Aviabiletlərin qiyməti “AZAL-ın İdarə Heyətinin kollegiya iclasında müzakirə olunub.
Şirkətə istinadən xəbər veririk ki, Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin “Aviabiletlərin qiymətinin bəzi hallarda süni şəkildə qaldırılması” ilə bağlı verdiyi tapşırıqlar “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin 16 iyul 2015-ci ildə keçirilmiş kollegiya iclasında ciddi şəkildə müzakirə olunub. Dövlət Mülki Aviasiya Administrasiyası ilə birgə keçirilmiş iclasda İdarə Heyətinin sədri Cahangir Əsgərov bütün heyət üzvlərinə hər bir hava xəttinin tariflərinin dərindən təhlil edilməsini, aviabiletlərin qiymətinin aşağı salınması yollarının təyin edilməsini, güzəştlərin tətbiq edilmə şərtlərinin və tariflərin yeni tənzimləmə mexanizminin işlənib hazırlanmasını tapşırıb.
Azərbaycana xarici turist axınının cəlb edilməsinin vacibliyini vurğulayan Sədr bu istiqamətdə artıq işlərin başladığını və ən qısa zamanda “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən turizm marşrutlarında aşağı tarifli özəl uçuşların təşkil ediləcəyini bildirib. Bununla yanaşı, Cahangir Əsgərov mövcud hava xətlərində müəyyən sayda yerlərin aşağı tariflə satışı çıxarılmasına dair bəzi təkliflərin artıq hazır olduğunu və bu tariflərin yaxın günlərdə tətbiq ediləcəyini iclas üzvlərinin nəzərinə çatdırıb. Eyni zamanda diqqətə çatdırılıb ki, bütün bu tədbirlər uçuşların təhlükəsizliyinin yüksək səviyyədə qorunub saxlanılması və mövcud xidmət keyfiyyətinin davam etməsi şərti ilə həyata keçirilməlidir.
“Azərbaycan Hava Yolları” QSC-nin Prezidenti Cahangir Əsgərov məlumat verib ki, hazırda AZAL-ın və İqtisadi İnkişaf və Sənaye Nazirliyinin mütəxəssislərindən ibarət yaranmış birgə işçi qrupu da aviabiletlərin qiymətləri ilə bağlı öz təklif və tövsiyələrini hazırlayacaqdır. İdarə Heyətinin üzvləri qərara gəliblər ki, təhlillərin nəticəsi əsasında qiymətlərə yenidən baxılsın və onların optimallaşdırılması mexanizmi ilə bağlı təkliflər hazırlanaraq hökumətə təqdim edilsin.
Xatırladaq ki, artıq AZAL-ın bahalı biletləri ilə bağlı Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev də fikirlərini bildirmişdi. Ancaq bu çıxışın üstündən bir həftəyə yaxın vaxt keçməsinə baxmayaraq, AZAL rəhbərliyi hələ də qiymətlərin endirilməsi məsələsini müzakirə etdiklərini deyirlər.