“Bu problem də Türkiyə və Azərbaycanın ortaq problemidir” - MÜSAHİBƏ

“Bu problem də Türkiyə və Azərbaycanın ortaq problemidir” - MÜSAHİBƏ
Bütün Xəbərlər
11:19 17.01.2012
1057

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Necdət Ünüvar: “Azərbaycandan Fransanın Minsk Qrupundan çıxması üçün birgə hərəkət etməmizi istəyəcəyik”

Yanvarın 23-də Fransa Senatı saxta erməni soyqırımı iddialarına dair istər tarixi baxımdan, istərsə də söz azadlığı baxımından yanlış olan bir qərarın altına imza atmağa hazırlaşır. Türkiyə bu səhv qərara mane olmaq üçün səy göstərir, eyni zamanda müttəfiq, dost ölkələrin də reakisyalarını yaxından izləyir.

Bu məqsədlə sabah Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu heyəti Bakıya gedir. AZXEBER.COM-un məlumatına görə, heyətə sədrlik edən dostluq qrupunun həmsədri, Ədalət və İnkişaf Partiyasının Adana millətvəkili Necdət Ünüvar səfərdən əvvəl TRT-yə açıqlama verdi.

- Bakıya hansı mesajlarla gedirsiniz və Azərbaycandan gözləntiləriniz nədir?

- Keçən ay Fransa Milli Assambleyasında səsverməsində 55 üzvün iştirak etdiyi və yalnız 44 nəfərin müsbət səs verdiyi bir qərar qəbul olundu. İndi də o qərar Fransa Senatında müzakirəyə çıxarılır. 577 üzvü olan parlamentin yalnız 44 üzvünün səsini alan bir qərarla “erməni soyqırımı yoxdur” ifadəsini cinayət sayan bir hökm çıxarıblar. Bir həftə içində bu qərar Fransa Senatında səsverməyə çıxarılacaq. Mən əvvəlcə bunu ifadə etmək istəyirəm: Fransa kimi köklü ənənələri olan bir ölkənin Senatının bu qərarı qəbul etməyəcəyinə ümid edirəm. Çünki Fransa BMT-nin 5 daimiz üzvündən biridir, köklü bir demokratiya ənənəsi var, amma Sarkozi bir az da seçki qayğısı ilə israrla bu qərarı Senata daşıdı. Ümid edirəm ki, Fransa Senatı məntiqli qərar verəcək.

Biz Türkiyə olaraq əlimizdən gələn bütün imkanlardan istifadə edirik. Türkiyə bu məsələyə çox ciddi əhəmiyyət verir və fərqli cəhətləri ilə dəyərləndirir. İstər prezidentimiz, istər baş nazirimiz, istər xarici işlər nazirimiz və parlament sədrimiz - bütün Türkiyə dövləti bu məsələ ilə məşğuldur. Ümid edirəm ki, nəticə alarıq.

Mən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri olaraq Azərbaycana ilk dəfə gedəcəyəm. Azərbaycanın son vəziyyətini görəcəyik. Türkiyənin Azərbaycanla dostluğu tarixi köklərə dayanır. Dostluq demək də bir az zəif görünür, qardaşlıq demək lazımdır. Çünki qardaşlıq dostluqdan daha üstün bir anlayışdır. Türkiyə və Azərbaycan istər Atatürk, istərsə də Heydər Əliyevin ifadələrində olduğu kimi, iki dövlət bir millətdir. Azərbaycanın hər hansı problemi Türkiyənin də problemidir. Bu problem də Türkiyə və Azərbaycanın ortaq problemidir. Çünki hər iki ölkənin erməni məsələsindəki siyasəti ortaqdır. Türkiyə ilə Azərbaycan arasındakı münasibət yalnız neft, qaz xəttləri ilə deyil, tam bir dostluq, qardaşlıq körpüsü ilə formalaşıb.

Biz dostluq qrupunun 4 üzvü olaraq Azərbaycan dövlətinin müxtəlif vəzifəli rəsmiləri ilə görüşəcəyik. Məclisdə görüşlərimiz olacaq, mətbuatla, qeyri-hökumət təşkilatları ilə görüşlərimiz olacaq. Məramımızdan bəhs edəcəyik.

- Kimlərlə görüşləriniz planlanır?

- Hazırda səfirimiz proqramı hazırlayır. Hazırda konkret adlar çəkə bilməyəcəyəm, amma ən yüksək səviyyədə görüşlərimizin olacağını düşünürəm.

- Hansı mesajla gedirsiniz Bakıya? Azərbaycandan nə istəyəcəksiniz?

