AZXEBER.COM xəbər verir ki, Fransa Konstitusiya Məhkəməsi 1915-ci il hadisələrinə dair erməni iddialarını rədd edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunla bağlı bir aydır davam edən araşdırmasını tamamlayıb. Məhkəmənin tarixi qərarını bu gün açıqlaması gözlənilir.
TRT-nin məhkəməyə yaxın mənbələrdən əldə etdiyi məlumata görə, Konstitusiya Məhkəməsi Türkiyənin sərt reaksiyasına səbəb olan qanun layihəsini rədd edəcək. Lakin bu mənbələrə görə, erməni diasporasının son günlərdə məhkəmə üzvlərinə təzyiqlərini nəzərə alaraq hər cür sürprizə də hazır olmaq lazımdır.
Mümkün ehtimallardan biri budur ki, Konstitusiya Məhkəməsi erməni iddialarını qəbul etməyənlərə bir il həbs və 45 min avro pul cəzası verilməsini nəzərdə tutan qanunu tamamilə rədd edə bilər. Başqa bir ehtimal isə məhkəmənin qanunu dəyişiklik üçün parlamentə geri göndərməsidir. Məhkəmə qanunu qismən rədd etmək haqda qərar qəbul edərsə, Fransa parlamenti martda seçkilər səbəbilə tətilə gedəcəyindən yeni qanun hazırlanması üçün seçkilərdən sonranı gözləmək lazım gələcək.
11 üzvdən ibarət Konstitusiya Məhkəməsinin iki üzvü daha əvvəl oxşar qanunlara qarşı mövqe bildirdikləri üçün prosesdə iştirak etməyəcəyini açıqlayıb.
Erməni diasporası isə 2006-cı ildə parlament sədriykən bənzər qanunun əleyhinə çıxan Konstitusiya Məhkəməsinin sədri Jan Luis Debrenin də tərəfli olduğunu və səsvermədə iştirak etməməli olduğunu bildirir. Debre isə bu təzyiqlərə reaksiya verməyib. Məhkəmə üzvlərindən Jak Şirak isə xəstə olduğu üçün məhkəmənin iclaslarında iştirak etmir.
Konstitusiya Məhkəməsi qanun layihəsini tamamilə rədd edərsə, gələcək illərdə oxşar qanunların qəbul edilməsinin qarşısı əhəmiyyətli dərəcədə alınacaq. Məhkəmənin inkar qanununa əsas təşkil edən 2001-ci ildəki "soyqırım" qanununu işin predmetinə daxil edib-etməməsi də mühümdür. Əgər işə daxil edilərsə və rədd qərarı çıxarsa, bu qanun da ləğv edilmiş olacaq.