Bu ölkədə internet istifadəçilərini əlavə xərc gözləyir

Bu ölkədə internet istifadəçilərini əlavə xərc gözləyir
DÜNYA
07:13 01.11.2026
135
Fransa parlamentinin aşağı palatasının deputatları "Google", "Netflix", "Amazon" və "Meta" kimi iri şirkətlərin internet trafikindən vergi tutulmasını nəzərdə tutan təklifi dəstəkləyiblər.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, deputatlar sosialist deputat Loran Lardinin "Netflix", "Meta" və "Google" kimi rəqəmsal məzmun istehsalçılarının vergiyə cəlb edilməsini nəzərdə tutan təklifini qəbul ediblər.

Təklifə əsasən, fiziki şəxslərə ötürülən hər giqabayt internet trafikinə görə 5.5 avrosent vergi tutulacaq. Məlumatların izlənilməsi və müvafiq informasiyanın dövlət orqanlarına ötürülməsi Fransa telekommunikasiya operatorlarına həvalə ediləcək.

Verginin tərəfdarları bu tədbirin dövlət büdcəsinə potensial olaraq 10 milyard avro gəlir gətirə biləcəyini bildirirlər.

Sosialistlərin təklifi hökumətin tövsiyəsinin əksinə olaraq, parlamentin təxminən 580 deputatından cəmi 30-nun iştirak etdiyi iclasda qəbul edilib. Təklifin lehinə 11, əleyhinə isə 10 deputat səs verib.

Nəşrin məlumatına görə, hökumət təklifin daha çox deputatın iştirak edəcəyi iclasda yenidən müzakirəyə çıxarılmasını tələb edə bilər. Bundan sonra təşəbbüs parlamentin yuxarı palatası olan Senat tərəfindən də təsdiqlənməlidir.
OXŞAR XƏBƏRLƏR