- Biz bir mesajla gedirik: bu, bizim ortaq problemimizdir. Baxın, Türkiyənin problemi Azərbaycanın problemidir. Azərbaycanın problemi də Türkiyənin problemidir. Keçmişə nəzər saldığımız zaman, 1918-ci ildə Anadolu torpaqlarında Osmanlı İmperatorluğu vardı və yıxılmaq üzrəydi. Azərbaycan problem yaşadığı zaman Osmanlı hökuməti tam 8 min xüsusi təlimli əsgərdən ibarət ordusunu Nuru Paşa komandanlığında Bakıya göndərməkdən imtina etmədi. Yəni qardaşının köməyinə getməkdən boyun qaçırmadı. Daha sonra Türkiyə Cümhuriyyəti qurulub. Qazi Mustafa Kamal Atatürk Nərimanova məktub yazaraq yardım tələb edib. Azərbaycan hökuməti də neft, qızıl və pul şəklində sərhədsiz dəstək verib. Biz bunu borc olaraq istədiyimizi bildirdiyimiz zaman isə “Qardaşın qardaşa borcu olmaz” deyə məktub yazıb. Ən son, ən yaxın nümunə Van zəlzələsi oldu. Vandakı zəlzələdən sonra Türkiyəyə gələn ilk xarici heyət Azərbaycanın oldu. Gəlib orada Türkiyə rəsmiləri kimi çalışdılar və “Biz buraya gələrkən Türkiyədən izin alma ehtiyacı hiss etmədik. Qardaş qardaşın yardımına hər hansı tələb olmadan gələr” dedilər. İndi biz də bunlardan danışacağıq. Bu məsələ də bizim ortaq problemimizdir. Fransa üzərində Azərbaycanın mütləq çəkisi var. Çünki Azərbaycan hazırda BMT Təhlükəsizlik Şurasımım müvəqqəti üzvüdür. Bundan da istifadə edərək Fransa üzərində təsirindən istifadə etməsini, Fransanın da adına yaraşmayan layihənin Senatdan keçməməsi üçün Azərbaycanın dəstəyini istəyəcəyik. Zənn edilməsin ki, Fransada bu layihə qəbul olunarsa, fransızlar da bundan çox xoşbəxt olacaqlar.

- Yəni yalnız türklər cəzalandırılmayacaq. Fransada bunu yazan tarixçilər, elm adamları, jurnalistlər üçün də bu bir təhlükədir...

- Doğrudur. Deyək ki, mən getdim, orada bu ifadəni işlətdim. Məni dərhal həbsəmi atacaqlar? Bu, Fransa üçün də problem yaradacaq bir durumdur. Azərbaycanın da Fransa üzərində bu baxımdan təsirindən istifadə etməsini istəyəcəyik. Həm dost və qardaş ölkə olaraq, həm BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olaraq. Hörmətli İlham Əliyev 25 oktyabrda İzmirdə təməlqoyma mərasimindəki çıxışında demişdi ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olması Türkiyənin də o kürsüdə olması deməkdir, çünki Türkiyə müvəqqəti üzv olarkən biz özümüzü o kürsüdə hiss edirdik. Yəni bizim problemlərimiz ortaqdır. Ayrı problemimiz yoxdur. Siyasətçilərin vəzifəsi tarix yazmaq deyil. Tarixi tarixçilər araşdırar və yazar. Mən bir məsələni qeyd etmək istəyirəm. Məsələn, 20 yanvar Azərbaycan üçün çox önəmli bir tarixdir. 1990-cı ildə rus ordusu Bakıya gəldi və 150 qardaşımızı qətlə yetirdi, yanılmıramsa, 900 civarında qardaşımız da yaralandı. O zaman da Fransa BMT daimiz üzvüydü. Niyə səsini çıxarmadı? Xocalı qətliamına niyə səsini çıxarmadı? Bu gün Azərbaycan torpaqlarının 20 faizi erməni işğalı altındadır. Və Fransa ATƏT Minsk Qrupunun üzvüdür. Əslində Fransa bu qərarı qəbul etdiyi üçün Minsk Qrupundan çıxmalıdır. Vasitəçilikdə tərəflilik olmaz. Tərəf olduğunuz zaman normal vasitəçilik edə bilməzsiniz. Qardaşlarımızla bu məsələləri müzakirə edəcəyik.

- Prezident Abdulla Gül Fransa Milli Assambleyasının qərarından dərhal sonra bu məsələni gündəliyə gətirdi və Fransanın Minsk Qrupundan çəkilməli olduğunu söylədi. Daha sonra Xarici İşlər Nazirliyinin ATƏT nəzdində belə bir təşəbbüs başlatdığı bildirildi. Azərbaycandan “Fransanın Minsk Qrupundan çıxması üçün təşəbbüs göstərək” deyə konkret bir istəyiniz olacaqmı?

- Təbii ki. Bu haqda xarici işlər nazirimizin də açıqlamaları var. Biz bunu dilə gətirəcəyik. Azərbaycandan sevindirici xəbərlər də gəlir. Milli Məclis adından Fransaya etiraz məktubu göndərildi, Fransanın daha həssas və daha məntiqli davranması istəndi. Parlamentarların da açıqlamaları var. Bu etirazın, bu reaksiyaların dozası artarsa, ümid edirəm ki, Fransa da məntiqli qərarı verəcək. Azərbaycandan bunu gözləyirik. Azərbaycanla aramızda milyardlarla dollarlıq anlaşmalar var, amma dostluq və qardaşlığın dəyəri heç bir anlaşmadan daha az deyil. Dostlar, qardaşlar çətin günlərdə bir arada olmalıdır. Qardaşlıq çətin günlərdə bir arada olmaqdır. Bu qənaətimizi Azərbaycan tərəfinin də bölüşəcəyinə inanırıq, bu məsələdə ən kiçik tərəddüdümüz yoxdur. Dostluq və qardaşlıq da bunu tələb edir.

- Görüşləriniz rəsmi dairələri əhatə edəcək, yoxsa ictimaiyyətlə təmaslar qurmağı da planlaşdırırsınız?

- İki gün boyunca görüşlərimiz davam edəcək. Azərbaycanda mətbuatla, ictimaiyyətlə də görüşlərimiz haqda məlumatları, düşüncələrimizi bölüşəcəyik.

OXŞAR XƏBƏRLƏR