«Vicdan məhbusularından yalnız Cabbar Savalanlının adı «Dünya azərbaycanlılarının həmrəyli günü» münasibətilə imzalanacaq əfv siyahısında var». Bunu AzadlıqRadiosuna Milli Məclisin insan hüquqları komitəsinin üzvü, deputat İqbal Ağazadə deyib. «Əfv komissiyasının üzvləri artıq siyahını müəyyənləşdirib prerzidentə təqdim ediblər. Mövcud siyahıda bildiyim qədər yalnız Cabbar Savalanlının adı var, başqa heç kim. Amma vicdan məhbuslarından başqalarının da adının bu siyahıya düşmək ehtimalı var. Çünki əfv barədə son qərarı prezident verir və siyahıya kimləri əlavə edib etməməyi də o müəyyənləşdirir». Mayın 4-də Sumqayıt şəhər Məhkəməsi Cabbar Savalanlını 2 il yarım müddətinə azadlıqdan məhrum edib. O qanunsuz narkotik maddə saxlamaqda ittiham olunub. Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onun həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir.