Gələn il Azərbaycanda 40-dan çox dövlət müəssisəsinin dövlət büdcəsinə təxminən 900 milyon manat dividend ödəməsi nəzərdə tutulur.
AZXEBER.COM xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sözlərinə görə, dövlət şirkətlərinin fəaliyyətinin təhlili nəticəsində ilk dəfə olaraq 40-dan çox müəssisədən büdcəyə dividend ödənişləri proqnozlaşdırılıb.
Dövlət müəssisələrindən dividend daxilolmalarının nəzərdə tutulması büdcə gəlirləri baxımından diqqət çəkən məqamlardan biridir. Bu vəsaitlərin hansı əhəmiyyət daşıdığı, dövlət şirkətlərinin gəlirliliyini necə əks etdirdiyi və gələcəkdə artım imkanlarının olub-olmadığı maraq doğurur.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, dövlət müəssisələrindən dividend daxilolmalarının proqnozlaşdırılması büdcə üçün yeni göstəricidir:
"Birincisi, 40-dan çox müəssisədən büdcəyə dividend ödənişlərinin nəzərdə tutulması yenilikdir. Əvvəllər bizim belə bir göstəricimiz olmayıb. Bu, Maliyyə Nazirliyinin hesabatında əksini tapıb.
Bu, əslində, nəyi üzə çıxarır? İlk növbədə onu göstərir ki, 40-dan çox müəssisə dövlətə müəyyən vəsait qaytarmaq mexanizmi formalaşdırır. Əgər bu müəssisələrə əvvəllər hər hansı yardım göstərilibsə, artıq həmin vəsaitlərin geri qaytarılması ilə yanaşı, büdcəyə mənfəət şəklində vəsait daxil olması da nəzərdə tutulur”.
İqtisadçının sözlərinə görə, dividend daxilolmalarının ümumi büdcə gəlirlərindəki payı böyük olmasa da, bu vəsaitlərin mənbəyi xüsusi əhəmiyyət daşıyır:
"Gələn ilin büdcəsi təxminən 39,2 milyard manat proqnozlaşdırılır. İndi təsəvvür edin ki, bu məbləğin müəyyən hissəsi dividend şəklində daxil olur. Bu, ümumi büdcə gəlirləri ilə müqayisədə kiçik göstəricidir. Amma burada əsas məsələ həmin vəsaitin məhz dividend şəklində daxil olmasıdır. Yəni bu gəlir vergi sistemindən və ya digər tədbirlərdən deyil, müəssisələrin mənfəətindən formalaşır.
Əslində, bu rəqəm daha çox olmalıdır. Hazırkı göstərici kifayət qədər minimaldır. Bununla belə, vətəndaş kimi Maliyyə Nazirliyinə təşəkkür etmək lazımdır. Aparılan monitorinqlər, təftişlər, araşdırmalar və nəzarət tədbirləri göstərir ki, vəsaitlərin təyinatı üzrə xərclənməsinə diqqət artırılır, qeyri-təyinatlı xərclərin qarşısının alınması istiqamətində işlər görülür. Bu proses mərhələli şəkildə nəticə verir, müəssisələrin gəlirliliyi müəyyənləşdirilir və həmin gəlirlər hesabına dövlət büdcəsinə vəsait daxil olur”.

İqtisadçı hesab edir ki, dövlət müəssisələrinin fəaliyyətinə nəzarətin gücləndirilməsi gələcəkdə dividend daxilolmalarının artmasına şərait yarada bilər:
"Hazırda proqnozlaşdırılan göstəricini müəyyən mənada nailiyyət kimi qiymətləndirmək olar. Hesab edirəm ki, bu proses davam edəcək və mərhələli şəkildə digər dövlət müəssisələri də gəlirlilik göstəriciləri ilə bağlı şəffaf hesabatlar təqdim edəcəklər. Nəticədə, gələcək illərdə dividend daxilolmalarının da artması mümkündür.
Bir daha qeyd edirəm ki, bu məsələ büdcə gəlirləri baxımından, xüsusilə də qeyri-vergi gəlirləri kateqoriyasına aid olduğu üçün kifayət qədər mühüm əhəmiyyət kəsb edir”.
Fəridə Əsədzadə











































