Bu millətin sizə ehtiyacı var, Elza Seyidcahan!

Bu millətin sizə ehtiyacı var, Elza Seyidcahan!
Bütün Xəbərlər
01:15 08.02.2015
27305

Əfsələddin Ağalarov

Sizi təbrik edirəm, Elza xanım!

Nə yalan deyim, xəbəri eşidəndə heç də atlanıb-düşmədim. Düzünü desəm, heç eynimə də olmadı aldığınız mükafat. Sadəcə gülümsədim. Təbəssüm qondu yanaqlarıma. Məni tanıyanlar bilir. Elə də çox gülən adam deyiləm. Amma bu dəfə bir xeyli güldüm.

Çünki təəccüblənmədim. Bilirsiz niyə? Ona görə ki, insan gözlədiyi bir hadisənin baş verdiyini eşidəndə özünü nə qədər məcbur etsə də, ilk dəfəki kimi təəccüblənə bilmir. Axı bu mükafat gözlənilən idi. Bu cəmiyyətdə şarlatanların, cin çıxardanların aldıqları “ilin filankəsləri” makafatlarından sonra Elza Seyidcahanın “ilin şairəsi” mükafatına layiq görülməsi niyə təəccüb doğurmalıdır ki?

Yox, yox, qətiyyən düşünməyin ki, gülüş obyektinə çevrilmisiniz. Sizin şeirlərinizə hörmət etmək lazımdır. Axı sizin kimi əyləndirən adamların əlinə qələm götürüb düşündürən adam obrazına girməsi heç də kütləviləşməyib. Bir düşünün, sizdən öncə hansı müğənni insanları düşündümək istəyib? Axı kim yağlı yerlərini insanların ehtirasını alovlandıran vasitə kimi istifadə etməyi tərgidib, sizin kimi aydın yola baş qoyub. Şəxsən mən xatırlamıram. Məncə, bu günə qədər bunu edən sizsiniz. Öncə verdiyiniz konsertlərlə heyvanları bir xeyli düşündürdünüz, sonra yazdığınız şeirlərlə insanları. Lap Cor Oruel kimi. “Heyvanıstan”la başladınız, “insanıstan”la davam etdiniz.

Bir də ki, burada nə var axı? Biz jurnalistlər nə vaxta kimi TV-lərdə qeyrətli insanlara qeyrət dərsi keçən o bir gecəsi 50-100 manat arası dəyişən (danışıq yolu ilə) fahişələrdən yazacağıq. Nə vaxta kimi şarlatanların mediya təmsilçiləri olacağıq. “İlin qabyuyanı”, “İlin sabun hazırlayanı”, “ilin malyarı”, “ilin torbatikəni” mükafatlarını azmı görmüşük ki, sizin bu mükafatınıza dırnaqarası yanaşaq.

Doğrusu, bu insanları heç anlamıram. Sizə qarşı olan bu qərəzi, bu qısqanclığı, bu gözügötürməməzliyi başa düşmürəm ki, düşmürəm. Axı niyə sizin kimi zil səsli bir sənətkarın aldığı bu “mötəbər” mükafat bu insanların gözünə bu qədər girir? Mən ki bilirəm, sizi sevənlər nə qədərdir. Mən onu da bilirəm ki, sizi söyənlər sizi görən kimi başınızın üstündə üzərlik yandırıb ağırlığınızın, qadanızın onlara keçməsini diləyirlər. Azmı görmüşük o sizi tənqid edənlərin toylarda bəy-gəlini unudub sizinlə “selfie” çəkdirdiklərini? Azmı görmüşük sizin şərəfinizə dünyaya gələn tək qız övladına Elza adı qoyan qardaşlarımızı? Azmı görmüşük oxuduğunuz mahnıların fonunda sizə yaxşı görünmək üçün qabağınızda qarınlarını sallaya-sallaya “sənətkardı e, sənətkar” deyən o ağsaqqalları? Axı mən bilirəm ki, sizi tənqid edənlər arasında övladının toyunda oxumaq üçün bankdan kredit götürüb sonra sizə min yalvar-yaxar edənlər də var?

Elza xanım, yəqin, mənimlə razılaşarsınız ki, rəhmətlik Vaqif Səmədoğludan çox bu cəmiyyət sizi tanıyır. Niyə də onların şairəsi siz olmayasınız? Məncə Vaqif Səmədoğlu kimi bir dahi adam da bu reallığı bilirdi. Bəlkə də, onun ağrıları ömrünün son illərində zəhrimar xəstəlikdən daha çox bu reallığa görə idi. Allah ona qəni qəni rəhmət eləsin. İndi estafet sizin əlinizdədir.

Əşşi boş verin bu qeybətcil, qısqanc insanları. Gəlin sizə bir şad xəbər də mən verim. Bu gün radioada bilirsiz nə eşitdim? Bilirəm ki, sevinəcəksiniz. Gözümüz aydın, Röya da artıq yeni televiziya verilişinə başlayır. Sevindiniz elə deyilmi? Bilirəm ki, sevindiniz. Yəqin ictimai müzakirələr də olacaq bu verilişdə. Ailədən, fəlsəfədən, şeirdən, yaradıcılıqdan, kitabdan, mediyadan danışacaqlar orada da.

Çox sevinirəm, Elza xanım. Ona görə ki, bu xalqın, bu qəhrəman millətin sizin kimi şeir deyəni, Nadir kimi fəsləfə doktoru, Röya kimi televiziya aparıcısı, bir sözlə sizlər kimi düşündürən beyinləri var.

Axı niyə də sevinməyəsən? Biz ki, sizi və digərlərini Vaqif Səmədoğludan daha çox sevirik.

OXŞAR XƏBƏRLƏR