“Bu uşaqları zinadan doğulan bic adlandırmalıyıq” - Şeyx Əbdüldən sərt sözlər

“Bu uşaqları zinadan doğulan bic adlandırmalıyıq” - Şeyx Əbdüldən sərt sözlər
SOSİAL
10:43 09.10.2025
540
Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı diqqətçəkici həddə çatıb. Son 5 ildə Azərbaycanda 82 944 uşaq nikahdankənar doğulub. Rəqəmlər göstərir ki, nikahdankənar doğuşların sayı illər üzrə yüksək olaraq qalır.

Xalq artisti, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, kinorejissor, ssenarist və aktyor Şeyx Əbdül Mahmudbəyov AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu cür doğuşlara "bicdən əmələ gələn” deyir:

"Biz "nikahdankənar” sözünü elə bəzəmişik ki, indi hər kəs az qala qeyri-rəsmi nikahdan əkib-doğmaq istəyir. Ona görə də belə doğuşları zinadan və bicdən doğulan adlandırmalıyıq ki, hər kəsdə buna qarşı nifrət yaransın. Hətta el arasında "bicdən doğulan” deyə söyüşün mövcud olması da təsadüfi deyil. Azərbaycan xalqı müxtəlif zamanlarda zinakarlığa qarşı konkret və obyektiv mövqe ortaya qoyub”.

Xalq artisti deyib ki, digər tərəfdən isə bununla məşğul olan orqanlar var:

"Bu işlə əlaqəli aidiyyatı qurumlar mövcuddur. Lakin həmin qurumlar bu işə qarşı çox biganədirlər. Hazırda uşağı doğub küçəyə atmaq adi hala çevrilib. Çünki ictimai qınaq yoxdur. Canlı bir körpəni küçəyə atmaq insanlığa qarşı ən böyük cinayətdir və onlara ölüm hökmü oxunmalıdır. Qeyri-rəsmi nikahdan uşaq dünyaya gətirən adamlar dövlət tərəfindən amansızcasına cəzalandırılmalıdırlar”. 

Tanınmış sənətkar qeyd edib ki, sosial problemlərin də buna təsiri böyükdür:

"Psixoloji və əxlaqi cəhətdən hazır olmayan gənc nəsil var və onlar tez təsir altına düşürlər. Eyni zamanda, qeyri-rəsmi nikahdan dünyaya gələn uşaqlara səbəb həm də sosial problemlərdir. Sosial təminat normal səviyyədə olsa, insanlar normal ailə qurarlar”.

Şeyx Əbdül əlavə edib ki, aliment almaq üçün uşaq dünyaya gətirən insanlar var:

"Bəzi insanlar uşağı aliment davası etmək üçün dünyaya gətirirlər. Dünyaya gələn uşaqdan maddi təminat kimi istifadə edirlər. Problemin həlli üçün əxlaq polisi, əxlaq nəzarət cəmiyyəti yaradılmalı və bununla bağlı çox ciddi qanunlar qəbul olunmalıdır. Bu məsələ kompleks şəkildə həll olunmalıdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR