Bu ölkələrdə Ombudsman vəzifəsini qadınlar icra edir – SİYAHI

Bu ölkələrdə Ombudsman vəzifəsini qadınlar icra edir – SİYAHI
SOSİAL
13:02 30.10.2026
232

Ombudsman institutu insan hüquq və azadlıqlarının müdafiəsi, dövlət orqanlarının fəaliyyətinə nəzarət və vətəndaşların müraciətlərinin araşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. 

Dünyanın müxtəlif ölkələrində bu vəzifəyə həm kişilər, həm də qadınlar təyin olunur. 

Azərbaycanda Ombudsman vəzifəsini indiyədək Elmira Süleymanova və Səbinə Əliyeva icra edib. Hər iki şəxsin qadın olması bu vəzifədə qadın təmsilçiliyi məsələsini yenidən gündəmə gətirir. 

Bəs dünyanın digər ölkələrində vəziyyət necədir? Hansı dövlətlərdə Ombudsman vəzifəsini qadınlar icra edir? 

AZXEBER.COM müxtəlif ölkələrin Ombudsman institutları üzrə məlumatları araşdırıb. 

Qadın Ombudsmanların olduğu 13 ölkə:


Azərbaycan – Səbinə Əliyeva 

2019-cu il noyabrın 29-da Milli Məclis tərəfindən Ombudsman seçilib. Hüquq üzrə fəlsəfə doktorudur. 2026-cı ilin oktyabrına olan məlumata görə, bu vəzifəni icra edir.


Ermənistan – Anahit Manasyan

2023-cü ilin aprelində Ermənistanın İnsan Hüquqları üzrə Müdafiəçisi seçilib. Bundan əvvəl Baş prokurorun müavini vəzifəsində çalışıb.


Qırğızıstan – Jamiliya Jamambaeva

2023-cü il mayın 17-də Qırğızıstanın Ombudsmanı seçilib. Hüquq təhsili alıb və daha əvvəl prokurorluq orqanlarında çalışıb.


Özbəkistan – Feruza Eşmatova 

2021-ci ildən Özbəkistanın İnsan Hüquqları üzrə Müvəkkilidir. 2026-cı ildə yenidən bu vəzifəyə seçilib. Hüquqşünasdır.


Bolqarıstan – Velislava Delçeva

2025-ci il iyulun 18-də parlament tərəfindən beş il müddətinə Ombudsman seçilib. Seçildikdən sonra parlamentdə and içərək vəzifəsinin icrasına başlayıb.


Xorvatiya – Tena Šimonović Einwalter 

2021-ci il martın 19-da Xorvatiyanın Ombudsmanı seçilib. İnsan hüquqlarının müdafiəsi, ayrı-seçkiliklə mübarizə və bərabərlik məsələləri üzrə fəaliyyət göstərir. Səkkiz il müddətinə təyin olunub.


Latviya – Karina Palkova

2025-ci il sentyabrın 18-də parlament tərəfindən Ombudsman vəzifəsinə təsdiqlənib. Hüquqşünasdır, tibbi hüquq üzrə ixtisaslaşıb.


Sloveniya – Simona Drenik Bavdek 

2026-cı il fevralın 3-də parlament tərəfindən İnsan Hüquqları üzrə Ombudsman seçilib. Fevralın 10-da vəzifəsinin icrasına başlayıb. Hüquq üzrə fəlsəfə doktorudur.


Kipr – Maria Stylianou-Lottides 

2017-ci il aprelin 20-də Kiprin Administrasiya və İnsan Hüquqlarının Müdafiəsi üzrə Komissarı təyin edilib. Bu qurum ölkədə Ombudsman funksiyalarını yerinə yetirir.


Norveç – Hanne Harlem 

2020-ci il fevralın 1-dən Norveç parlamentinin Ombudsmanı vəzifəsini icra edir. 2023-cü ildə yenidən bu vəzifəyə seçilib. 2026-cı il oktyabrın 8-də səhhəti ilə əlaqədar 2027-ci il avqustun 10-da vəzifədən ayrılmaq niyyətini açıqlayıb.


Cənubi Afrika Respublikası – Kholeka Gcaleka 

2023-cü il noyabrın 1-dən Cənubi Afrika Respublikasının Public Protector vəzifəsini icra edir. Bu qurum dövlət orqanlarının fəaliyyətinə nəzarət və vətəndaşların hüquqlarının müdafiəsi baxımından Ombudsman institutuna bənzər funksiyaları yerinə yetirir.


Kosta-Rika – Angie Cruickshank Lambert

2023-cü il martın 2-də Kosta-Rikanın İnsan Hüquqları Müdafiəçisi seçilib. Dörd il müddətinə vəzifəyə təyin olunub. Onun səlahiyyət müddəti 2027-ci il martın 1-dəkdir.


Avstriya – Gaby Schwarz 

Avstriyada Ombudsman institutu üç nəfərdən ibarət şura formasında fəaliyyət göstərir. Gaby Schwarz 2022-ci il iyulun 11-dən şuranın üzvüdür. 2025-ci il iyulun 1-də fəaliyyətə başlayan yeni şuranın tərkibində də yer alıb. O, cəzaçəkmə müəssisələri, vergilər və məhkəmə proseslərinin müddəti kimi sahələrə nəzarət edir. 

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR