"Bu, qadınların daha kütləvi şəkildə hərbi xidmətə cəlb edilməsi üçündür" - Hərbi ekspert

"Bu, qadınların daha kütləvi şəkildə hərbi xidmətə cəlb edilməsi üçündür" - Hərbi ekspert
SOSİAL
14:14 17.03.2026
139
Xəbər verdiyimiz kimi, Milli Məclis qadın hərbçilər üçün müddətdən artıq həqiqi hərbi xidmət (MAXE) müddətinin 3 ildən 6 ayadək azaldılmasını son oxunuşda qəbul edib.

Bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Hərbi-ekspert Ədalət Verdiyev AZXEBER.COM-a açıqlamasında deyib ki, bu, qadınların daha kütləvi şəkildə hərbi xidmətə cəlb edilməsi məqsədilə atılan addımdır:

"Bu, qadınların daha kütləvi şəkildə hərbi xidmətə cəlb edilməsi məqsədilə atılan addımlardan biridir. Digər tərəfdən, ilkin müqavilənin 3 il müddətinə nəzərdə tutulması qadın hərbi qulluqçuların, xüsusilə ailə vəziyyəti ilə bağlı səbəblərdən, xidmətə uyğunlaşması baxımından optimal hesab olunmurdu. Üç il kifayət qədər uzun müddətdir.

İlkin müqavilənin 6 ay müddətinə bağlanması isə qadın hərbi qulluqçuların hərbi xidmətin spesifikası ilə yaxından tanış olması və gələcəkdə xidməti davam etdirib-etdirməmələri barədə qərar verməsi üçün daha məqbul müddət sayılır”.

Ekspert qeyd edib ki, kişilər hərbi xidmətin qaydalarını əsgərlikdə öyrənirlər:

"MAXE kateqoriyasına aid kişi hərbi qulluqçular üçün isə belə bir problem aktual deyil. Çünki onlar vəzifələrindən asılı olmayaraq 1 il və ya 1 il yarım müddətində həqiqi hərbi xidmət keçirlər və bu müddət ərzində xidmətin bütün aspektlərini öyrənirlər”.

Ə.Verdiyev vurğulayıb ki, qadınlar növbəti mərhədə yenidən 3 illik müqavilə imzalayacaqlar:

"Qanun hərbi xidmətin təşkilində səmərəliliyin artırılması məqsədilə hazırlanıb və qəbul edilib. Bu, müsbət addım kimi qiymətləndirilə bilər. Qadın hərbi qulluqçular 6 aylıq müddətdən sonra xidmətdə qalmaq istədikləri təqdirdə yenidən müqavilə bağlaya biləcəklər və bu müqavilə artıq 3 il müddətinə nəzərdə tutulacaq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR