"İmtahan zamanı kənar müdaxilə və ya qayda pozuntusu aşkar olunarsa, konkret hallar üzrə həmin şəxsin nəticələri ləğv edilir və o, həmin il keçirilən müsabiqələrdə iştirak etmir".
AZXEBER.COM xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Baku TV" televiziya kanalına birgə müsahibəsində bildirib:
"Yəni istər buraxılış, istərsə də qəbul imtahanı olsun, qayda pozuntusu təsdiqlənərsə, nəticə eyni olur - həmin şagird ali məktəbə və ya orta ixtisas təhsili müəssisələrinə qəbul prosesindən kənarda qalır. Eyni zamanda biz imtahan prosesində iştirak edən bütün personalı ilboyu nəzarətdə saxlayırıq və qiymətləndiririk. Nəzarətçinin işi imtahan rəhbəri tərəfindən, imtahan rəhbərinin işi isə ümumi rəhbərlik tərəfindən qiymətləndirilir. Bizə daxil olan bütün müraciətlər araşdırılır və nəticəyə uyğun olaraq zəruri qərarlar verilir. Bu hallarda həmin şəxslər imtahan prosesinin idarə olunmasından uzaqlaşdırılır və "qara siyahı”ya daxil edilirlər.
Bundan əlavə, araşdırmalar yalnız şikayətlər əsasında aparılmır. İmtahan nəticələri emal olunduqdan sonra da statistik təhlillər aparılır. Biz nəticələrin riyazi və statistik qanunauyğunluqlara uyğun olub-olmadığını yoxlayırıq. Bu təhlillər sayəsində köçürmə və digər qayda pozuntularının olub-olmadığı müəyyən edilir. Bəzən elə hallar olur ki, nəticə artıq elan edildikdən sonra belə, aparılan araşdırmalar əsasında həmin şəxsin müsabiqədən kənarlaşdırılması qərarı verilir. Çünki sonradan məlum olur ki, qayda pozuntusu və ya qeyri-qanuni müdaxilə baş verib. Həmin uşaqlar ali məktəbə qəbul olunmamaqla cəzalandırılır. Nəzarətçilər isə ümumiyyətlə işdən uzaqlaşdırılır, həmin işə görə əməkhaqqı almır və dediyim kimi, "qara siyahıya” salınır. Ümumilikdə bu mexanizm imtahanların təhlükəsizliyini təmin edir və nəticələrin obyektivliyini qorumağa xidmət edir. Həm şagirdlərin nəticələri qorunur, həm də imtahan prosesinə müdaxilə edən şəxslər müəyyən edilərək lazımi qaydada cəzalandırılır".











































