Şəhər Polis İdarəsinini rəisi, general- mayor Sahib Mirzəyev əraziyə baş çəkib. Sumqayıtın icra başçısı ərazidə ağacların kəsilməsinə sərt reaksiya verib. Yerli "Dünya" TV kanalına danışan Eldar Əzizov bildirib ki, ağacların kəsilməsində günahkarlar layiqli cəzalarını alacaqlar:"Mən sizə deyim ki, bu böyük bir cinayətdir. İlkin məlumatlara görə, bu Moskvada olan bir iş adamının tapşırığı ilə olub. Bunu edənlər polis tərəfindən saxlanılıb, izahatlar götürülüb. Əlbəttə ki, qanun çərçivəsində bunlar cəzalarını alacaqlar. Bu insanlar insanlıqlarını itiriblər. Başqa bir söz tapa bilmirəm. Görünür bunların Sumqayıtda, ölkədə olan ab-havadan xəbərləri yoxdur. Fikirləşirlər ki, gecə ilə təmizləsinlər və sonra da gəlsinlər ki, belə də olub".Ərazinin nəzarətə götürüldüyünü deyən Eldar Əzizov Sumqayıt şəhər Polis İdarəsində cinayət işinin açıldığını və istintaq getdiyini qeyd edib: "İki nəfər ağacların kəsilməsini icra edib, onlar həbs olunublar. Ərazilərdə nəzarət daha da gücləndirilməlidir. Bizim işçilərimizə də xəbərdarlıq edilib. Niyə başlayandan sonra dərhal tədbir görülməyib? Hesab edirəm ki, araşdırmaları aparmalıyıq. Bu olmamalıydı, amma olub, tədbir də görüləcək. Hələlik bərpa işlərinə başlamışıq və bu ərazi nəzarətə götürüldü".Sumqayıtın icra başçısı ərazidə heç bir obyekt tikilməyəcəyini də sözlərinə əlavə edib.
OXŞAR XƏBƏRLƏR