Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Jurnalist Qadınlar Assosiasiyası ilə birlikdə jurnalist xanımlar üçün müsabiqə elan edib.
AZADİNFORM xəbər verir ki, Assosiasiyanın sədri Sevil Yusifova deyib ki, müsabiqənin mövzusu “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” adlanır. O bildirib ki, müsabiqədə yaşı 35-dək olan qadın jurnalistlər iştirak edə bilərlər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, ötən ildən start götürmüş müsabiqənin nəticələri tam da ürəkaçan olmayıb: “Belə ki, təqdim edilən yazılarda plagiatlığa yol verilmişdi. Həmçinin, Ulu öndər Heydər Əliyevin qadınlar haqqında çox saylı maraqlı fikirləri var. Elə onun Qadınların I Qurultayında xanımlara dediyi fikirlər hamı üçün bir proqramdır. Çox təəssüf ki, çoxları onun elə eyni fikrini yazılarında qeyd etmişdilər. Bu gün qadınlar haqqında araşdırma yazı hazırlamaq deyərkən, hər kəs eyni tipli bir xanımı baş obraz seçir. Belə ki, bu qadın ya tanınmış olmalı ya da hansısa tanınmış siyasətçi, iş qadını olmalıdır. Elə deyil. Bu gün rayonlarımızda, kənd yerlərimizdə elə nümunəvi qadınlarımız var. Hansı ki, onlar vətənə layiqli övladlar yetişdirirlər. Bunlardan da yazmaq lazımdır”.
“Kaspi” qəzetinin təsisçisi, “Kaspi” Təhsil Şirkətinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva bildirib ki, müsabiqədə gənc jurnalistlərin mövzuya münasibəti məlum olacaq: “Çünki, bu yaşda olan qadın jurnalistlər və həm də, kişilər də var. Qadınları ona görə, nəzərdə tuturam ki, onlar bilavasitə bu problemlərə hansı səpkidən yanaşacaqlar. Rayonlarda olan xanımların məsələləri bir problem olaraq qalır. Belə ki, bu gün televiziyalarda şou proqramlarına üz tutaraq, əlacsızlıq ucbatından orada ağlayan, sızlayan, bəzən də Bakı eşqi ilə durub gəlib ailəsini də biabır edən qadınlar var. O qadınlar ki, var, onlar rayondan gəlirlər və bu məni çox ağrıdır. Həddən artıq çox ağrıdır ki, sanki Bakıda ev, mal, pul paylanırmış və rayondakıların isə heç nəyi yoxmuş”.
S.Vəliyeva qeyd edib ki, bu cür qadınlar hesab edirlər ki, Bakıda televiziyada yayımlanan bəzi proqramlara çıxan kimi həmin o dəyərlərlə təmin olunacaqlar: “Bu məsələnin kökündə, mən düşünürəm ki, mənəvi kasadlıq dayanır. Onlara diqqətlə fikir versəniz heç yaşları da çox deyil, 30-dək ola-olmaya... Mən jurnalistlərə müraciət edirəm ki, həmin mənəvi kasadlığı, mənəvi kasıblığı göstərəcəkləri yazılar və onların həlli yollarını qoyacaq yazılarla müsabiqəyə qatılsınlar. Qoyulacaq mövzular televiziyalardakı kimi, şou xarakteri daşımasın. Mən həm də, Milli Televiziya və Radio Şurasının üzvü kimi müraciət edirəm. Çünki, biz orada olan şou proqramların təhlilindən bezmişik. Əksinə, qoyulacaq məsələlər bizim ailələrimizin inkişafına, cəmiyyətdə baş verən müəyyən naqisliklərin düzəlməsi məsələsi qalır bir kənarda”.
S.Vəliyeva vurğulayıb ki, əvəzində isə bunların reytinq qazanması ön plana keçir: “Dediklərinə də inanmayın, mən bilirəm ki, deyirlər biz onlara kömək etdik və s. bu yalan söhbətlərdir. Çoxunun evi yıxılır. Dünən biri də, çıxmışdı televiziyaya. Sabah o gəlini evə alacaqlarmı? Yəni, o evin sirrini açmaq nöqteyi-nəzərindən bunu deyirəm mən. İstərdim ki, qoyacağımız mövzularda qadınlarımız öz müdrikliyini ortaya qoysun, həmçinin biz cəmiyyətə qadın mərdliyini çatdıra bilək. Eyni zamanda, ailənin ağırlığını çiynində aparmaq barəsində tövsiyələri verə bilək. Bəyəm elə hamının evində hər şey əla gedir? Bütün ailələrdə münasibətlər əladır? Əlbəttə ki, yox. Mən həmişə qızlara deyirəm ki, baxın, ailə quracağınız oğlan sizi 20-25 faiz o oğlan səni qane edirsə, sən onunla ailə qur. Bir az da özün fədakar ol və çalış ki, hər şeyi onun xarakterində əl-ələ verib formalaşdıra biləsiniz. Mən ailədə həm də bu fədakarlığı nəzərdə tuturam. Bu bizim milli məfkurəmizin qorunması ilə birlikdə, millətin tarixi inkişafda dayanıqlığını təmin edə bilər”.
Millət vəkili Qənirə Paşayeva isə deyib ki, sabahın sağlam ailəsi bu günün ali təhsilli, savadlı xanımlarından keçir: “Belə ki, bu gün biz çox təəssüf ki, erkən nikahlara rast gəlirik. Qızlarımız təhsil almaqdansa erkən nikaha əl atırlar. Mən demirəm ki, təhsili olmayan xanım yaxşı ailə başçısı ola bilməz. Elə götürək, kənd yerlərimizdə nə qədər sanballı xanımlarımız var, nə qədər savadlı müəllimələrimiz var. Əlbəttə ki, jurnalistlər yazıları təqdim edərkən heç də həmişə baş qəhrəman kimi, yüksək rütbəli bir xanımı seçməməlidirlər. Çünki bölgələrimizdə elə qadınlar var ki, onlar bizdən də çox işlər görüb. Onlar bütöv ailəni formalaşdırıb, övlad tərbiyə edir. Reallıq ondan ibarətdir ki, bir müddət də bu missiya qadın yazarlarımızın üzərində olacaq. Təəssüf ki, bu gün şou tipli mövzulara üstünlük verilir. Lakin ümid edirəm ki, bir dönəmdə olan aydınlarımız kimi, bu mübarizədə də biz geri çəkilməyəcəyik”.
Daha sonra tədbir müzakirələrlə sona çatıb.