‘Bu sənətlə, sevdiyin xanıma bir cüt corab da ala bilməzsən’ - MÜSAHİBƏ

‘Bu sənətlə, sevdiyin xanıma bir cüt corab da ala bilməzsən’ - MÜSAHİBƏ
KÖŞƏ
00:30 21.04.2012
3210

AZXEBER.COM portalı yeni işıq üzü görmüş “Uçmağın ətri” kitabının müəllifi, gənc yazıçı Elçin Aslangilin müsahibəsini təqdim edir...

-Elçin, ilk olaraq bu yaxınlarda işıq üzü görən “Uçmağın ətri” kitabına görə səni təbrik edirəm.

Təşəkkürlər.

-Özünü bir neçə cümlə ilə oxucularımıza təqdim et.

Özüm haqda danışmaq mənə həmişə çətin olub... Şeir, hekaye, esse yazarı, aktyor, qiraətçi Elçin. Bir az uzun oldu deyəsən (gülür).

-Elçin neçə ildir ki, yazıb-yaratmaqla məşğulsan?

İlk şeirimi 1994-cü ildə yazmışam və sonra yandırmışam. Heç kəs tapıb oxumasın deyə. Əslində tam ciddi olaraq 1998-ci ildən başladım yazmağa. İlk dəfə ciddi şəkildə qələmə aldığım şeirim sevgi haqqında olub.

-Bəs səndə bu həvəs nə zamandan meydana gəlməyə başladı?

Məndə bu həvəs babamın gözəl şeir qiraət etməsindən və arada bir şeir yazmasından başladı.Təxminən 14 yaşım olardı onda.

-Bəzən heç fikirləşirsənmi ki, başqa bir peşəni seçsəydin daha çox pul və uğur əldə edərdin?

Hə, bu haqda çox düşünmüşəm... Əslində belə düşünməyə səbəblərim olub... Bu sənətlə, sevdiyin xanıma bir cüt corab da ala bilməzsən. Başqa sənətin sahibi olsaydım əlbətdə uğur əldə edərdim, yaxşı da pul qazanardım. Amma belə edə bilmərəm. Məncə, Allah kimlərisə özü üçün, kimlərisə də çevrəsi, xalqı və ya dünya üçün yaradır. Hərənin öz missiyası var.

-Səncə bir yazar üçün sevgi nədir?

Bir yazar üçün sevgi ömürcə, ölüncə sevməkdir. Yazarlar sevgisiz yaşaya bilməz. Biz hər şeyi sevirik, mənfini də, müsbəti də. O qədər sevirik ki, dil-dodağımız quruyana qədər. Sonra bir qurtum şeir içib sərinlənirik, sakitləşirik. Mənfi də biz oluruq, müsbətdə. Susuzluqdan yananda biz oluruq, yandıranda.

-Elçin Aslangil öz yaradıcılığının hansı vaxtındadır?

Hələ inkişafdayam.. Bunu oxucular və həmkarlarım daha yaxşı bilər.

-Həyatında elə bir insan olubmu ki, nə vaxtsa sənin yaradıcılığının əlehinə çıxıb.

Olub. Elə indi də var. Bu məni qətiyyən əsəbləşdirmir, ruhdan salmır. Məni tərifləyən, məni məhv edə bilər. Mən acılananda, kimlərinsə yazdıqlarımın əleyhinə çıxdığını görəndə, daha da inadkar oluram. Və özümü sübut etməyincə, rahat olmuram.

-İncəsənət universitetini bitirdiyini söylədin. Aktyor kimi hansı uğurlar əldə etmisən?

Aktyor kimi ən böyük uğurum, teatr festivalı layihəsində ən yaxşı aktyor nominasiyasına sahib olmağım olub. Bundan əlavə, aktyorluğun bir qolu olan, bədii qiraətimlə də 2010-cu ildə uğur qazanmışam.

-Biz səni ən son “Mühakimə” tamaşası ilə “Ən yaxşı kişi aktyor” nominasiyasının qalibi kimi tanıdıq. Bu uğur sənin həyatında nələri dəyişdi?

Hə, böyük uğur gətirdi. Ən böyük uğurum, yeni dostlar qazanmağım oldu. Festivalla bağlı təşkil olunan kamp vəorda keçirdiyim xoş günlər, hərdən-bir yuxuma da girir. Bu əla idi. Məni mühakimə edən çox olub... Həmişə özüm-özümü mühakimə etmişəm. Sonra elə bir vaxt oldu ki, Allah məni yaxşıca mühakimə etdi...

-Azərbaycan ədəbiyyatında bu gün yeni yazarlardan kimi həqiqi yazar kimi görürsən?

Həqiqi yazar kimi gördüklərim çox azdır, adlarını çəkmək istəmirəm. Əgər, istedadlı yazarlar haqda danışası olsam, bu başqa məsələ. Heç mən özümü də, həqiqi yazar adlandırmazdım. Mənim həqiqi yazar adlandırdıqlarım, Azərbaycanın sərhədlərindən kənarda tanınanlar, sevilənlər, oxunanlardır. İstedadlı gənc yazarlarımız çoxdur. Elə təhsil aldığım BSU-nun yaradıcılıq fakültəsinin bir çox tələbələri, üzvü olduğum “Çölçülər” ədəbiyyatı mərkəzinin üzvləri və başqaları. Qələminə hörmətlə yanaşdığım, yazılarını oxuduğum gənc həmkarlarımdan Günay Ümidin, Aqşin Evrənin, Şahlar Ruhinin, Günel Şamilqızının, Aytən Nəsibbəylinin, Nuranə Nurun, Namiq Rəssamın və üzürlü hesab etsinlər digərlərinin də adlarını çəkmək olar.

-Səncə,hazırda çap edilən yeni ədəbiyyat nümunələri gələcəkdə Azərbaycan ədəbiyyatında iz buraxa biləcəkmi?

Hamısı da olmasa bəziləri iz buraxacaq. Bəzi nümunələr Allah eləməsin ki, gələcəyə gedib çıxsın (gülür). Mən istəmərəm ki, mənim övladlarım, həmin dırnaqarası nümunələri oxusunlar. Ədəbiyyat tərbiyə, əxlaq deməkdir. Sözün hökmü olan ədəbiyyatı biyabırçı şəkilə salmaq lazım deyil.

-Ən son hansı kitabı oxumusan?

Ən son kitab yox, bir çox alimlərin mifalogiyayla bağlı mühazirələrini oxumuşam.

-Bu gün ədəbi mühitdə parçalanma müşahidə olunur. Sən öz yaradıcılığınla hansı tərəfi daha çox özünə daha yaxın görürsən?

Hə parçalanma var. Belə parçalanmalar bütün dövürlərdə olub. Məncə, bu parçalanma da qazanan ədəbiyyatımızdır. Belə parçalanmaların nəticəsidir ki, pis-yaxşı rəngarəng yazılar meydana gəlir.Harda ki, söz var, harda ki, ədəbiyyat var mən ordayam.Bu bəziləri tərəfindən bəyənilən bir hal olmasa da, hər tərəf mənim dostumdu.

-Elçin, gənc yazar kimi Anarla bağlı fikirlərin necədir?

Mən Anarın hekəyələriylə böyümüşəm. Anar böyük sənətkardır. Onu tənqid edənlər, yəqin Azərbaycan ədəbiyyatına ən azı onun qədər " töhfə " verənlərdir.

-Təşəkkür edirik müsahibəyə görə.

Mən sizə səmimi söhbətə görə təşəkkür edirəm.

Əfsələddin AĞALAROV

OXŞAR XƏBƏRLƏR