"7 şəhid vermiş Göygöl rayonunun Hacıməlik qəsəbəsinin yolları pis vəziyyətdədir. Bu qəsəbənin yolu belə olmamalıdır”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Göygöl rayon sakinləri bildirib.
Sakinlərin sözlərinə görə, Göygöl rayonunun Hacıməlik qəsəbəsinin yolları pis vəziyyətdədir:
"7-8 km davam edən yol çox pis vəziyyətdədir. Övladımızı məktəbə göndərə bilmirik. Yolların bərbad vəziyyətdə olmasına görə, qəsəbəarası işləyən nəqliyyat vasitələri vaxtında çata bilmir. 20 dəqiqəlik yolu avtobuslar 40 dəqiqəyə gedirlər. Bunun başqa səbəbi də avtobusların gec-gec xəttə buraxılmasıdır. Aidiyyati qurumlara illərdir şikayətimizi bildirsək belə, hər dəfə düzələcəyini deyib heç bir tədbir görmürlər. 7 Şəhid vermiş qəsəbənin yolu belə olmamalıdır. Magistral yolun ətrafındaki zibillərə görə rahat hərəkət də edə bilmirik. Başqa rayonlardan gələnlər də öz zibillərini bura töküb gedirlər. Seçki qabağı səs toplamaq üçün yolların düzəldilməsi ilə bağlı deputatlar vəd versə belə, heç birinə əməl olunmur. Tək problem yol ilə də bitmir. Əsas yolda işıqforlar quraşdırılsa belə, işləmədikləri üçün tez-tez qəzalar baş verir. Kameralar təkcə kəndin başlanğıcında var. 7 şəhidin adına salınmış bulaq isə simvolik olaraq yaradılıb. Bulaqdan su gəlmir. Biz isə sakinlər olaraq öz aramızda suyun gəlməsini təmin etmək üçün vəsait toplayırıq”.
AZXEBER.COM mövzu ilə bağlı Göygöl rayon Hacıməlik qəsəbəsi İcra nümayəndəsi Məmmədov Səbuhi ilə əlaqə saxlayıb. O, açıqlamasında bunları deyib:
"Qeyd olunan yol magistral yol deyil. Bizim qəsəbəmiz ipək yolunun üstündə yerləşir. Dediyiniz yol bizi Gəncə ilə birləşdirən qısa yoldur. Həmin yol ilə Gəncəyə gedirlər. O yol hardasa 4 km-lik yoldur. O yolun 1,5 km-i Göygöl ərazisinə düşür. Qalanı isə Gəncə ərazisinə düşür. Həmin yol isə "Azəravtoyol”un balansında olmadığına görə təmir olunmur. Kənd camaatı dəfələrlə şikayət ediblər. Mövzudan xəbərdarıq.
Bizim isə həmin yolu çəkmək üçün kifayət qədər vəsaitimiz yoxdur. Məsələ ilə bağlı İcra Hakimiyyətinə də məlumat verilib. Bu yol "Azəravtoyol”un balansında olsa idi, onlar təmir edə bilərdilər. Bunun üçün ümumiyyətlə vəsait ayrılmayıb. Yerli sakinlər tərəfindən şifahi müraciətlər daxil olub və biz maliyyəmizin olmadığını bildirmişik. Sakinlər bizə yox, "Azəravtoyol”a müraciətlərini bildirsinlər. Yolun ətrafına tökülən zibillərə qalanda isə həmin əraziyə Gəncə şəhər MKTİB baxır. Çünki zibillənən ərazi yolun Gəncəyə aid olan hissəsinə düşür”.
Mövzu ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətindən verilən açıqlamaya görə Hacıməlik qəsəbəsindən Gəncə şəhərinə gediş-gəliş yolu Bakı-Qazax magistral avtomobil yolu ilə həyata keçirilir. Qeyd olunan yol isə heç bir təşkilatın balansında deyil:
"Hacıməlik qəsəbəsindən Gəncə şəhərinə getmək üçün istifadə edilən yola asfalt örtük salınmasına və içməli su probleminin həll edilməsinə köməklik göstərilməsi barədə dərc olunmuş xəbərlə bağlı bildiririk ki, Hacıməlik qəsəbəsindən Gəncə şəhərinə gediş-gəliş yolu Bakı-Qazax magistral avtomobil yolu ilə həyata keçirilir. Saytda qeyd olunan yol isə heç bir təşkilatın balansında deyildir və Hacıməlik qəsəbəsində torpaq islahatı aparılan zaman vətəndaşların mülkiyyətinə verilmiş pay torpaqlarına getmək üçün nəzərdə tutulmuşdur.
Hacıməlik qəsəbəsinin su problemi ilə əlaqədar bildiririk ki, qəsəbə Gəncə-Göygöl magistral su xəttindən hər gün fasiləsiz verilməklə içməli su ilə təmin olunurlar. Yaşayış məntəqəsində mərkəzləşmiş şəbəkə olmadığına görə müvafiq sayda hər fərdi evlərin arasında quraşdırılmış bulaqlar vardır ki, qəsəbə sakinləri həmin bulaqlar vasitəsi ilə içməli sudan istifadə edirlər. Onuda bildiririk ki, "Regionların Sosial İqtisadi İnkişaf Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən qəsəbədə içməli su şəbəkəsinin qurulması layihəsi təsdiq olunaraq 2024-cü ildə icrasına başlanması nəzərdə tutulmuşdur.
Sakinlərin hadisə yerindən çəkdiyi videonu təqdim edirik:
Oksana Orucova